Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib  
20.01.2022 09:31

Yanvarın 19-da Milli Məclisin Səhiyyə komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

 

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Sonra komitə sədri, akademik Əhliman Əmiraslanov iclasın gündəliyi barədə məlumat verib. Bildirib ki, gündəliyə Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabat və komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı daxil olmaqla iki məsələ çıxarılıb.

 

Tədbirdə Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabat təqdim olunub. Əhliman Əmiraslanov bildirib ki, hesabat müddətində komitənin 9 iclası keçirilib, 14 məsələyə baxılıb və iclaslarda oxunuşlardan keçən qanun layihələrinin hamısı Milli Məclisin plenar iclası tərəfindən qəbul edilib. Bundan əlavə, payız sessiyası dövründə komitədə “Koronavirus infeksiyası (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər” və “Ölkədə icbari tibbi sığorta ilə bağlı görülən işlər, hazırkı vəziyyət və gələcək planlar” mövzularında geniştərkibli 2 dinləmə keçirilib. Eyni zamanda, hesabat dövründə komitəyə daxil olan 229 ərizə və şikayət araşdırılıb, müvafiq tədbirlər görülüb.

 

Komitə sədri gündəliyin ikinci məsələsi - Milli Məclisin Səhiyyə komitəsinin 2022-ci ilin yaz sessiyası üçün iş planı ilə bağlı məlumat verib. Qeyd edib ki, qarşıdakı sessiyada komitəyə qanunvericilik subyektlərindən daxil olacaq qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması, həmçinin komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili və ümumiləşdirilməsi nəzərdə tutulub. Həmçinin “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin müzakirəsi, “Onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri”, “Optika və optikaçılıq”, “Ürək və qan dövranı çatışmazlığı xəstəlikləri” və “Tibbi tullantıların idarə olunması” mövzularında dinləmələrin keçirilməsi də plana salınıb.

 

İclasda Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov, komitə üzvləri - Kamilə Əliyeva, Məlahət İbrahimqızı, Soltan Məmmədov, Sədaqət Vəliyeva, Kəmaləddin Qafarov və Müşfiq Məmmədli gündəlikdəki məsələlərlə bağlı çıxış ediblər. Çıxışlarda deputatlar icbari tibbi sığortanın həyata keçirilməsində vətəndaş məmnunluğunun artırılması, icbari tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsi, dərman bazarının keyfiyyətinin və əlçatanlığının yaxşılaşdırılması, antibiotiklərdən qeyri-düzgün istifadənin nizamlanması, orqanların transplantasiyası kimi səhiyyənin aktual məsələləri ilə bağlı öz fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.

 

Müzakirələrin sonunda Səhiyyə komitəsinin Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlərlə bağlı hesabatı məqbul sayılıb və komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib