Qaraciyər transplantasiyasında anesteziya və reanimasiyaya müasir yanaşmalara dair beynəlxalq elmi konfrans keçirilir - FOTO
17.02.2022 16:15

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Qaraciyər transplantasiyasında anesteziya və reanimasiyaya müasir yanaşma – yeni texnologiyaların tətbiqi” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

 

Aztibb.az xəbər verir ki, “Zoom” platforması üzərindən onlayn şəkildə həyata keçirilən tədbirdə cərrah-transplantoloq və anestezioloq-reanimatoloqlar iştirak edirlər.

 

Tədbiri giriş sözü ilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb xidməti mayoru, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev açaraq transplantalogiyanın müasir təbəbətin ən mürəkkəb sahələrindən biri olduğunu bildirib, tibbi texnologiyaların mütərəqqi inkişafının bu sahəyə öz töhfəsini verdiyini qeyd edib.

 

“Ümumdünya Səhiyyə Təşkilatı və Donorluq və Transplantasiya üzrə Qlobal Observatoriyanın birgə hazırladığı hesabata əsasən, 2020-ci ildə dünya üzrə 129 681 orqan transplantasiyası əməliyyatı həyata keçirilib”, - deyə bildirən İsmayıl Əfəndiyev bu əməliyyatların böyük qisminin böyrək və qaraciyərin köçürülməsini əhatə etdiyini diqqətə çatdırıb.  

 

Rəis müavini Qafqazada və Mərkəzi Asiyada ilk dəfə olaraq canlıdan canlıya qaraciyər transplantasiyası əməliyyatının məhz Azərbaycanda 2008-ci ildə həyata keçirildiyini vurğulayıb. Əlavə edib ki, bu illər ərzində donor orqanların köçürülməsi sahəsində əldə edilən nəzərəçarpan inkişaf dövlətimizin apardığı uğurlu səhiyyə siyasətinin nəticəsidir.  

 

Onun sözlərinə görə, Mərkəzi Gömrük Hospitalı pandemiyadan öncə orqan transplantasiyası əməliyyatlarının uğurla icra edildiyi aparıcı mərkəzlərdən biri olmuşdur. Məruzəçi qeyd edib ki, postpandemiya dövründə də bu istiqamətdə fəaliyyətin davam etdirilməsi üçün maddi-texniki bazanın gücləndirilməsi və kadr potensialının artırılması istiqamətində müvafiq işlər görüləcək.

 

İsmayıl Əfəndiyev tədbirin işinə uğurlar arzu edib və konfransı açıq elan edib.

 

Sonra Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Əməkdar həkim, t.e.d. Rəşad Mahmudov tədbirin ölkəmizdə həyata keçirilən səhiyyə islahatlarının davamı olaraq hər bir xəstənin səhiyyə xidmətlərinə əlçatanlığının artırılması, həm də səhiyyə xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətinə töhfə verəcəyinə inamını ifadə edib.

 

Orqan transplantasiyası sahəsinin ölkəmiz üçün hər zaman aktual məsələlərdən olduğunu deyən Rəşad Mahmudov bu əməliyyatların orqan çatışmazlığının son mərhələsində istifadə olunan ən effektiv və qızıl standart müalicə üsulu olaraq müəyyən edildiyini diqqətə çatdırıb.

 

O, ölkəmizdə bu yaxınlarda qəbul edilmiş “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Qanunun bir çox aspektləri ilə 1999-cu ildə bu sahədə qəbul edilmiş müvafiq sənəddən daha müasir yanaşma olduğunu və bugünkü reallıqları əks etdirdiyini, eləcə də etik və tibbi baxımdan effektiv qanun layihəsi olduğunu bildirib.

 

Rəşad Mahmudov 2022-ci ildə həm elmi, həm də sosial baxımdan bu istiqamətdə toplantıların sayının artırılmasının zəruriliyini vurğulayıb.  

 

Məruzəçi bu yaxınlarda ABŞ-da insana genetik baxımdan dəyişdirilmiş donuz ürəyinin köçürülməsi əməliyyatının üstünlüklərindən də bəhs edib. Bildirib ki, bu əməliyyat bütün dünyada vacib problemlərdən olan orqan çatışmazlığı ilə üzləşən insanlar üçün böyük ümidlər vəd edir.

 

Rəşad Mahmudov konfransın bu sahədə fəaliyyət göstərən dünya alimlərinin fikirlərinin yerli ekspertlərlə birgə müzakirəsi, eləcə də elmimizin inkişafı üçün yeni imkanların açılması baxımından əhəmiyyətini qeyd edib, tədbirin işinə uğrular arzu edib.

 

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi, tibb xidməti mayoru, t.ü.f.d. Mircəlal Kazımi orqan transplantasiyası sahəsinin müasir dövrdə gənc sahələrdən olmasına baxmayaraq, sürətlə inkişaf edən, mühüm əhəmiyyət kəsb edən istiqamətlərdən biri olduğunu vurğulayıb. O, orqan transplantasiyasının yüksək səviyyədə təşkilində anesteziologiya və reanimasiya istiqamətlərinin müasir tələblərə uyğun təşkilinə diqqət çəkib.

 

Mircəlal Kazımi bugünkü konfransın bu sahədə çalışan insanlar üçün mühüm platforma olacağına əminliyini ifadə edib. Şöbə rəisi panel müzakirələri zamanı müasir texnologiyaların tətbiqi, eləcə də anesteziologiya və reanimasiya ilə bağlı vacib məlumatların təqdim olunacağı əhəmiyyətli məsələlərə dair məruzələrin dinləniləcəyini bildirib.

 

Daha sonra çıxış edən İstanbul Aydın Universitetinin Tibb fakültəsinin professoru Hüseyin İlksen Toprak konfransda qaraciyər transplantasiyasında anesteziya və reanimasiya məsələləri ilə bağlı ən müasir problemlərin müzakirə olunacağını, mühüm təkliflərin səsləndiriləcəyini qeyd edib.

 

Tədbir işini “Qaraciyər transplantasiyasında anesteziya” və “Qaraciyər transplantasiyasında reanimasiya” panelləri üzrə davam etdirir.

 

Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 8 DTT balı qazanmışdır.

 

ÇOX OXUNANLAR
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Sümük bulyonu arıqlamağa kömək edir
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub
2 nömrəli Bakı Baza Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
11 aylıq körpə Mərkəzi Klinikada əməliyyat olunub
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq