“Endometrioz – cərrahi müalicəsi və multidissiplinar problemlər” mövzusuna beynəlxalq konfrans keçirilib - Fotolar
22.12.2021 12:20

Müxtəlif ölkələrdən olan alimlərin çıxışlarını tələbələr auditoriyalarda onlayn dinləyiblər.

 

Dekabrın 20-də Azərbaycan Tibb Universiteti (ATU), Türkiyə Yeditepe Universiteti və Naxçıvan Dövlət Universitetinin (NDU) birgə təşkilatçılığı ilə beynəlxalq onlayn konfrans keçirilib. Türkiyə, Amerika, İtaliya, Rusiya və Özbəkistanın tanınmış tibb mütəxəssislərinin iştirak etdiyi konfrans öz işinə Dövlət Himnimizin səsləndirilməsilə başlayıb.

 

Aztibb.az ATU-ya istinadla xəbər verir ki, konfransın moderatorları Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Elmi Cəmiyyətinin sədri, Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin sədri, professor Müşfiq Həsənov, Türkiyə Yeditepe Universitetinin (TYU) Mama və ginekologiya kafedrasının müdiri, professor Erkut Attar, Naxçıvan Dövlət Universitetinin (NDU) Tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov olublar. Konfransı giriş sözü ilə NDU-nun dosenti Elsevər Əsədov açıb. O, konfransın mahiyyəti barədə qısa məlumatla çıxış etdikdən sonra sözü NDU-nun rektoru, dosent Elbrus İsayevə verib. Rektor bildirib ki, beynəlxalq konfrans müasir tibbin ən aktual problemlərindən biri olan “Endometrioz – cərrahi müalicəsi və multidissiplinar problemlər” mövzusuna həsr olunub: “ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə, universitetin əməkdaşlarına, professor-müəllim heyətinə təşəkkürümü bildirirəm ki, bu gün tibb elmi üçün aktual olan belə bir mövzuda beynəlxalq konfransın keçirilməsinə yaxından dəstək olublar. Konfransda NDU Tibb fakültəsinin və ATU-nun müəllim-tələbə heyəti ilə yanaşı, dünyanın bir sıra qabaqcıl dərnək sədrləri, bu sahədə uzun illər tədqiqatlar aparan tanınmış mütəxəssislər, həkimlər iştirak edirlər. Biz alimlərin aktual elmi problemlərə həsr olunmuş məruzələrini dinləyəcəyik. Hesab edirəm ki, bu konfrans NDU-nun Tibb fakültəsində, eləcə də ATU-da təhsil alan tələbə və rezidentlər üçün çox əhəmiyyətli olacaq”.

 

Sonra ATU-nun Elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov çıxış edib. Dosent iştirakçıları salamlayandan sonra bu tipli konfransların keçirilməsinin  ölkəmizdə bir ənənəyə çevrildiyini qeyd edib: “Hər il Tibb Universiteti beynəlxalq konfrans və konqreslər keçirir. Bugünkü konfransa da silsilə tədbirlərin davamı kimi baxmaq olar. Burada iştirak edən tanınmış alimlər tibbin ciddi problemi olan endometrioz xəstəliyi, onun müasir diaqnostikası və cərrahi müalicə prinsipləri haqqında məruzələr edəcəklər. Bu, onu göstərir ki, dünyanın tibb mütəxəssisləri təbabətin qarşısında problem kimi duran bir çox xəstəliklərin həlli yolunda birgə fəaliyyət göstərirlər. Sevindirici haldır ki, Türkiyənin müxtəlif universitetləri ilə elmi-praktik səviyyədə sıx əməkdaşlığımız yaranıb. NDU ilə bu cür elmi konfransların təşkili tibbi kadrların yetişdirilməsində müstəsna rola malikdir. Düşünürəm ki, biz gələcəkdə də bir çox ölkələrin tibb universitetləri ilə bu cür müştərək konfranslar və konqreslər keçirəcəyik. Universitetimizin rektoru, professor Gəray Gəraybəylinin adından konfrans iştirakçılarına uğurlar arzulayıram”.

 

Sonra konfransın mahiyyətinə uyğun olaraq məruzələr dinlənilib. Türk Ostomi Cərrahi Dərnəyinin sədri, professor Ömər Alabaz, Türkiyə Endoskopik Laparoskopik Cərrahi Dərnəyinin sədri, professor Rasim Gəncosmanoğlu, professor A.V.Vişnevski adına Cərrahiyyə İnstitutunun cərrahiyyə şöbəsinin müdiri, professor Yuri Strakov, Daşkənd Pediatriya Tibb İnstitutunun Mamalıq və ginekologiya kafedrasının müdiri, professor Caxongir Qurbanov, həmin kafedranın dosenti Bahodir Qurbanov, ABŞ-ın Mərkəzi Florida Universitetinin mamalıq və ginekologiya sahəsi üzrə professoru Georgine Lamvu, Yeditepe Universitetinin Mama və ginekologiya kafedrasının professoru Rukset Attar, Genova Universitetinin Mamalıq və ginekologiya kafedrasının professoru Simone Ferrero, Bakı Sağlamlıq Mərkəzinin mamalıq və ginekologiya departamentinin müdiri, professor İslam Mahalov, NDU-nun müəllimi, tibb üzrə fəlsəfə doktoru İlhamə Mustafayevanın məzmunlu çıxışları maraqla qarşılanıb. Konfransı ATU-nun və NDU-nun rezident və tələbələri auditoriyalardan izləyiblər. Beynəlxalq səviyyəli tədbir işgüzar şəraitdə öz işini başa çatdırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub