Azərbaycanda urologiyanın qısa tarixi – Birinci yazı
28.08.2021 10:33

1970-ci illərdə Tibb İnstitutunda cərrahiyyənin inkişaf sahələrinə uyğun olaraq onkologiya, urologiya, travmatologiya, neyrocərrahiyyə və anesteziologiya kafedraları yaradıldı. Təhsil ocağının cavan cərrah kadrlarının ölkənin elmi mərkəzlərində praktiki təcrübə toplamaları və elmi yeniliklərlə yaxından tanış olmaları üçün uğurlu tədbirlər həyata keçirildi.

 

Aztibb.az Azərbaycanda urologiyanın qısa tarixi və bu sahədə xidmətləri olan görkəmli alimlərin həyat yolu və elmi fəaliyyətləri haqqında yazını təqdim edir.

 

O illərdən başlayaraq, respublikamızda böyrək xəstəlikləri müalicəsi sahəsində mühüm inkişaf tendensiyası baş verdi, xüsusən urologiyanın klassik müalicə metodları inkişaf etməkdə idi.

 

Azərbaycan Tibb Universitetinin Urologiya kafedrası 26 mart 1975-ci ildə M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 60 çarpayılıq uroloji şöbəsinin bazasında təşkil edildi. Bir neçə il sonra M.N.Qədirli adına Mərkəzi Hövzə xəstəxanasının 45 çarpayılıq Urologiya şöbəsi də baza kimi kafedraya verildi. Kafedra təşkil edildikdən sonra kafedra müdiri vəzifəsinə t.e.d. Nurəli Lətif oğlu Əfəndiyev təyin olundu.

 

 

N.L.Əfəndiyev 1962-ci ildə Moskvada “Prostat vəzinin hipertrofiyası zamanı adenomektomiyaya göstərişlər” mövzusunda namizədlik və 1969-cu ildə “Böyrəyin bəzi xəstəlikləri zamanı onun rezeksiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Kafedra müdiri vəzifəsinə seçilənə kimi o, Moskvada 50 saylı kliniki şəhər xəstəxanasının uroloji şöbəsinin müdiri işləyib. Professor N.L.Əfəndiyev 1990-cı ilə kimi kafedraya rəhbərlik edib. Bu müddətdə kafedranın əməkdaşları tərəfindən bir çox məqalələr və monoqrafiyalar çap edilib, tədris prosesinin təşkil olunmasında mühüm işlər görülüb.

 

SSRİ məkanında ilk ən güclü uroloji məktəbin, eləcə də Azərbaycanda uroloji məktəbin yaradıcılarından bir akademik Mirməmməd Cavad oğlu Cavadzadə olub.

 

Ötən əsrin 50-ci illərindən urologiyanın qlobal və təxirəsalınmaz problemlərinin həlli yollarının axtarışına çıxan gənc alim bu sahənin inkişafını anesteziologiya-reanimotologiya ilə əlaqələndirirdi. O, urologiya təcrübəsində ilk dəfə olaraq prostat vəzi və sidik kisəsində cərrahi əməliyyat zamanı çanaq sümükdaxili anesteziya tətbiq edib.

 

 

 

Gərgin axtarışlar nəticəsində belə bir qənaətə gəlib ki, uroloji əməliyyatların geniş spektrinə yalnız birdəfəlik seçilmiş anestezioloji təminat vermək mümkün deyil. Xəstələrin vəziyyətindən və cərrahi müdaxilənin spesifik xüsusiyyətlərindən asılı olaraq, ağrısızlaşdırmanın daha əlverişli üsullarından istifadə edilə bilər.

 

1958-ci ildə keçmiş Sovet İttifaqında hemodializ əməliyyatının ilk seansında iştirak edən həkimlərdən biri olan Mirməmməd Cavadzadə sonralar Azərbaycanda həmin əməliyyatın əsasını qoyub.

