Diabet xəstələrinin 45 faizində orta və ya ağır dərəcədə xronik böyrək xəstəliyi mövcuddur - Həkim-nefroloq
27.08.2021 14:54

Xroniki böyrək xəstəliyinin ən çox rast gəlinən səbəbi şəkərli diabetə bağlı böyrək zədələnməsidir. Şəkərli diabet xəstələrinin təqribən 45 faizində orta və ya ağır dərəcədə xronik böyrək xəstəliyi mövcuddur.

 

Bu barədə Mərkəzi Gömrük Hospitalının həkim-nefroloqu Mirmənsim Məmmədov şəkər xəstəliyi zamanı əmələ gələn böyrək zədələnməsi ilə əlaqədar danışarkən deyib.

 

O, birinci tip şəkərli diabet diaqnozu qoyulan xəstələrdə ilk 5 ildə və 25 ildən sonra xroniki böyrək xəstəliyinin baş vermə ehtimalının az olduğunu bildirib: ikinci tip şəkərli diabet diaqnozu qoyulan vaxtda həmin xəstəliyin aşkarlanması mümkündür. Şəkər səviyyəsinin qanda normadan çox yüksək olması orqanizmdəki bütün damarların daha erkən zədələnməsinə səbəb ola bilər. Bu vəziyyət xəstələrdə göz (retinopatiya), ürək-damar xəstəlikləri, neyropatiya və böyrək xəstəliyinə (nefropatiya) gətirib çıxarır. Şəkər xəstəliyi səbəbi ilə əmələ gələn böyrək zədələnməsi diabetik nefropatiya adlanır. Xroniki böyrək çatışmazlığı zamanı dializ alan xəstələrin təxminən yarısına yaxını şəkərə bağlı böyrək zədələnməsi ilə əlaqədardır.

 

Böyrəklər qanı təmizləyən filtr funksiyasını yerinə yetirirlər. Damarlar vasitəsi ilə orqanizmdəki zərərli maddələr böyrəklərə gəlir, sonra orqanizm üçün artıq olan maye və zərərli maddələr atılır, faydalı maddələr (protein və minerallar) isə geriyə sorulur. Qan şəkərinin və qan təzyiqinin yüksək olması böyrəyin əsas işini görən filtrlərə ziyan verir. Böyrəklər zədələndikdə orqanizm üçün lazım olan zülallar sidik vasitəsi ilə xaric olur, xəstəliyin daha da irəliləyən dövrlərində xaric edilməsi lazım olan maye və zərərli maddələr (kreatinin, sidik cövhəri və s.) yenidən qana qarışır. Diabetik nefropatiya hər iki böyrəyi eyni vaxtda zədələyir. Şəkər xəstəliyi ilə əlaqədar böyrək zədələnməsi illər ərzində formalaşdığı üçün narahatlıq və yaxud heç bir şikayət olmur. Böyrək zədələnməsinin irəliləyən dövrlərində şikayətlər adətən ürəkbulanma, qusma, halsızlıq və s. kimi özünü büruzə verir. Orqanizmdəki mayenin artması nəticəsində əl və ayaqlarda şiş (ödem), arterial təzyiqin yüksəlməsi müşahidə olunur.

 

Həkim-nefroloq daha sonra deyib: Böyrəklərdə problem olub-olmadığını aydınlaşdırmaq üçün ilkin olaraq qanda kreatinin, sidikdə mikroalbumin və s. miqdarı yoxlanılmalıdır. Böyrək zədələnməsi yarandıqda, yəni şəkərə bağlı xroniki böyrək çatışmazlığı əmələ gəldikdə xəstəliyin tam müalicəsi mümkün olmur. Aparılam müalicələr xəstəliyin irəliləməsinin qarşısını alır. Ona görə də əsas xəstəlik yaranmazdan əvvəl lazımi tədbirlər görülməlidir. Zədələnmənin təməlində yüksək qan şəkəri olduğu üçün onun normal səviyyədə tutulması müalicənin əsasını formalaşdırır. Bundan başqa, qan təzyiqi və xolesterolun yüksək olması böyrək zədələnməsini sürətləndirdiyinə görə, bu istiqamətdə də müalicə olunmaq zədələnmənin qarşısını alır. Qan təzyiqini normal səviyyədə olduğu halda nəinki böyrək, eyni zamanda göz, beyin, sinir, ürək-damar sistemində də baş verə biləcək zədələnmələrin qarşısını almaq mümkündür. Şirin, duzlu və zülallarla zəngin qidalardan uzaq olmaq məsləhət görülür.

 

Şəkər xəstəliyi, xüsusilə ikinci tip diabet aşkar olunan kimi 3-6 aydan bir həkim-nefroloqun nəzarəti altında olmaq lazımdır. Yanaşı xəstəliklər varsa və bununla əlaqədar qəbul edilən dərmanlar, xüsusilə ağrıkəsicilər böyrəklərdə zədələnmə yaratdığı üçün həkim məsləhəti olmadan qəbul etmək tövsiyə olunmur. Siqaret çəkmək, spirtli içkilərin qəbulu xəstəliyi ağırlaşdıran səbəblər sayılır. Əgər sidiyə gedərkən ağrı, yandırma, tez-tez və gecə tualetə getmək, sidiyin bulanıq və köpüklü olması kimi halla baş verirsə, yubanmadan həkim-nefroloqa müraciət etmək məsləhətdir.