“Pediatrik immunologiya və infeksion xəstəliklər” mövzusunda beynəlxalq elmi konfrans keçirilir - FOTO
01.03.2022 14:37

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə 1 mart - Ümumdünya İmmunitet Gününə həsr olunmuş "Pediatrik immunologiya və infeksion xəstəliklər" mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

 

Aztibb.az xəbər verir ki, "ZOOM" platforması üzərindən baş tutan konfransda pediatr, neonatoloq, immunoloq, anestezioloq-reanimatoloq, infeksionist, uşaq-cərrahı və revmatoloq ixtisasına malik həkimlər iştirak ediblər.

 

Tədbirdə giriş sözü ilə çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb xidməti mayoru, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev cəmiyyətin ayrılmaz tərkib hissəsi olan uşaqların sağlam böyüməsi və inkişafının dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindən birini təşkil etdiyini deyib. Onun sözlərinə görə, bu gün ölkəmizdə uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı, eləcə də sağlam böyüməsi üçün lazımi həyat səviyyəsinin təmin olunması  istiqamətində bir çox dövlət proqramları qəbul edilərək icra olunmaqdadır.

 

İ.Əfəndiyev bu istiqamətdə atılan uğurlu addımların nəticələrindən biri kimi, Mərkəzi Gömrük Hospitalında uşaq sağlamlığının təmin olunması yönündə təşkil edilmiş yüksək səviyyəli tibbi xidmətlərdən danışıb. O, Hospitalda uşaqlara göstərilən tibbi xidmətlərin beynəlxalq standartlara əsaslandığını diqqətə çatdırıb, bu xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq fəaliyyətlərin həyata keçirildiyini, maddi-texniki bazanın gücləndirildiyini söyləyib.

 

Rəis müavini pediatrik immunologiya və infeksion xəstəliklər mövzusuna həsr edilmiş konfransın müvafiq sahədə çalışan mütəxəssislər üçün vacib tədbirlərdən olduğunu vurğulayıb, konfransın işini açıq elan edib.

 

Sonra Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, Elmi-Tədqiqat Mama Ginekologiya İnstitutunun Neonatal reanimasiya şöbəsinin müdiri Rüstəm Hüseynov çıxış edərək müasir dövr üçün aktual olan problemlərə həsr olunmuş konfransda əhəmiyyətli məruzələrin təqdim olunacağını diqqətə çatdırıb. Uşaqların sağlam immun sisteminin təməlinin körpəlik dövründən başlandığını qeyd edən R.Hüseynov bu gün bir  çox infeksion proseslərə məruz qalan uşaqlarda rast gəlinən ağırlaşmalar, immunitetin formalaşması, inkişaf edən allergik reaksiyalar haqqında məlumat verib. O, həmçinin immunoqlobulinlərin hamiləlik dövründə uşağa ötürülməsi, ana südünün immunitetin formalaşmasında rolu, ana südü ilə qidalanmayan uşaqlarda immunitet zəifliyi, antibiotik terapiyası, COVID-19-a yoluxmuş uşaqlarda rast gəlinən Multisistemli İltihab Sindromu  barədə danışıb.  

 

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, “Baku Medical Plaza Klinikası”nın Pediatriya və neonotologiya şöbəsinin müdiri Erkin Rəhimov immun çatışmazlığı problemlərinə daha çox diqqət ayrılmasının vacibliyinə toxunub. Bu istiqamətdə dünyada hər il yeni xəstəliklərin tapıldığını deyən E.Rəhimov bu sahənin ən gənc və inkişaf edən istiqamətlərdən olduğunu diqqətə çatdırıb, bu baxımdan konfransın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 

O, yeni fəaliyyətə başlayan Azərbaycan Pediatriya Cəmiyyətinin əsas vəzifələrindən bəhs edərək cəmiyyətin ölkəmizdə pediatriya sahəsində elmi təkmilləşdirmənin həyata keçirilməsi, uşaqlarda rast gəlinən sağlamlıq problemlərinin müzakirəsi və həlli istiqamətində fəaliyyətin təşkilində vacib rola malik olacağını bildirib.

 

Daha sonra çıxış edən Türkiyənin “Sağlık Bilimleri” Universitetinin Başakşehir Çam və Sakura Xəstəxanasının professoru Merih Çetinkaya bu kimi konfransların elmi problemlərin müzakirəsi baxımından müstəsna rolunu qeyd edib. O, immunoloji xəstəliklərin böyük bir qisminin nadir xəstəliklər kateqoriyasına daxil edildiyini diqqətə çatdırıb. M.Çetinkaya konfransda uşaqlarda immun sisteminin inkişafı və bu zaman ortaya çıxan problemlər, immun sistemində rast gəlinən digər xəstəliklər, sıx aralıqlarla infeksion xəstəliklərə yoluxan uşaqlarda genetik problemlərin müəyyənləşdirilməsi, bu kimi problemlərin qarşısının alınması üçün vaksinasiyanın aparılması və digər problemlərin müzakirə olunacağını bildirib.

 

Professor 400-dən çox iştirakçının qatıldığı tədbirdə uşaqlarda rast gəlinən immunoloji xəstəliklərin müalicəsinə dair Türkiyənin və Azərbaycanın qabaqcıl tibb heyəti tərəfindən mühüm müzakirələrin aparılacağına, maraqlı məruzələrin təqdim olunacağına əminliyini ifadə edib.

 

Konfrans işini panel müzakirələri ilə davam etdirib.

 

İki gün davam edəcək konfransda “Uşaqlarda immun sistemin formalaşması”, “Uşaqların immun sistemində yaranan problemlər”, “Vaksinasiya”, “Limfoadenopatiyalı uşaqlara yanaşma”, “İnfeksiyaya nəzarət tədbirləri” və “İnfeksiyalara müasir yanaşma” başlıqlı 6 paneldə ümumilikdə 17 məruzə dinləniləcək.

 

Tədbirdə, həmçinin interaktiv panel müzakirələri və sual-cavab sessiyaları olacaq.

 

Qeyd edək ki, konfransın proqramının 80 faizini tamamlayan müvafiq ixtisaslı həkimlərə 16 DTT balı və sertifikat veriləcək.

 

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Neftçalada tibbi aksiya: “Erkən müayinə can qurtarır!”