ATU-nun professoru yodun geniş təbliğinin əsassız olduğunu bildirir  
05.03.2024 13:47

Bəzi həkimlər və nüfuz sahibi olan şəxslər sosial şəbəkələrdə yodun "min bir dərdin dərmanı" olduğunu iddia edir. Hətta hamiləlik zamanı ana sağlamlığı, dölün normal inkişafı, xüsusən ilkin uşaqlıq yaş dövründə zehni və nitq inkişafında yodun ən önəmli və zəruri vasitə olduğu söylənilir. Bu qənaətin istinad nöqtələrindən biri ÜST-ün tövsiyə xarakterli statistik təhlilidir. Məsələn, dünya əhalisinin 30%-dən çoxunun yod çatışmazlığından əziyyət çəkdiyi bildirilir. Gündəlik yoda olan tələbatdan 50 dəfə artıq yod qəbul edən yapon qadınları arasında döş vəzi xərçənginin digər ölkələrə nisbətən 3 dəfə az olması, insanların orta ömür müddətinin isə 82 il olduğu bildirilir və s.

 

Aztibb.az xəbər verir ki, ATU-nun Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev yod preparatları ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

 

Professor yodun dəniz yosunları və neft buruğu sularından alındığını xatırladıb. Bildirib ki, insan orqanizminin yoda təlabatına gəlincə, orta çəki vahidi kimi qəbul olunan 70 kq-lıq insan orqanizmində 60-dan artıq kimyəvi element var. Bədən kütləsinin 99%-dən çoxunu 6 element - oksigen, hidrogen, azot, karbon, каlsium, fosfor təşkil edir. Yod yerdə qalan 54 mikroelementdən (element yox) biridir. O həm də orqanizmin mövcudiyyəti üçün zəruri olan 22 mikroelement sırasına daxildir, 54-lük sıralanmada 20-ci yerdə durur.


Musa Qəniyev qeyd edib ki, orqanizmin gündəlik yoda ehtiyacı 150 mikroqramdan yüksək deyil. Hormonal disfunksiya yalnız bu miqdar 50 mkq-dan az olduğu halda meydana çıxır. Digər tərəfdən, hətta yod qəbuluna mütləq məhdudiyyət qoyulsa belə, qalxanabənzər vəzdə ehtiyat halında depolaşan yod 2 ay daxili tələbatı ödəmək üçün yetərlidir.

 

Kafedra müdiri qadınlarda hamiləlik zamanı yoda tələbatın artdığını (200 mikroqram və daha çox) diqqətə çatdıraraq bunun səbəbini də göstərib. Onun sözlərinə görə, dölün tələbatı ilə yanaşı, mübadilə proseslərinin intensivləşməsi və hormon balansının modulyasiyasının nəticəsi olaraq, xorionik qonadotropin tərəfindən qalxanabənzər vəz folikul hüceyrələrinin stimulyasiyası fonunda, vəzdə baş verən hipertrofiya yoda tələbatı artırır. Bu hal hamiləliyin ilk trimestrində baş verir. İkinci və üçüncü trimestrində hormonal aktivlikdə müşahidə olunan disbalans bərpa olunduğuna görə, trioid hormonların plazmadakı miqdarı azalır və yoda tələbat hamiləlikdən əvvəlki səviyyəyə düşür. Körpələrdə leksik təfəkkür və nitqin inkişafına gəlincə, bu 3-cü xromosomda yerləşən və şərti adı ROBO2 olan genin irsiyyətə bağlı substruktur fəallığından asılıdır. Bu prosesdə yodun birbaşa iştirakını təsdiq edən elmi məlumat yoxdur.

 

Professor Musa Qəniyev  təmiz yodun çox toksiki maddə olmasını və yüksək miqdarın kəskin zəhərlənmə ilə nəticələnə biləcəyini vurğulayıb. Eyni zamanda yodun təbliği ilə məşğul olanları onun əlavə təsirləri haqqında da danışmağa dəvət edib: “Həqiqət budur ki, insan bütün ömrü boyu cəmi 3-5 qram yod istifadə edir və bu da cəmi 1 çay qaşığı tutumuna bərabərdir. Ona görə də yod haqqında deyilib-yazılanlara ciddi yanaşmağa ehtiyac yoxdur".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev