Professor Qərib Mürşüdovun “Maşınöyrənmə üsullarının təbabətdə tətbiqi” mövzusunda seminarı keçirilib    
07.04.2022 14:16

Böyük Britaniyanın Molekulyar Biologiya İnstitutunun və AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası laboratoriyalarının rəhbəri, professor Qərib Mürşüdovun “Maşınöyrənmə üsullarının təbabətdə tətbiqi” mövzusunda onlayn seminarı keçirilib.

 

Seminarda AMEA-nın elmi tədqiqat institutlarının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin elmi tədqiqat və təhsil müəssisələrinin, eləcə də Azərbaycan Tibb Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşları iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova professor Qərib Mürşüdovun apardığı tədqiqatlar haqqında məlumat verib. O qeyd edib ki, Qərib Mürşüdovun rəhbərliyi ilə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda fəaliyyət göstərən Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasında dünya üçün prioritet sayılan problemlərin - kompüter biologiyası, maşınöyrənmə üsulları və süni intellektin tətbiqinə yönəlmiş kompleks tədqiqatlar aparılır. Müvafiq sahələrdə kadr hazırlığı üzrə də xeyli iş görülüb və görülür. 2021-ci ildə sözügedən laboratoriyanın böyük elmi işçisi Rəfiqə Məsməliyeva tərəfindən Azərbaycanda “Riyazi biologiya, bioinformatika” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün ilk dissertasiya müdafiəsi reallaşdırılıb.

 

Çıxışının sonunda akademik İradə Hüseynova sözü məruzə üçün Qərib Mürşüdova verib. Tanınmış alim maşınöyrənmə üsulları, bu üsulların bioloji tədqiqatlarda tətbiqi ilə bağlı bu günə qədər icra olunub və ya davam edən layihələr, bu layihələrdə iştirak etmiş yerli kadrlar, mövcud resurs və imkanlar, gələcək perspektivlər və s. haqqında geniş məlumat verib.

 

Qərib Mürşüdov maşınöyrənmə üsullarının biologiya, fizika və s. üzrə tədqiqatlarda tətbiqi ilə bağlı məlumat verib, bu üsulların təbabətdə istifadəsi üçün də böyük imkanların olduğuna diqqət çəkib. Q. Mürşüdov qeyd edib ki, sözügedən layihələr Azərbaycanda ən müasir üsullarla tədqiqatların aparılmasının mümkünlüyünü sübut edir. O, həmçinin müvafiq sahələrdə azərbaycanlı müəlliflər tərəfindən artıq bir neçə məqalənin nüfuzlu jurnallarda nəşr edildiyini, bir neçəsinin isə hazırlandığını bildirib.

 

Daha sonra Qərib Mürşüdov sözü Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin baş müəllimi texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılovaya verib. Nigar İsmayılovaya yüksək məhsuldar hesablamalar (HPC - High Performance Computing) və bu sahədə universitetin Kompyuter Mərkəzində yaradılmış imkan və resurslardan danışıb, onlardan istifadə edilməsi ilə bağlı təkliflər verib.

 

Seminarda Qərib Mürşüdov və Nigar İsmayılova iştirakçıların çoxsaylı suallarını cavablandırıblar. Seminarın mövzusu və edilən məruzələr ətrafında geniş müzakirələr aparılıb.

 

Yığıncağa yekun vuran akademik İradə Hüseynova Azərbaycanda müvafiq elm sahəsinin və bu sahədə kadr hazırlığının inkişafının çox vacib olduğuna təkrar diqqət çəkib, bu istiqamətdə çox iş görməyin lazım gəldiyini xüsusi vurğulayıb və bütün maraqlı tərəfləri geniş əməkdaşlığa çağırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər