Öskürək hansı xəstəliklərin xəbərçisidir? Tipləri və səbəbləri - Birinci yazı
03.09.2021 11:04

Yayın son və soyuq fəsillərin ilk aylarından başlayaraq, çoxlu sayda öskürən insanlarla hər yerdə rastlaşmaq olur. Bugün onlarca qorxulu xəstəliklər var ki, öskürək əlamətlərinə görə bu xəstəliklərin ilkin göstəricisi ola bilir.

 

Fizioloji olaraq öskürək yuxarı tənəffüs yollarının qıcıqlanması nəticəsində orqanizmin verdiyi qoruyucu cavabdır. Ağciyərlərin xaricdən gələn kimyəvi, mexaniki və ya temperatur fərqliliyi yaradan faktorlara qarşı yaranan bir refleksidir.

 

Öskürək meydana gəlmə forması ilə müxtəlif mənalar daşıyır. Öskürəyi tənəffüs yollarına düşmüş yad maddələrə qarşı əmələ gələn, bədənin özünü müdafiə mexanizmi kimi qiymətləndirmək olar.

 

Aztibb.az çox vaxt ciddi xəstəliklərin əlaməti olaraq bilinən öskürəyin tipləri və səbəbləri haqqında yazını təqdim edir.

 

Sağlam insan nəfəs borusunun yad olaraq qəbul etdiyi bəzi yeməkləri və maddələri bayıra atmaq üçün öskürür. Ətrafdan gələn kəskin qoxu da öskürəyin səbəbi ola bilər.

 

Bədənin müdafiə mexanizmləri arasında önəmli yer tutan öskürək nəfəs yollarında, yəni traxeya və bronxlarda əmələ gəlir və bəlğəmin bayıra atılmasını təmin edir.

 

Bu təbii mexanizmlərdən başqa bəzi xəstəliklərin xəbərçisi olan öskürək, uzun müddət davam etdikdə insanın əmək qabiliyyətini aşağı salır.

 

Öskürək kəskin respirator xəstəliklərin əsas əlaməti hesab edilir və hava-damcı yolu ilə bəzi infeksion faktorların digər şəxslərə yayılmasına yol açır.

 

Ani olaraq yaranan öskürəklər astmatik krizin başlamasını ifadə edə bilər.

 

Öskürək sadəcə ağciyərlərdən deyil, qulaq zarı-pərdəsi, burun, sinuslar, ağciyər zarı, mədə və diafraqmadan da başlaya bilər.

 

Sinusit, bronxit, laringit, uşaqlarda çox tez-tez rast gəlinən bronxiolit, soyuğa həssaslıq, çoxlu siqaretçəkmə, tozcuqlar və ev tozları ən çox öskürək yaradan xəstəlik və faktorlardır.

 

Öskürəyin şəkli, sıxlığı, inkişafı ciddi təqib edilməlidir.

 

 

 

Quru öskürək 

 

Əgər insan zəiflik, halsızlıq və quru öskürəkdən şikayət edirsə, bu bizə bəsit yuxarı tənəffüs yolu infeksiyasını xatırladır. Əlamətlər uzun müddət, yəni 2-4 həftədən artıq davam ədirsə, digər xəstəliklər haqqında düşünmək olar.

 

Quru öskürək həm də koronavirusun ən əhəmiyyətli əlamətlərindən biridir. Koronavirus öskürəyinin simptomlarını quru öskürəkdən dəqiq bir şəkildə ayırmaq çətindir.

 

Bəlğəmli öksürək 

 

Öskürək bəlğəmli və tez-tez olursa, üstəlik hərarət də varsa, sətəlcəmin (pnevmoniya) əlaməti ola bilər. Öskürdükdən sonra bayıra çıxarılan bəlğəmin rəngi xəstəliyi dəyərləndirməkdə həkimə böyük kömək edir.

 

Bəlğəmin rəngi ağ rəngdən sarı və yaşıla çevrilirsə, bu xəstəliyin ağırlaşmasından xəbər verir. Qanlı bəlğəmdə isə hər şeydən əvvəl ağciyər xərçəngi və gecikmiş vərəm ağla gəlməlidir.

 

Ağciyər və nəfəs yolu xərçəngi ölçü və yaşayış yerlərinə görə öskürəkdən qaynaqlana bilir.

 

Öskürək refleksi gedişinə görə kəskin və xronik olmaqla iki qrupa bölünür.

 

Kəskin öskürək

 

Əgər öskürək qəflətən baş verirsə uşaqlarda infeksiya və yad cismin nəfəs yoluna düşməsi haqqında fikirləşmək lazımdır. Böyüklərdə isə zərərli kimyəvi qazların tənəffüs yollarını qıcıqlandırması səbəbindən ola bilər. Bu kəskin öskürəkdir. 

 

Xroniki öskürək

 

Xroniki öskürəyin əsas səbəbləri çoxdur. Xronik, yəni 3 aydan uzun sürən öskürək uşaqlarda astma, mukovissidoz (cystic fibrozis) adlı genetik xarakter daşıyan xəstəliklər zamanı rast gəlinir.

 

Yaşlılarda isə xroniki öskürək bəlğəmin ifrazı ilə müşayiət olunursa, bu halda astma, xroniki  bronxit, xərçəng, vərəm, ürək çatışmazlığından şübhələnmək olar.

 

Xroniki bəlğəmsiz öskürəyin səbəbləri sinusitlər, astma, qida borusu reflüksü və bəzi təzyiq dərmanlarının əlavə təsirləri olur. 

 

Xroniki öskürək ağır hallarda qusma, başgicəllənmə və huşunu itirməyə səbəb ola bilər.

 

Göy öskürək

 

Bu xəstəlik yuxarı tənəffüs yollarının iltihabı və tutmaya bənzər spazmatik öskürəklə müşayiət olunan kəskin infeksion xəstəlikdir. Xəstəliyə daha çox 5 yaşa qədər peyvənd olunmamış uşaqlar yoluxurlar.

 

Uşaqlarda göy öskürək xəstəliyində meydana çıxan öskürək ani, təkrarlanan və çox güclü olur. Tək bir nəfəsdə otuza qədər olan və nəfəsalmaya imkan verməyən təkrar tutmalar olur. Bu səbəbdən xəstə uşaq boğulmağa başlayır və göyərir. Belə kriz tutmaları gün ərzində 15-20 dəfə təkrarlana bilər. Bəzən belə tutmalar qusma ilə sona çatır.

 

Xəstənin üzü şişkinləşır, bəzən dəridə qanaxmalar yaranır. Konyuktivit başlaya, dil yüyənində yara əmələ gələ bilər. Bəzən gecə saatlarında və ya səhərə yaxın qıcolma müşahidə edilir.

 

Qusma ilə bitən digər öskürək tipləri isə burun axıntısı ilə bağlı olan öskürəklərdir.