 

Alim 1963-cü ildə Rusiyadan Bakıya dəvət olunub və müsabiqə yolu ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun urologiya və operativ nefrologiya kafedrasına müdir seçilib.Doğma Azərbaycana qayıtdıqdan sonra o, yüksək səviyyəli elmi-klinik müəssisə yaratmış və bununla da müasir klinika məktəbinin və urologiya elmində yeni istiqamətin təməlini qoyub. M.Cavadzadənin rəhbərliyilə bir neçə xəstəxananın urologiya şöbələri birləşdirilərək, respublikada urologiya və onunla əlaqədar elmlərin inkişafına təkan verilib.

 

1965-ci ildə ilk dəfə xəstənin aydın olmayan diaqnozunun aortoqrafiyasını aparıb. Bundan bir il sonra isə onun təşəbbüsü və rəhbərliyi ilə keçmiş SSRİ-də ilk dəfə məhz Bakıda ixtisaslaşdırılmış uroloji müalicə müəssisəsi - Respublika Kliniki Uroloji Xəstəxanası yaradılıb.

 

1971-ci ildə Mirməmməd Cavadzadənin rəhbərliyi ilə Cənubi Qafqazda ilk dəfə terminal böyrək çatışmazlığı zamanı böyrək köçürülməsi əməliyyatı həyata keçirilib. Ölmüş insandan götürülmüş böyrəyin xəstəyə köçürülməsi urologiyada yeni bir mərhələ kimi qiymətləndirilib. O, 1971-1984-cü illərdə 30 böyrək köçürülməsi əməliyyatı aparıb.

 

1974-cü ildə görkəmli alim Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunur və ömrünün sonunadək bu instituta rəhbərlik edərək, qırx beş il ərzində tibb kadrlarının hazırlanması və təkmilləşdirilməsi işinə öz layiqli töhfəsini verir.

 

1990-ci ildə Urologiya kafedrasının müdiri vəzifəsinə professor Sudeyf Bəşir oğlu İmamverdiyev seçilib. Azərbaycanda Urologiyanın inkişafında onun böyük xidmətləri olub. O, 1968-ci ildə Bakıda “Sidikliyin, prostat vəzinin və xarici cinsiyyət üzvlərinin şişlərində limfoqrafiya və sümükdaxili çanaq fleboqrafiyasının rolu” mövzusunda namizədlik, 1974-ci ildə isə Moskvada   “Hər iki böyrək arteriyasının xəstəliyi zamanı vazorenal hipertoniyanın cərrahi müalicəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Alim 1976-cı ildə Urologiya kafedrasının dosenti, 1977-ci ildə isə professoru vəzifəsinə seçilir.

 

 

 

O, 80-ci illərdən başlayaraq, cərrahi əməliyyatların texniki cəhətdən təkmilləşdirilməsi istiqamətində böyük işlər görüb. S.İmamverdiyev işlədiyi müddətdə urologiyanın müxtəlif sahələrinə həsr olunan 13 ixtira və səmərələşdirici təklif verib. Bunlara nefroptozun cərrahi müalicəsi zamanı böyrək və böyrəkətrafı toxumalarda baş vermiş dəyişikliklərin xüsusiyyətlərinə görə tətbiq olunan 3 nefropeksiya üsulu (1984, 1986, 1992), sistektomiyadan sonra sidik axarının S-vari bağırsağa köçürülməsinin yeni modifikasiyası (1986), prostat vəzinin adenoması olan ahıl və qoca yaşlı xəstələrin taktivinlə immunokorreksiyası (1988), veziko-vaginal fistulaların transperitoneal plastikası (1991), mərcanvari və çoxlu nefrolitiazın cərrahi müalicəsində böyrək arteriyasının sıxılması zamanı böyrəyin işemiyadan müdafiəsi (1993) aiddir.

 

Bundan əlavə, prostat vəzinin adenoması zamanı yeni hemostaz üsulu (1985, 1997), sidik kisəsi xərçəngində sidiklikdən keçməklə sidikliyin rezeksiyası və ureterosistoneostomiya üsulu (1987, 1998), varikoselektomiya zamanı kollateral venaların aşkarlanması üsulu (2004), Anderson-Xaynes əməliyyatının yeni modifikasiyası (2005) da daxildir. Bütün bunlar urologiyanın inkişafına güclü təkan verib və xəstələrin müalicəsində böyük dönüş yaradıb.