Hər il martın 27-si Azərbaycanda “Elm Günü” kimi qeyd olunur.
Elm cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvələrindən biridir. Elmin mövcud olmadığı və inkişaf etmədiyi bir cəmiyyətda hər hansı tərəqqidən, inkişafdan danışmaq qeyri-mümkündür. Artıq elmin cəmiyyətə təsiri elə bir səviyyəyə gəlib çatmışdır ki, biz hər yerdə onun inkişafının mühüm nəticələri ilə qarşılaşırıq. Elm qədim dövrlərdən etibarən bəşər övladının sağlam inkişafını təmin edən bir məfhumdur.
Azərbaycanda da elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Dövlətin gələcəyi, iqtisadi, siyasi və hərbi qüdrəti onun elmi potensialı ilə bilavasitə bağlıdır. Odlar yurdunda elmin çox zəngin tarixi və ənənələri vardır. Əsrlər boyu Azərbaycan alimləri elmi təfəkkürün müxtəlif sahələrində meydana gətirdikləri sanballı əsərlərlə bəşəriyyətin elmi-mədəni yüksəlişinə böyük xidmətlər göstərmişlər.
1945-ci ildə məhz 27 mart tarixində dövlətç
Ümumilli liderin elm və təhsil sahəsində müəyyənləşdirdiyi siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xatırladaq ki, dövlət başçısının 14 iyun 2016-ci il tarixli Fərmanına əsasən Azərbaycan elminin tarixində ilk dəfə olaraq “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. Bu Qanunla hər bir Azərbaycanvətəndaşının rifahının və elmi səviyyəsinin yüksəldilməsi, yeni biliklərə yiyələnməsi və dünyanı dərk etmək kimi təbii və mənəvi ehtiyaclarının ödənilməsində elmin aparıcı rolu və vəzifələri müəyyənləşdirilmişdir.
Elmin davamlı və sistemli inkişafının təmin edilməsi, elmi fəaliyyətin institusional sisteminin və maliyyələşdirilmə mexanizmlərinin dünya standartlarına uyğunlaşdırılması, cəmiyyət həyatının bütün istiqamətlər üzrə inkişafında elmi potensialdan səmərəli istifadənin təmin edilməsi, elmin maddi-texniki bazasının və infrastrukturunun modernləşdirilməsi və s. elm sahəsində dövlət siyasətinin əsas məqsədləridir.
Azərbaycan Respublikası Prezidentinin 4 may 2009-cu il tarixli 255 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər bütövlükdə Azərbaycan elminin inkişafına böyük təkan vermişdir.
2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalamışdır. Bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda “Elm günü”nün təsis olunması, həmin gün bütün ölkə ictimaiyyətinin diqqətinin məhz elm sahəsinə yönəlməsinə, elmin problem və vəzifələrinin yenidən müəyyənləşdirilməsinə, səmərəli əmkdaşlıqların təşkilinə, eləcə də ölkəmizin gələcək inkişafı və alimlərin bu inkişafda rolunun artırılmasına rəvac verir.
2020-ci il sentyabrın 27-də başlanan, Azərbaycanın qələbəsi ilə nəticələn 44 günlük Vətən müharibəsində Azərbaycan ziyalıları, xüsusilə AMEA-da fəaliyyət göstərən alim və tədqiqatçıları arxa cəbhədə bir əsgər kimi vuruşmuş, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün əllərindən gələni etmişlər.
Azərbaycanın tarixi qələbəsi ilə Milli Elmlər Akademiyası da keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Müharibədən sonra Qarabağ regionunda ermənilər tərəfindən törədilmiş ekoloji fəlakətin elmi əsaslı monitorinqi, azad edilmiş ərazilərin bioloji müxtəlifliyinin, torpaq və su ehtiyatlarının, kənd təsərrüfatının işğaldan əvvəlki və mövcud vəziyyətinin müqayisəli təhlili, bərpası, mühafizəsi və səmərəli istifadəsi üzrə tədqiqatlar aktuallaşmış, Azərbaycan elmi qarşısına mühüm və konkret vəzifələr qoyulmuşdur.
Belə ki, 12 yanvar 2021-ci il tarixdə AMEA Rəyasət Heyəti “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Fəaliyyət proqramı və Tədbirlər planı haqqında” qərar qəbul etmişdir. Bu qərara 14 bənddən ibarət “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılacaq elmi tədqiqat işləri, elmtutumlu bərpa və quruculuq layihələri üzrə AMEA-nın Fəaliyyət Proqramı” və 90 bənddən ibarət “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Tədbirlər Planı” daxildir. Azərbaycan Milli Elmlər Akademiyası ilə yanaşı, həmin qərarın icrasına həmçinin bir çox dövlət orqanlarının müvafiq strukturları da cəlb olunmuşdur.
