Bir sual, bir cavab  – Hansı hallarda bel ağrısı ilə bağlı həkimə müraciət etmək lazımdır?
28.08.2021 09:38

Bel ağrısı müxtəlif mənşəli ola bilər. Bəzən böyrəklərdə, əzələ sistemində olan problemlər də beldə ağrılara səbəb olur. Lakin bu ağrıların əksər hissəsi əsasən onurğa sütununda olan dəyişikliklərlə bağlıdır. Əgər ev şəraitində aparılan yüngül müalicə, ilkin tədbirlər nəticə vermirsə və ağrılar iki sutkadan çox davam edirsə, artıq həkimə müraciət etmək lazımdır. Bu məsələdə mühüm olanı - xəstələrə düzgün diaqnozun qoyulmasıdır. Çünki bəzən xəstələr ara həkimlərinə müraciət edirlər və ya digər üsullardan istifadə edirlər: ağrıkəsicilər, isidici plastırlar, banka qoyulması, quluncun qırılması kimi metodlardan istifadə edirlər. Bəzən olur ki, bu, xəstəliyin daha da ağırlaşmasına gətirib çıxarır. 

 

Əgər bel ağrıları birdən-birə başlayırsa, ağrılar o qədər də şiddətli deyilsə və bundan başqa orqanizmdə heç bir problem yoxdursa, şiddətli ağrı deyilsə və ilk dəfə yaranırsa, onda yataq rejimini gözləmək, bir sutka ərzində müəyyən ağrıkəsicilərdən istifadə etmək olar. Amma ağrı proqressivləşirsə, ağrı ilə yanaşı digər problemlər çıxırsa – ayaq keyiyirsə, sidikdə problemlər yaranırsa, temperatur qalxırsa, onda mütləq həkimə getmək lazımdır.

 

Bəzən elə olur ki, daim ayaq üstündə olan və ya daimi oturaq həyat tərzi keçirən şəxslərdə, həmçinin əzələ dartınması olanların da beli ağrıya bilər. İstənilən halda çox yaxşı olardı ki, həkim müayinəsindən keçəndən sonra massaj təyin olunsun. Yoxsa, ayrı fəsadlar yarada bilər. Yırtıq və protruziya zamanı ağrıyan nahiyəyə istiliyin verilməsi, banka qoyulması xəstələrin durumunu daha da çətinləşdirir. Bu hallarda əskinə, həmin hissə soyudulmalıdır.

 

Adətən xəstələr arasında belə bir narahatlıq olur ki, bel ağrıyırsa, demək mütləq əməliyyat olunmalıdır. Halbuki, heç də bütün xəstələrdə əməliyyata göstəriş olmur. Biz müxtəlif testlər, müayinələrin köməyilə xəstənin hansı müalicəyə ehtiyacı olduğunu müəyyənləşdiririk. Əgər xəstə bizim xəstədirsə, fizioterapiyaya ehtiyacı varsa, özümüz müalicə edirik. Lazım gələndə, neyrocərraha göndəririk, əməliyyatı məsləhət görürük. 

 

Biz özümüz xəstəyə ağrıkəsici və soyuq verməklə bel nahiyəsində ödəmin - şişin götürülməsini təmin edirik. Sonra da uyğun terapiya seçilir. Lakin onurğada böyük ölçüdə, sinir köklərini sıxan, xəstənin gəzməsinə problem yaradan yırtıq varsa, hökmən neyrocərraha müraciət olunmalıdır.

 

Bu gün aktual olan belarası fəqərələrin yırtığının yaranmasıdır. Onurğa insanın dayaq nöqtəsidir, bel də bütün yükü daşıyır. Çəki çox olanda, ağır yük qaldırıb itələdikdə, bel nahiyəsinə daha çox yük düşür. Belə olanda fəqərələrin arasında yastıq funksiyasını daşıyan, sürtünmənin qarşısını alan qığırdaqlarda deformasiyalar yaranır. Yırtıqlar (qrıja), protruziyalar ortaya çıxır.


Bundan başqa, onurğa sütununda fəqərələrin bir-birinin üzərində sürüşməsi də olur. Hər bir insanın quruluşu elədir ki, fəqərələr arıdıcıllıqla düzülüblər. Onların bir-birinə nəzərən önə, arxaya yerdəyişməsi ağrılar yaradır. 
Digər səbəblərdən biri - onurğa kanalında əmələ gələn stenozlardır. İnsan yaşa dolduqca, belinə düşən yükün artması fəqərələr arasındakı bağlarda qalınlaşmalar əmələ gəlir. Bu da onurğa kanalındakı sinirlərin sıxılmasına, həmin nahiyənin daralmasına gətirib çıxarır. 

 

Xalq arasında “sümük yumşalması” – osteoporoz deyilən xəstəliyə də çox rast gəlinir. Bu problemləri önləmək üçün çəkinin artmasının qarşısını almaq, idmanla məşğul olmaq məsləhətdir. Həm bel, həm qarın əzələləri məşq etdirilməlidir, qüvvətləndirilməlidir. Çünki möhkəmə əzələlər sanki korset funksiyasını yerinə yetirmiş olur. 


Vətəndaşlar düzgün oturmalıdır. Bir tərəfə, yaxud önə əyilmək olmaz, əks təqdirdə skalioz yarana bilər. Əgər kimsə işi ilə bağlı uzun müddət ayaq üstündə durmaq məcburiyyətindədirsə, onda ayaqlarını hərəkət etdirməklə, belə düşən yükü bölüşdürməlidir. 

 

Ən vacib məsələlərdən biri də yataqların düzgün seçilməsidir. Fiziki işlə oturaq işləri növbələşdirmək lazımdır. Məsləhət görərdim ki, hər kəsə ağır yükü götürməkdən çəkinsin. Kişilərin diqqətinə çatdıraq ki, siqaret çəkilməsi də bel ilə bağlı problemləri artırır. Çünki, orqanizmin bütün toxumalarında olduğu kimi bel əzələlərində də oksigen çatışmazlığı yaranır. Bu da bir az zədələnmiş çətinliyə düşən əzələlərin daha da zəifləməsinə gətirib çıxarır.

 

Hidroterapiya – üzgüçülüklə məşğul olmaq, hovuza getmək də ağrıların azalmasına, həm də insanların düzgün formalaşmasına kömək göstərir.

 

Əgər ilkin müayinə zamanı ciddi onurğa problemindən şübhələniriksə, son diaqnozun qoyulması üçün maqnit rezonans tomoqrafiyadan (MRT) istifadə edirik. Bəzən xəstələr daha ucuz olması üçün, tez alınması üçün səhvən kompüter tomoqrafiyasından istifadə edirlər. Lakin bunlar fərqli müayinələrdir. Onurğa patologiyası zamanı mütləq MRT-dən keçmək lazımdır. Bəzən isə MRT nəticələri olduğu halda rentgen müayinəsindən də keçiririk. Çünki rentgeni xəstənin hərəkətdə olduğu halda da çəkmək olur.

 

Düzgün diaqnoz qoyulursa və düzgün müalicə aparılırsa, əməliyyatdan sonra şikayətlərin 95 faizi bitir. Çox az hallarda ağrılar qismən azalmış olur. Belə hallarda ağrının götürülməsi üçün fizioterapiya lazımdır.

 

tibb üzrə fəlsəfə doktoru Nurlana Əliyeva

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib