ATU-nun prorektoru Orxan İsayev: "Dünyanın 90-a yaxın elm və təhsil qurumu ilə əməkdaşlıq edirik"
24.10.2021 11:12

Azərbaycan Tibb Universiteti (ATU) əcnəbi tələbələrinin sayına görə ölkəmizin ali məktəbləri arasında lider mövqedədir. Universitetdə dünyanın 40-a yaxın ölkəsinin vətəndaşları təhsil alır, həkimlik peşəsinin sirlərinə yiyələnirlər.

 

Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev müsahibəsində ATU-da xarici tələbələrin qəbulu, onların təhsili üçün yaradılan şərait, universitetin beynəlxalq nüfuzunun daha da artırılması üçün görülən işlər və digər məsələlərlə bağlı ətraflı məlumat verib.

 

Aztibb.az həmin müsahibəni təqdim edir: 

 

- Orxan müəllim, hazırda ATU-da xarici tələbələrin sayı nə qədərdir? Onlar əsasən hansı ölkələri təmsil edirlər?

 

-Hazırda ATU-da 39 ölkədən 2300 əcnəbi tələbə və rezident təhsil alır. Bu ölkələr sırasında Türkiyə, Pakistan, Böyük Britaniya, ABŞ, Rusiya, İsrail, Nigeriya, Banqladeş, Hindistan, İraq, İran, Suriya və s. qeyd etmək olar. Bildirim ki, ATU-da təhsil alan əcnəbilər arasında sayına görə birinci yeri Türkiyədən olan tələbə və rezidentlər tutur. Qürurverici haldır ki, ATU təhsil alan əcnəbi vətəndaşların sayına görə ölkədə birinci yeri tutur.

 

-Hər bir ali məktəbdə xarici tələblərin sayının çox olması onun beynəlxalq aləmdə nüfuzunun göstəricisi kimi qəbul edilir. Bu sayı artırmaq üçün ATU rəhbərliyi tərəfindən hansı tədbirlər görülür?

 

- Əlbəttə, ölkə rəhbərliyinin siyasətinə müvafiq olaraq universitet rəhbərliyi bu istiqamətdə daim işlər aparır, müəyyən yeniliklər tətbiq olunur. Məsələn, bunlar sırasında xarici tələbələrin qəbul prosesinin obyektiv, şəffaf keçirilməsini təmin etmək və əcnəbi vətəndaşların bu prosesi keçməsini asanlaşdırmaq məqsədilə, admission.amu.edu.az veb-portalının yaradılmasını qeyd etmək olar. Əminliklə demək olar ki, bu addım əcnəbilərin ATU-ya qəbulunda dönüş nöqtəsi oldu. Biz indi bu təşəbbüsün müsbət nəticəsini görürük. 

 

Qeyd olunan veb-portal 2021-2022-ci ildə ATU-nun İnformasiya Sistemlərinin Təşkili və İdarəetmə Mərkəzinin dəstəyi ilə yenilənib, istifadəçilərin rahatlığı üçün daha da təkmilləşdirilib və yeni funksiyalar əlavə edilib. Bundan əlavə, əcnəbilərin universitetimizə cəlb etmək, bu işi təşviq etmək  məqsədilə, qəbul proseduru və hazırlıq kursu haqqında ATU-nun Mətbuat Xidməti ilə birlikdə məlumat xarakterli videoçarx hazırlanıb. Dünyada hökm sürən pandemiya və karantin rejiminə baxmayaraq, biz ATU-ya xarici tələbələrin cəlb edilməsi ilə əlaqədar bir sıra vebinarlarda da iştirak etmişik. Hesab edirəm ki, gələcəkdə bu fəaliyyətin bəhrəsi görəcəyik.

 

Onu da qeyd etmək lazımdır ki, 2020-2021-ci tədris ilinə qədər əcnəbilər ATU-da yalnız “tibb”, “diş həkimliyi” və “əczaçılıq” ixtisasları üzrə təhsil ala bilirdilər. 2021-2022-ci ildən etibarən əcnəbi vətəndaşlar artıq “ictimai səhiyyə” ixtisası üzrə də təhsil almaq üçün müraciət edə bilirlər. Hazırda, digər ölkə təmsilçilərinin Azərbaycanda “tibb bacısı” və “fizioterapiya” ixtisasları üzrə də təhsil ala bilmələri üçün şəraitin yaradılması istiqamətində işlər aparılır.

 

-ATU xarici tələbələri aktiv şəkildə universitetimizə cəlb edir. Bəs onların tədris prosesinin təşkili, yaşayış şəraiti, asudə vaxtının səmərəli keçirilməsi üçün hansı imkanlar yaradılıb?