Məlumdur ki, 2020-ci il noyabr 8-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Şuşanı işğaldan azad etdi və bu gün tariximizə Zəfər Günü kimi yazıldı. Cənab Prezident ökəmizin mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamış Şuşa şəhərinin Azərbaycanın milli intellektual potensialının inkişaf etdirilməsində xüsusi yerini nəzərə alaraq, 2022-ci ili “Şuşa ili” elan etmişdir. Bu Sərəncam müxtəlif dövlət orqanları və peşə sahibləri, o cümlədən Azərbaycan elmi qarşısında mühüm vəzifələr qoymuşdur.
Artıq “Şuşa İli” ilə əlaqədar olaraq Akademiyanın elmi müəssisələrinin təklifləri də nəzərə alınmaqla müvafiq Tədbirlər planının hazırlanmış, bu plan AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq edilmişdir.
Tədbirlər planında “Şuşa şəhəri ərazisində radioloji və kimyəvi risklər” mövzusunda elmi konfransın keçirilməsi nəzərdə tutulur. Eləcə də Şuşa şəhərində anadan olmuş görkəmli riyaziyyatçı və fizik alimlərin yubileyləri ilə əlaqədar beynəlxalq konfransların təşkilinin nəzərdə tutulur. Şuşa şəhərində müasir şəhərsalma konsepsiyasının reallaşdırılması məqsədilə elektron xəritələrin, verilənlər bazasının yaradılması və onların idarə olunması üçün intellektual üsulların, alqoritmlərin və sistemlərin işlənilməsi, Şuşa şəhəri və ətraf kəndlərin orta təhsil məktəblərinin fizika laboratoriyalarının lazımi cihazlarla təmin edilməsi də il çərçivəsində qarşıda duran mühüm vəzifələrdəndir.
Bu gün özünün yeni inkişaf mərhələsinə qədəm qoyan və Azərbaycan elminin inkişafı yönündə kompleks islahatların həyata keçirilməsini hədəfləyən AMEA-nın qarşısında ölkədə elmi tədqiqatların prioritetlərinin müəyyənləşdirilməsi, struktur islahatlarının həyata keçirilməsi və idarəçiliyin təkmilləşdirilməsi, elmi infrastrukturun modernləşdirilməsi, elmin maliyyələşdirilməsinin optimallaşdırılması və elmi əməyin ödənilməsi, beynəlxalq əlaqələrin gücləndirilməsi və s. kimi mühüm vəzifələr dayanır.
Milli Elmlər Akademiyası elmin inkişafı ilə yanaşı, həm də təhsil sisteminin, gənclərin tərbiyəsinin elmi, maarifçilik və ideoloji təminatı ilə məşğul olmuşdur, yeni biliklərə və müasir texnologiyalara yiyələnməyi, onlardan tətbiqi tədqiqatlarda, praktikada istifadə etməyi qarşısına hədəf kimi qoymuşdur.
AMEA rəhbərliyinin tövsiyəsi ilə akademiyanın bütün elmi müəssisə və təşkilatlarında “Elm günü” ilə əlaqədar tədbirlər keçirilir, televiziya, İnternet saytları və digər kütləvi informasiya vasitələrində bu gün ilə bağlı diskussiyalar açılır, müsahibələr təqdim olunur.
77 ildir ki, akademiya və onun böyük elmi kollektivi – alim və mütəxəssislərimiz, ziyalılarımız Azərbaycan xalqına xidmət edir, dünya elminə töhfələr verir. Bu illər ərzində Azərbaycan alimləri elmin müxtəlif sahələri üzrə çalışaraq humanitar, ictimai, iqtisadiyyat, yer elmləri, riyaziyyat, fizika, kompüter elmləri və informatika sahəsində böyük nailiyyətlər əldə ediblər. Bu gün Milli Elmlər Akademiyası dövlət başçısının apardığı genişmiqyaslı islahatların, eləcə də Azərbaycanın alim və ziyalılarının əldə etdiyi elmi nailiyyətlərin işığında şərəflə və məsuliyyətlə addımlamaqda davam edir.
Azərbaycanda elmlə məşğul olan, həyatını elmə sərf edən və bu sahə ilə maraqlanan hər kəsi Elm Günü münasibətilə təbrik edir, onlara elmimizin tərəqqisi yolunda yeni nailiyyətlər arzu edirik.
AMEA Rəyasət Heyəti aparatının informasiya şöbəsinin sektor müdiri Nərgiz Qəhrəmanova

