Müharibənin təsirinə məruz qalmış rayon xəstəxanalarında təlim keçirilib
18.10.2021 12:07

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Göygöl rayonunda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Dağlıq Qarabağ, habelə ona yaxın bölgələrdə yerləşən rayon mərkəzi xəstəxanalarının əməkdaşları üçün ümumi maarifləndirmə təlimi keçirilib. Əməyin mühafizəsi və mülki müdafiə üzrə vəzifələrdə çalışan məsul işçilər üçün təşkil edilən təlim mina və partlayıcı sursatlar haqqında mövzuları əhatə edib.

 

Aztibb.az xəbər verir ki, Agentlik, TƏBİB, həmçinin Xocalı, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Bərdə, Beyləqan və Yevlax rayon mərkəzi xəstəxanalarından ümumilikdə 15 əməkdaşın cəlb olunduğu treninq    ANAMA-ya məxsus Göygöl Regional Təlim Mərkəzində təşkil olunub.

 

Təlimin keçirilməsində məqsəd Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə, eyni zamanda müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər bölgələrə xidməti zərurətlə əlaqədar səfər edəcək şəxslərin mina və partlayıcı sursatların törədə biləcəyi təhlükələrə dair maarifləndirilməsini təmin etməkdir. Qeyd olunmalıdır ki, bundan başqa təlimin əsas istiqamətlərindən biri də hazırkı iştirakçıları çalışdıqları qurumun qeyd olunan ərazilərə ezam olunacaq əməkdaşlarına eyni məzmunlu təlimi keçə bilmələri üçün hazırlamaqdır.

 

Tədbirdə ANAMA-nın məsul əməkdaşı tərəfindən iştirakçılara mina və partlayıcı sursatlar, partlamamış sursatlar, minalanmış ərazi və təhlükəsizlik nişanları barəsində geniş məlumat verilib, hər bir mövzuya uyğun olaraq təqdimatlar nümayiş olunub. Təlimdə minanın piyada əleyhinə və tank əleyhinə kimi növləri, formaları, partlayıcı sursatların ümumi əlamətləri, təhlükəsizlik nişanlarının mənası və əhəmiyyəti, minalanmış ərazinin relyefinin xüsusiyyətləri haqqında ətraflı informasiya çatdırılıb.

 

Xüsusi olaraq vurğulanıb ki, ezam olunmuş şəxslər təyin edilmiş yerlərdən, yollardan, cığırlardan kənara çıxmamalı, naməlum və şübhəli əşyalara toxunmamalı və dağıdılmış yaşayış və digər tikililərin olduğu əraziyə daxil olmamalıdırlar. Həmçinin təlimdə atılıb qalmış sursat və texnikanın, habelə dağıdılmış yaşayış və digər tikililərin olduğu əraziyə yaxınlaşmağın həyat üçün təhlükəli olduğu diqqətə çatdırılıb.

 

Eyni zamanda təlimatçılar tərəfindən iştirakçılara əyani surətdə Birinci və İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan və Ermənistan Silahlı Qüvvələri tərəfindən istifadə olunmuş və ANAMA tərəfindən zərərsizləşdirilmiş mina və partlayıcı sursatların nümunələri göstərilib, onların kəsilmiş daxili hissələri və xarici görünüşləri haqqında vacib məqamlar qeyd olunub.

 

Bundan başqa, treninqin son hissəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin məsul əməkdaşları tərəfindən iştirakçılara mina və sursatların partlayışı nəticəsində yaranan yanğın hadisəsi haqqında məlumat verilib və yanğın təhlükəsizliyinə dair təlimat nəzərə çatdırılıb.

 

Tədbirin sonunda təlim iştirakçılarına ANAMA tərəfindən hazırlanan işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatların təhlükəsinə dair fərdi təlimat kitabçası təqdim olunub.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Təcili tibbi yardım briqadaları doğuş proseslərini uğurla icra edib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Mərkəzi Gömrük Hospitalının travmatoloqu AZTV-yə müsahibə verib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır