İlqar Qasımov: Vətən müharibəsində ağır yaralanan qazilərimizə 250-dən çox əməliyyat həyata keçirilib
27.09.2021 11:50

Ötən il 27 sentyabrdan başlanan, Vətən müharibəsi adlandırdığımız İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi və ərazi bütövlüyünün bərpası ilə başa çatdı. Mən I Qarabağ müharibəsində, 20 Yanvar hadisələrində və 44 günlük Vətən müharibəsində həkim kimi ön cəbhədə xidmət göstərmişəm və hələ də göstərirəm. Həkimlərin bəzən bir əməliyyat qərarı üçün bir dəqiqədən artıq zamanı olmur. Biz bunları yaşamışıq. Bir gün ərzində 20-dən çox əməliyyat etmişik və cəmi 2 saat yuxu ilə... Çox çətin günlər idi. Vətən uğrunda yaralanmış qazilər üçün bütün qüvvəmizlə çalışırdıq. Bundan əlavə, hər gün İkinci Qarabağ müharibəsi veteranlarından posttravmatik sümük qüsurları, pəncə-əl əyrilikləri, sümük sınıqlarının birləşməməsi (gecikmiş qırıq konsolidasiyası) ilə bağlı kifayət qədər müraciət alırıq ki, üzərində səylə çalışırıq, onlara kömək edirik və bundan sonra da edəcəyik.

 

Aztibb.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İlqar Qasımov deyib.

 

Onun sözlərinə görə, sümük toxuması kərtənkələnin quyruğu kimi, əksər hallarda unikal bir qabiliyyətə - öz-özünü bərpa etməyə malikdir. Lakin, eyni zamanda, sümük toxumasının bərpasına çox vaxt lazımdır. Buna görə də iqtisadi baxımdan ortopediya maliyyə, həm də xəstədən və həkimdən səbir tələb edən tibb sahəsidir. Bu gün ortopedlərdən ibarət briqadamız "YAŞAT" Fondu ilə birlikdə fəal şəkildə işini davam etdirir. Belə ki, il ərzində Vətən müharibəsində ağır yaralanan qazilərimizə 250-dən çox əməliyyat həyata keçirilib. 

 

"Müasir silahların insan bədəninə vura biləcəyi zərər qarşısında insanların edə biləcəyi çox şey yoxdur. Qeyri-döyüş yaralanmaları ilə döyüş travmaları arasında dərin fərqlər var. Müharibə yaralarında görülən zərər, hər gün görülə bilən sadə yumşaq toxuma zədələri kimi bir şey deyil. Bundan əlavə, müharibə şəraitində iş şəraiti çox fərqlidir. Təcili müdaxilələrdə həkimlər və tibb bacıları, məhdud imkanların və vaxt çatışmazlığının həlli yollarını tapmaq, ən uyğun müalicə qərarını vermək üçün xüsusi təlim keçməli və böhran zamanlarında sakit davranmağı öyrənməlidir", - deyə mütəxəssis qeyd edib.

 

İlqar Qasımov bildirib ki, müharibə yaraları mülki praktikada görülən travmadan nisbətən fərqlidir və demək olar ki, hamısı çirkli yaralardır. Güllə və qəlpə yaraları əhəmiyyətli orqanlara, sümüklərə və yumşaq toxumalara kütləvi ziyan vura bilər. İnfeksiya böyük bir təhlükədir və septik cərrahiyyə qaydaları tətbiq olunur. Mülki praktikada heç bir zədələnmə qəlpə parçaları, mina səbəbiylə meydana gələn travmatik amputasiya və ya yüksək kinetik enerji transferi istehsal edən hərbi tüfəng gülləsinin dağıdıcı zərbəsi nəticəsində yaranan travma ilə müqayisə edilə bilməz. Silahların quruluşu, qoruyucu bədən zirehləri və nəqliyyatda hər hansı bir gecikmə yaralanmasını ağırlaşmasına təsir edəcək. Müharibə əsnasında real bir vəziyyət meydana gəlir və təsirləri ciddi şəkildə hiss olunur. Müharibənin baş verdiyi ərazi, stresin sıx olduğu, tələblərin yüksək olduğu və klinik tətbiqlərin avtomatik olaraq edildiyi mühitlərdir.

 

Mütəxəssis-ekspert əlavə edib ki, yaralanma yerində və ya döyüş sahəsinə yaxın olan ən təhlükəsiz bölgədə ilk yardım və sürətli evakuasiya həyati əhəmiyyət kəsb edir, gecikmə isə ölüm və ağırlaşmanı artırır. İlk yardım qeyri-kafi və ya uyğun deyilsə, yaxud təxliyə zənciri uzundursa, nəticənin nə olacağına hadisənin mahiyyəti qərar verəcəkdir. Bununla birlikdə, təxliyə müddəti artdıqca xəstəxana ölümləri azalır, çox uzun gecikmələr olduqda, ağır yaralılar xəstəxanaya çatmadan ölür və cərrahlar vaxtlarının çoxunu sağ qalanların septik komplikasiyaları ilə keçirirlər. I Qarabağ müharibəsindən fərqli olaraq, son 30 ildə Azərbaycanda yol infrastrukturunun yaxşılaşdırılması, yeni aeroportların tikilməsi, II Qarabağ müharibəsində yaralıların evakuasiyasını asanlaşdırdı və tezləşdirdi.

ÇOX OXUNANLAR
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
Mərkəzi Gömrük Hospitalının terapevti Mədəniyyət TV-nin “Səhərçağı” proqramına müsahibə verib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Xəstəxanadaxili infeksiyaların qarşısının alınması səhiyyə xidmətinin keyfiyyətinin əsas prioritetlərindən biridir
Xroniki bel ağrılarında müasir fizioterapiya yanaşmaları
Ağdərə rayonu Vəngli kəndində yaşayan sakinlərin səyyar tibbi aksiyası həyata keçirilib
Mərkəzi Klinikanın əməkdaşlarına Fəxri fərmanlar təqdim olunub
 Goranboy RMX-da könüllü qanvermə aksiyası keçirilib
Beyləqan RMX-nın tabeliyindəki kənd həkim və kənd tibb məntəqələrinin işçiləri tərəfindən ev ziyarətləri davam etdirilir
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib
 Yüksək riskli hamiləlik uğurla sonlandırıldı