Tibb elmi sahəsində tanınmış alim Şakir Musayevin 65 yaşı tamam olur
15.03.2022 11:00

Bu gün tibb elmi sahəsində tanınmış alim, Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Məhkəmə təbabəti, hüququn əsasları və patoloji anatomiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Şakir Musayevin 65 yaşı tamam olur.

 

Şakir Məzlum oğlu Musayev 15 mart 1957-ci ildə Ağdam rayonunda ziyalı ailəsində anadan olmuşdur. O, Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə-profilaktika fakültəsini (1981), Bakı Dövlət Universitetinin Hüquq fakültəsini (1997) və ATU-nun aspiranturasını (1991) bitirmişdir.

 

Şakir Musayev Rusiya Elmlər Akademiyasının Məhkəmə Təbabəti İnstitutunda (Moskva) “Məhkəmə təbabəti” ixtisası üzrə elmlər namizədliyi (1991) və elmlər doktorluğu (1997) dissertasiyalarını müdafiə etmiş, professor (1999) elmi adını almış, AMEA-nın müxbir üzvü seçilmişdir (2014).

 

1983-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ET Birliyində fəaliyyətə başlayan Şakir Musayev Tibbi kriminalistika şöbəsində məhkəmə tibb eksperti-kriminalist, Təşkilati-metodik (1991-1992), Məhkəmə-tibbi kriminalistika şöbələrinin müdiri (1992-1994), birliyin baş direktorunun ekspertiza işləri üzrə müavini (1994-1997) və baş direktor (1997-2016) vəzifələrində çalışmışdır. 1994-cü ildən Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Məhkəmə təbabəti, hüququn əsasları və patoloji anatomiya kafedrasına rəhbərlik edir. 1997-ci ildən isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş məhkəmə-tibb eksperti, Məhkəmə-tibb ekspertləri və patoloqanatomların Elmi Cəmiyyətinin və Attestasiya Komissiyasının sədridir.

 

Alimin elmi fəaliyyəti əsasən, məhkəmə-tibbi antropologiyanın aktual problemlərinə, şəxsiyyətin identifikasiyası, etnik və kriminalistik kraniologiya, kütləvi insan tələfatı ilə müşayiət olunan hadisələr zamanı məhkəmə-tibbi xidmətin təşkilinin elmi əsaslarının işlənib hazırlanmasına həsr olunmuşdur. Onun apardığı tədqiqatların nəticələri, çoxsaylı təcrübi metodikaları, kranioloji diaqnostik üsulları riyazi dəqiqliyinə və mötəbərliyinə görə, beynəlxalq miqyasda yüksək qiymətləndirilir və bəzi xarici ölkələrin məhkəmə-tibbi xidmətlərinin gündəlik təcrübəsində tətbiq edilir. Alimin tədqiqatları Azərbaycana qarşı yönələn hərbi təcavüz, terror, soyqırım və başqa ağır cinayətlərin beynəlxalq səviyyədə tanınmasına səbəb olmuşdur.

 

AMEA-nın müxbir üzvü Şakir Musayev ölkədə və xaricdə çap olunmuş 471 elmi əsərin, o cümlədən 8 dərslik, 28 monoqrafiya, 11 ixtira patentinin müəllifidir. O, ilk dəfə olaraq Dövlət proqramlarının icrası ilə bağlı 28 normativ hüquqi sənədin hazırlanmasında iştirak etmişdir. Onun doktorluq dissertasiyasının nəticələri Rusiyada qəbul edilmiş “Şəxsiyyətin identifikasiyasına dair Dövlət Proqramı”nda öz əksini tapmışdır. “Medico-criminalistic identification of Caucasus populations on skull” adlı kitabı Ümumdünya Tibb, Etika və Qanun Assosasiyasının idarə heyətinin qərarına əsasən (Helsinki, 2011) Beynəlxalq hüquq kitabxanasına daxil edilmişdir.

 

Ş.Musayev bir çox beynəlxalq mübahisəli ekspertizalarda və kriminal-tarixi tədqiqatlarda iştirak etmiş (məşhur dəniz səyyahı Vitus Berinq (1994), Çar Rusiyasının son imperatoru II Nikolay və onun ailə üzvlərinin şəxsiyyətlərinin tanınması (1998), Norveç və Azərbaycan əhalisinin qohumluq əlaqəsinin araşdırılması (2001) və s.), elmi yığıncaqlarda məruzələr oxumuş, müvafiq komissiyaların rəhbəri olmuşdur.

 

Alimin elmi rəhbərliyi və məsləhətçiliyi ilə 6 fəlsəfə, 2 elmlər doktoru hazırlanmışdır.

 

O, ABŞ Məhkəmə Elmləri (1999), Avropa Təbabət Elmləri və Türk Dünyası Beynəlxalq Hümanitar Elmlər akademiyalarının (2013) həqiqi üzvüdür. Alim Türk Dünyası Humanitar Elmlər Akademiyasının “Qızıl ulduz” medalı, Avropa Təbabət Elmlər Akademiyasının “Böyük Qızıl Tac” medalı və s. kimi mükafatlara və fəxri adlara layiq görülmüşdür.

 

AMEA-nın müxbir üzvü Şakir Musayevi 65 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi, pedaqoji və ictimai fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?