 

-Sevindirici haldır ki, Azərbaycanda ali məktəblər arasında tələbələrin yataqxana ilə təmin olunması imkanlarına görə ATU ön sıralardadır. Burada, həmçinin əcnəbi tələbələr üçün də müvafiq şərait yaradılıb. Xarici tələbələr ATU-nun mövcud 6 yataqxanasının hər birində yaşaya bilərlər.

 

Qeyd etdiyim kimi, pandemiya dönəmində tətbiq olunan rejimlə əlaqədar sərhədlərin bağlı olmasına baxmayaraq, əcnəbi vətəndaşların ATU-da təhsillərini davam etdirmək imkanı yaradılıb. 2020-2021-ci tədris ilində əcnəbilər üçün hazırlıq kursu tam onlayn formatda keçirilib. Həmçinin, pandemiya dövründə artıq ATU-da təhsil alan əcnəbilər üçün həm tədrisin formatında, həm də imtahan prosesində müəyyən güzəştlər edilib. 

 

-Bildiyimiz kimi, beynəlxalq əlaqələrin genişləndirilməsi ATU-nun fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Hazırda universitetin dünyanın bir çox qabaqcıl ali tibb məktəbləri ilə əməkdaşlığa dair sazişi var. Bu münasibətlərin daha da inkişaf etdirilməsi, tərəfdaşların əhatəsinin artırılması, beynəlxalq səviyyədə yeni uğurlara imza atılması üçün daha hansı tədbirlər görülür?

 

-Universitet tərəfindən atılan ən mühüm addımlardan biri - ATU-nun tədris proqramlarının beynəlxalq akkreditasiyadan keçməsi məqsədilə Qazaxıstanın Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyi (Independent Agency For Accreditation and Ratıng - IAAR) ilə müqavilə imzalanmasıdır. ATU-nun tədris proqramlarının akkreditasiya olunması diplomların dünyada tanınma coğrafiyasının genişləndirilməsi istiqamətində mühüm addımlardan biridir. Bu agentlik MDB ölkələri içərisində Dünya Tibb Təhsili Federasiyası (World Federation of Medical Education –WFME) tərəfindən tanınan ilk qurumdur. IAAR tərəfindən akkreditasiya olunan universitetlər və tədris proqramları Dünya Tibb Təhsili Federasiyasının akkreditasiyanı əldə etmiş sayılırlar.

 

Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Bu Proqram çərçivəsində Türkiyə Cümhuriyyətinin Qazi və Ankara universitetləri ilə müvafiq işlər aparılır. Pandemiya dövründə ATU-nun tələbə və gənc müəllim heyətinə həmin universitetlərin onlayn dərslərində iştirak etmək imkanı yaradılıb. Həmçinin, qeyd edilən proqramın mühüm istiqamətlərindən biri də, dünyanın nüfüzlu universitetlərində doktorantura təhsili alan Azərbaycan vətəndaşlarının dəstəklənməsidir ki, Azərbaycan Tibb Universiteti bu prosesdə aktiv iştirak edir.

 

Qeyd etmək istərdim ki, ATU hazırda dünyanın 90-a yaxın elm və təhsil qurumu ilə əməkdaşlıq edir. Qeyd olunan istiqamət üzrə görülən işlərdən biri də, ATU-nun bütün struktur vahidləri üzrə beynəlxalq əlaqələr üzrə koordinator vəzifəsinin təsis edilməsidir. Məqsəd son illərdə daha da genişlənməkdə olan beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətin idarə olunmasının təkmilləşdirilməsi, sistemləşdirilməsi və beynəlxalq əlaqələrin daha da inkişaf etdirilməsidir. Bu vəzifəyə əsasən beynəlxalq təcrübəyə malik olan və xarici dil biliyi lazımi səviyyədə olan əməkdaşlar təyin olunublar.

ÇOX OXUNANLAR
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Nailə Səfərova
42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib - SİYAHI
TƏBİB müxtəlif vəzifələr üzrə vakansiyalar elan edir
Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Azərbaycan tibb elminə ağır itki üz verib
Nərgiz Qəhrəmanova
Daha bir həkim Şirvan Şəhər Mərkəzi Xəstəxanasını seçib
Yardımlının Avaş, Deman və Arvana kəndlərində aksiya: 116 nəfərə tibbi xidmət göstərilib
Naxçıvanda cərrahi xəstəliklərin diaqnostikasına dair konfrans keçirilib
Rəşad Mahmudov:
Xırdalan Ailə Sağlamlıq Mərkəzində tibbi aksiya keçirilib
 ATU-nun rektoru imtahanın gedişini izləyib   
 “Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: İxtiyar Məhəmmədzadə
Sumqayıtda TİBBİ AKSİYA: Hacı Zeynalabdin qəsəbəsində 120 vətəndaş oftalmoloji müayinə olunub
Səhiyyə naziri Qətərin ölkəmizdəki səfiri ilə görüşüb