İnsan sağlamlığı və ətraf mühit üçün potensial təhlükə - Elektron tullantılar 
20.09.2021 17:36

Son onilliklərdə ətraf mühitin yeni faktoru olan antropogen mənşəli elektromaqnit sahələri, elektrosmoq formalaşıb. Mühitin elektromaqnit çirklənməsi dünya miqyasında vacib məsələ olduğundan, ÜST bu problemi bəşəriyyət üçün ən aktual problemlər sırasına daxil edib.

 

Tibb sahəsi elektrik və elektron avadanlıqlarından daha çox istifadə edilən sahələrdən biridir. Hazırda yüksək texnologiyalara əsaslanan avadanlıqların geniş tətbiqi bir çox sahələrlə müqayisədə tibbin daha sürətli inkişafına təkan verir və bu sahənin avadanlıq parkını genişləndirir.

 

Bu vəziyyət bir tərəfdən insanların tibbi xidmətlərə əlyetərliyinə, xidmət keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərirsə, digər tərəfdən müəyyən problemlərin yaranmasına səbəb olur.

 

Aztibb.az elektron avadanlıqların və onların tullantılarının insan sağlamlığı və ətraf mühitə təsiri haqqında yazını təqdim edir.

 

Respublikamızda da xüsusi tibbi elektrik və elektron avadanlıqlarından geniş istifadə edilir. Son illər tibb müəssisələrinin texniki təchizatının yaxşılaşması, xidmətlərin keyfiyyətinin yüksəlməsi ilə yanaşı bu sahədə istifadə edilən profilaktik, diaqnostik, müalicəvi və reabilitasiya təyinatlı avadanlıq və vasitələrin həcmini də kəskin artırıb.

 

Məsələnin mahiyyəti ondadır ki, istismardan çıxarılan bir çox tibbi elektron tullantılar potensial ekoloji, epidemioloji, toksikoloji və radioloji təhlükə mənbəyi kimi insan sağlamlığı və ətraf mühit üçün ciddi təhlükə yaradır.

 

Bu təhlükə onların tərkibində olan ziyanlı maddə və birləşmələrın yaratdığı müxtəlif mənşəli elektromaqnit və ionlaşdırıcı şüalanmalar, küylər və s. ilə bağlıdır.

 

Ümumiyyətlə istismarı bitən elektron avadanlıqlar tullantı halına keçdikdən sonra lazımi qaydada utilizasiya aparılmadıqda insan sağlamlığı və ətraf mühit üçün ciddi təhlükə mənbəyinə çevrilir.

 

Xüsusilə mərkəzləşdirilmiş emal sahəsinin, ümumiyyətlə tullantıların yığımı, daşınması və anbarlaşdırılması, ilkin və təkrar emalı, zərərsizləşdirilməsinin həyata keçirlmədiyi ölkələrdə  problem daha ciddi xarakter alır.

 

Təəsüflər olsun ki, Baltikyanı ölkələr istisna olmaqla bütün postsovet ölkələri bu sıradadır.

 

 

 

Elektron tullantıların digər məişət tullantıları ilə birlikdə atılması, yandırılması təkcə insan sağlamlığı üçün deyil, bütün canlılar, ətraf mühit üçün təhlükəlidir. Yüksək təhlükəlilik sinfinə aid tibbi elektron tullantılar atmosferi, torpağı və su hövzələrini də çirkləndirir.

 

Tullantılar zibilliklərə atılan zaman torpağa və yeraltı sulara qarışır, zəhərləyir, sonra buxarlanaraq atmosferə qarışıb təhlükə yaradır.

 

Tullantıların yandırılması daha çox təhlükə yaradır. Bu zaman atmosferə kadmiyum və civə yayılır. Civə xüsusilə qida zənciri ilə yayılır. Məsələn, balıqların orqanizmində toplanır. Plastiklərin tərkibində PVC və bromin varsa, bunlar daha zərərlidir. Çünki yandırılan zaman dioksinlər və furan birləşmələri atmosferə qarışır ki, bu da xərçəngə səbəb ola bilər.

 

Elektron tullantılar  içərisində kompyuter texnikası istər xüsusi çəkisinə, istərsə də təhlükə dərəcəsinə görə başlıca yer tutur. Məsələn, monitorun tərkibində orta hesabla 90 adda maddə və materialın olduğu qeyd olunur.

 

Monitorların  istehsalında istifadə edilən civə, sürmə, kadmium, mışyak və kükürd və s. kimi çox ziyanlı element və maddələr, qazlar var ki, ənənəvi qaydada tullantı poliqonlarına atılan monitor günəş şüaları, yağış, külək və s. təsirlərindən tədricən aşınır və bu tərkiblər ətrafa yayılaraq atmosferi, torpağı, qrunt sularını zəhərləyir.

 

Elektron tullantıların tərkibindəki maddələrin bəziləri mutagen və kanserogen olub teratogen mutasiya və xərçəng xəstəliklərinin çoxalmasına səbəb ola bilir.

 

Mütəxəssislərin fikrincə, elektron tullantıların yenidən emal edilməsi çirklənmənin qarşısını almaq üçün çıxış yolu hesab olunur.

 

1989-cu ildə elektron tullantıların emal edilməsi ilə bağlı BMT-nin Avropa İqtisadi Komissiyasının Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası yaradılıb. Azərbaycan bu konvensiyaya 2001-ci ildə qoşulub.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Pediatr Sevil Orucovanın məqaləsi:
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
Elmi-Tədqiqat Pediatriya İnstitutunda akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib
Gözlərə nur bəxş edən fədakar həkim
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib