Mümkün qədər toxunmamaq və əlləri tez-tez yumaq. Pandemiya ərəfəsi bu və digər vərdişlər gündəlik həyatımızın bir hissəsinə çevrilib.
Hazırda vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, əl təmizliyi və maskalardan istifadə kimi qaydalara riayət olunması da vacib görülür. Görünür virusdan qorunmaq üçün əlcək və maska istifadəsi uzun müddət həyatımızda yer alacaq.
Aztibb.az tibbi əlcək və maskaların tarixi haqqında yazını təqdim edir.
Cərrahlar əməliyyata başlamazdan əvvəl başlıq, maska və əlcəklərini geyinirlər. Bu tətbiqin 100 ildən çox tarixi var. Əməliyyatlarda ilk əlcək istifadəsi 1894-cü ildə ABŞ-dakı Con Hopkins Xəstəxanasının baş cərrahı Uiliam Stivart Halstedin təşəbbüsü ilə yayılmağa başladı.
1896-cı ildə maskanı istifadə edən ilk cərrah Jan Mikulic idi. Polşalı cərrah J.Mikulic həyatının çox hissəsini o vaxt tibbin mərkəzi sayılan Vyanada keçirdi. Cərrah ənənəni burda yaymağa başladı.
Əlcək və maskaların istifadəsi əvvəllər də bəzi cərrahlar tərəfindən gündəmə gətirilmişdi, elə bu təcrübəni populyarlaşdıran da məhz bu iki məşhur cərrah oldu. Hər iki cərrah öz cərrahi üsulları ilə tanınırdı.

Cərrahların maskalardan istifadəsi uzun müddət dəstəklənmədi. Cərrahiyyə qruplarından yalnız birində, yuxarı tənəffüs yollarının infeksiyası xəstəliklərindən müalicə zamanı istifadə edilməsi məqbul hesab edilirdi.
1897-ci ildə Pol Bercer 6 qat materialdan ibarət maska istifadə etməyə başladı. Bu yolla ağzından və burnundan damcı ilə tökülən bakteriyalar təcrid edilirdi. Bununla maskanın effekti müşahidə olundu və həqiqətən tibbi personal arasında xəstələrdən yoluxmanın azaldığı sübut olundu.
Maskalardan istifadə 1920-ci illərdən sonra ciddi şəkildə qəbul edildi. Təbii ki, bu arada 1918-1919-cu illərdə 50 milyon insanın öldüyü İspan qripi infeksiyası yayılmışdı. Bu epidemiya zamanı maskalardan istifadə təkcə xəstəxanalarda deyil, bütün cəmiyyətdə virusdan qorunmaq məqsədi ilə geniş tətbiq edilirdi.
1918 -ci il qlobal qrip pandemiyası zamanı həm tibb işçiləri, həm də ictimaiyyət nümayəndələri qoruyucu maskalardan istifadə edirdilər, xüsusən də bəzi əyalətlərdə iş yerlərində və ictimai nəqliyyatda məcburi idi.
Hələ əvvəllər əməliyyat otaqlarında cərrahi əməliyyatlar zamanı istifadə olunan maskaların xəstələri və ya cərrahları qoruyub-qorumaması ilə bağlı çoxlu mübahisə var idi. Çoxsaylı tədqiqatlar göstərdi ki, maskasız cərrahi əməliyyatlarda infeksiya artmır. Bu, əlbəttə ki, cərrahiyyə qrupunun sağlam olduğu hallar üçün keçərli idi.
Cərrahi maskaların xəstələrdən cərrahlara keçə biləcək xəstəliklər üçün qoruyucu olub-olmaması uzun müddət sual olaraq qaldı. Məlum idi ki, hava yolu ilə ötürülə bilən xəstəliklərdən qoruya bilər. Ancaq bir çox xəstəliklər, xüsusən də hepatit və QİÇS kimi xəstəliklər hava ilə deyil, qanla ötürüldüyü üçün maska ilə bağlı araşdırmalar aktuallığını itirdi.
Tibbi əlcəklədən istifadənin tarixi bir sevgi hekayəsi ilə başlayır.
1847-ci ildə Semmelvais tərəfindən gigiyenik faydaları sadalanmaqla başladılan əl yuma tövsiyəsinə Pasteur tərəfindən bakteriyaların tanınması ilə daha geniş əməl olundu.
İngiltərədə “Antisepsisin atası” olaraq bilinən Cozef Lister bütün cərrahi prosedurlardan əvvəl əllərin və cərrahi alətlərin karbolik turşu ilə yuyulmasına öncülük etdi.
1894-cü ildə həkim Halstedlə çalışan tibb bacısı Kerolayn Hampton əllərində karbolik turşu səbəbindən yara yarandığı üçün əməliyyat otağında çalışmaq istəmədiyini bildirir. Tibb bacısına aşiq olan Halsted ondan ayrılmasın deyə o vaxt süni yolla kauçuk hazırlayan “Goodyear Rubber Company”yə müraciət edərək, xüsusi rezin əlcək istehsal etmələrini xahiş edir. Bu əlcək sayəsində Kerolayn Halsted ilə işləməyə davam edir. Daha sonra isə cütlük evlənir.
Sonralar Halsted kokain və morfinin lokal anesteziya və sinirlərə təsirini araşdırmaq məqsədilə hər iki maddənin öz üzərində təcrübəsini aparır və gözlənildiyi kimi kokainə, sonra isə morfinə aludə olur. Dəfələrlə müalicə almasına baxmayaraq, morfinin asılılığından tam sağalmır. Həmin dövrdə bu maddələrə qadağa yox idi və müxtəlif xəstəliklərin müalicəsində istifadə edilirdi.

Zamanla, təcrübələr əsasında müəyyən olundu ki, maskanın qoruyucu təsiri məhdud olsa da, xəstəliyin başqalarına yayılmasının qarşısını alır. Üstəlik, infeksiyalara bir çox insanda heç bir simptom olmadan rast gəlindiyi üçün hər kəsin müəyyən müddət maskadan istifadə etməsi vacib görülüb.
Əlcəklə bağlı isə vəziyyət fərqli idi. Viruslar dəridən keçmir. Ancaq bir müddət səthlərdə rast gəlindiyi üçün əllər bu bölgələrdən viruslara bulaşa bilərdi. Odur ki, mümkün qədər toxunmamaq və əlləri tez-tez yumaq məsləhət görülüb.
İstehsalatda tibbi əlcəklər lateks, nitril kauçuk, polivinil xlorid və neopren kimi müxtəlif polimerlərdən hazırlanır.

