"Əllərin təmiz saxlanması xəstəlik törədən mikroorqanizmlərin qarşısının alınmasında ən effektiv üsuldur" - Dermatoveneroloqla MÜSAHİBƏ
15.10.2021 14:32

Hər kəs təmiz əllərin sağlamlığın açarı olduğunu bilir. Əllərin təmiz saxlanması xəstəlik törədən mikroorqanizmlərin yayılmasının qarşısının alınması üçün istifadə edilən ən sadə və effektiv üsuldur. Virus və bakteriyaların törətdikləri bir çox xəstəliklər – respirator xəstəliklər, virus hepatitləri, bağırsaq infeksiyaları, o cümlədən COVID-19 xəstəliyi əsas etibarilə çirkli əllər vasitəsilə keçir. Mütəxəssislərin fikrincə, əllərdə, xüsusən çox çirkli və nəm əllərdə milyonlarla mikroorqanizm yaşayır.

 

15 oktyabr - Ümumdünya Əl Yuma Günündə Mərkəzi Gömrük Hospitalının dermatoveneroloqu Sevinc Kərimova əl gigiyenasının önəminə dair Aztibb.az-a müsahibə verib.

 

Sadə, lakin çox əhəmiyyətli gigiyenik prosedur olan əl yumaya əməl etməsək nə baş verə bilər?

 

Əl gigiyenası infeksiyanın qarşısının alınması və nəzarət tədbirlərinin vacib elementidir. Ümumi gigiyenaya, əsasən də əllərin gigiyenasına diqqət etməsək, yoluxucu xəstəliklərə düçar ola bilərik. Əl gigiyenasına əməl etməklə isə bir çox yoluxucu xəstəlikdən qorunmaq olar.

 

Çirkli əllərdən insan orqanizminə hansı xəstəliklər keçə bilər?

 

Çirkli əllərdən müxtəlif parazitar qurdlara, bakteriyalara və viruslara yoluxmaq mümkündür. Əl gigiyenasına əməl olunmadıqda, orqanizmə bir çox qorxulu xəstəliklərin patogenləri: vəba, pnevmoniya virusu, hepatit, qrip və kəskin respirator virus infeksiyaları daxil olur.

 

Bu mikroblar həm dəri, həm də daxili orqanların patologiyalarına səbəb olur.

 

Əl yumamaq difteriya, sətəlcəm, hepatit, qrip, göz infeksiyası, qotur xəstəliyi və müxtəlif növ göbələk xəstəliklərinin yaranmasının əsas faktorlarından biridir.

 

 

UNICEF-in məlumatına görə, dünyada hər gün ishala səbəb olan “çirkli əllər xəstəliyi”ndən 5 minə yaxın uşaq həyatını itirir. Sabunla əl yuma vərdişini uşaqlara aşılamaq üçün nə kimi tədbirlər görülməlidir?

 

Əlbəttə, çirkli əllər vasitəsilə mədə-bağırsaq sisteminə düşən bağırsaq çöpləri ağır infeksiyon xəstəliklərə səbəb olur. Uşaqlara əllərini çirkli səthlərə, torpağa toxunmaqdan qorumaq və yaş artdıqca izah edərək bu təmaslardan uzaq durmalarının aşılamaq vacibdir. Onlara, həmçinin əlləri yumaq qaydaları öyrədilməlidir.

 

Maye sabunlar əlləri nə dərəcədə təmizləyir? Sabun seçərkən nələrə diqqət etməliyik?

 

Maye və digər  sabunları dəri tipinə görə seçmək lazımdır. Xüsusilə kontakt dermatiti olanlar və uşaqlar bu vasitədən istifadə etməməlidir. Qış aylarında maye sabundan istifadə dəridə müəyyən problemlərə səbəb olur. Çünki qış aylarında dəri qurumağa meyilli olur, maye sabundan istifadə isə bu quruluğu daha da artırır.

 

Bu səbəbdən nəmləndirici sabunlar daha çox məsləhət görülür. Məcburiyyət qarşısında qalaraq maye sabunlardan istifadə etdikdə qurulamadan sonra əllərə nəmləndirici kremlər çəkmək lazımdır ki, dərinin quruluğu daha da artmasın.

 

Əlləri tez-tez yumaq dəridə hansı problemləri yarada bilər? Dəridə problem yaranmaması üçün hansı qabaqlayıcı tədbirlər görülməlidir?

 

Əlləri həddən çox yumaq və həddən artıq dezinfeksiyaedici istifadə etmək tövsiyə olunmur. Bu, dəri problemlərinə səbəb ola bilər. Pandemiya dövründə daha çox sabun və dezinfeksiyaedici istifadə olunduğuna görə ekzemalar (dermatit) artıb.

 

Həmçinin çox isti su da dərinin yağ balansını pozduğu üçün dəri kəskin quruyur, mikroçatlar, qabıqlanmalar yaranır. Bu da ikincili infeksiyaların dəriyə yoluxmasına şərait yaradır.

 

Pandemiya dövründə koronavirus infeksiyasından qorunmaq üçün gigiyenik qaydalara, xüsusilə əllərin yuyulmasına əməl etməyin əhəmiyyəti qeyd olunur. Sizin fikrinizcə, koronavirusun əllərdən insana keçməsi ehtimalı nə qədərdir?

 

Təbii ki, hər bir yoluxucu xəstəlik kimi COVID-19-a da bu xəstəliyə yoluxmuş insanla təmasda olduqda həm hava damcı yolu ilə, həm də bu virusa bulaşmış əllərimizlə yoluxa bilərik. Hazırda bütün dünyada COVID-19 infeksiyasına qarşı mübarizədə insanların başlıca silahı vaksinasiya ilə bərabər sanitar-gigiyenik qaydalara riayət edilməsidir. Bunun üçün əllərin tez-tez yuyulması və ya spirtlənməsi vacib şərtdir. Virusa bulaşmış əlimizlə gözlərə, buruna, ağızın selikli qişasına toxunduqda koronavirusa yoluxma riski yarana bilər.

 

Təmiz əllər həm öz səhhətinizi, həm də yaxınlarınızın sağlamlığını qorumağa kömək edir.