"Mən əməliyyatları necə edirəm?" layihəsində növbəti VEBİNAR
28.01.2022 20:38

"Mən əməliyyatları necə edirəm?" layihəsində növbəti vebinar “Furnye qanqrenası”na həsr edilib.

 

Aztibb.az xəbər verir ki, layihənin rəhbəri, I Cərrahi xəstəliklər kafedrasının assistenti Elman Əzimov vebinarı giriş sözü ilə açaraq, müzakirə olunacaq mövzuların əhəmiyyətindən danışıb.

 

Sonra kafedranın müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov çıxış edib. O, rezidentlərin klinik səriştələrinin artırılması baxımından bu kimilayihələrin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Cərrahiyyə ixtisası üzrə təhsil alan rezidentlərin bugünkü təqdimatdan faydalanacaqlarını əminliyini ifadə edərək, vebinarın işinə uğurlar arzulayıb.

 

Daha sonra layihə çərçivəsində 5-ci mövzunun təqdimatı olub. I Cərrahi xəstəliklər kafedrasının professoru Saday Əliyev “Furnye qanqrenası: qədim xəstəliyin aktual aspektlərinə müasir baxışlar” mövzusunda məruzə ilə çıxış edib. Son zamanlar klinik cərrahiyyədə yumşaq toxumaların irinli iltihabı xəstəliklərinin sayının xeyli artdığını deyən professor qeyd edib ki, bu, ilk növbədə gündəlik təcrübədə istifadə olunan antibiotiklərə qarşı mikroorqanizmlərin həssaslığının azalması ilə əlaqədardır:

 

“Eyni zamanda, heç bir zəruri əsas, müvafiq göstərişlər olmadan əhali arasında antibiotiklərdən istifadə geniş yayılıb. Hazırda müxtəlif spektrli antibiotiklər, antibakterial preparatların klinik cərrahiyyədə geniş tətbiqinə baxmayaraq, yumşaq toxumaların irinli iltihabı xəstəlikləri zamanı ağırlaşmalar, letallıq göstəriciləri heç də azalmağa meyl etmir. Təəssüf ki, son statistikaya görə, xəstəlik bir qədər artıb. Bu baxımdan, nadir hallarda rast gəlinən xüsusi bir xəstəlik forması var. Ədəbiyyatda bunu nekrozlaşdırıcı fassitin bir formatı kimi dəyərləndirirlər. Xayalığın ildırımsürətli və ya spontan qanqrenası adlanır. Bu xəstəliyin 15-dən çox adı olsa da, ilk dəfə fransız həkim Jan Alfred Furnye tərəfindən qeydə alındığına görə “Furnye qanqrenası” adını daşıyır”.

 

S.Əliyev bildirib ki, bu xəstəliyin əsas xüsusiyyətlərindən biri özünü təbabətdə kritik vəziyyətlərin təzahürü kimi göstərməsidir. Onun sözlərinə görə, xəstəliyin başlanğıcı çox ağır keçir, yerli əlamətlər isə özünü gec büruzə verir:

 

“Xəstəlik əsasən diffuz nekrozlaşdırıcı fassit şəklində başlayır. Xayalığın və aralığın səthi fassiyası iltihablaşır. Hər bir saatda təqribən 2-3 sm ətraflara doğru böyüyür. İlkin olaraq xəstəliyi diaqnozlaşdırmaq o qədər də asan olmur. Çünki bu əlamətləri bir çox digər xəstəliklər zamanı da görmək mümkündür. Bu xəstəliyi ümumi cərrahiyyədə mövcud olan bəzi patoloji hallarla, kəskin bağırsaq keçməzliyi, kəskin peritonit, qanaxma və digər xəstəliklərlə müqayisə edirlər. Müalicə taktikası operativ şəkildə, yubadılmadan, ancaq müvafiq hazırlıqdan sonra aparılmalıdır”.

 

Bu xəstəlikdən ölüm faizinin çox yüksək olduğunu vurğulayan professor müalicənin klinik protokollar əsasında aparılmasını daha doğru hesab etdiyini diqqətə çatdırıb. O, vaxtında düzgün diaqnoz qoyulmamasının, gecikmiş əməliyyatın müalicənin nəticəsinə neqativ təsir göstərdiyini söyləyib. Qəbul olunmuş təsnifat sistemlərinə uyğun diaqnozun qoyulmamasını da əsas problemlərdən biri kimi dəyərləndirən professor bildirib ki, diaqnozun cərrah, radioloq, endokrinoloq və digər mütəxəssislərdən ibarət komandanın iştirakı ilə dəqiqləşdirilməsi məqsədəuyğundur.

 

Vebinar geniş diskussiya şəraitində keçib və mövzu ilə bağlı rezidentlərin suallarına aydınlıq gətirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib