Varikoz qan damarlarının genişlənməsi və ya genişlənən damarlardakı qanın normal şəkildə geriyə doğru axmaması nəticəsində əmələ gələn bir haldır.
Nizami Tibb Mərkəzinin cərrah-fleboloqu Aydın Salahov Aztibb.az-a bildirilib ki, varikozun ilkin simptomlarını hiss edən şəxslər, adətən, xəstəliyin irəliləmiş dövrlərində həkimə müraciət edir:
“Varikoz insanın həyat keyfiyyətini zəiflədən xəstəlikdir. Xəstəlik, əsasən, ayaq üstə çox qalmaq, oturaq həyat tərzi, artıq çəki, hamiləlik, ürək-damar xəstəlikləri səbəbindən yaranır. Orqanizmdə qanın aşağı ətraflardan ürəyə doğru hərəkəti venadaxili xüsusi klapanlar vasitəsilə həyata keçirilir. Varikoz xəstəliyi zamanı isə klapanların zəifləməsi nəticəsində qan venalarda toplanır və venaların daxilində təzyiq artır. Bununla da venalar genişlənir, elastikliyini itirir. Bu zaman dəri altında göyərmiş, qıvrılmış damarlar hiss edilir. Bu isə öz növbəsində estetik baxımdan xoşagəlməz görünüşü ilə yanaşı, tromboz, dəri yarası kimi çox ciddi problemlərə səbəb olur”.
İnvaziv radioloq isə bildirir ki, varikoza, əsasən, ayaqlarda, xüsusilə baldırda və dizlərin altında rast gəlinir:
“Varikoz daha çox irsi faktorlar, oturaq həyat tərzi, fiziki aktivliyin az olması, peşəyə uyğun olaraq ayaq üstdə qalmaq və ya əksinə oturaq işləmək, artıq çəki, çox dar geyimlərdən və ya dikdaban ayaqqabılardan istifadə, hamiləlik dövründə varikoza qarşı olan corablardan istifadə etməmək kimi səbəblərdən meydana çıxır. Əlamətləri isə, əsasən, ağrı və narahatlıq hissi, dəridə qaşıntı, qızartı və xoraların olması, ayaqlarda qanaxmalar, şişmələr, tromboflebit kimi ağırlaşmalardır”.
Cərrah-fleboloq Aydın Salahov qeyd edir ki, bütün bunlarla yanaşı, oturaq mühitdə çalışmaq da varikoza səbəb olan faktorlardandır:
“Ofis işçiləri, sürücülər, proqramçılar, dərzilər, telefon operatorları və bu kimi sahələrdə çalışanlar oturaq mühitdə işlədikləri üçün onlarda da varikoz yaranma riski yüksəkdir. Ümumilikdə desək, az hərəkətli həyat tərzi varikozun əmələ gəlməsində önəmli rol oynayır. Eyni zamanda ağır fiziki işlə məşğul olan şəxslərdə də varikoz çox müşahidə edilir. Qarındaxili təzyiqin artmasına səbəb olan işlərlə məşğul olan şəxslərdə, idmançılarda, ağırlıq qaldıranlarda, tikinti sahəsində çalışan şəxslərdə də varikoz xəstəliyinə çox rast gəlinir. Habelə, təyyarədə tez-tez uçmaq da varikoz xəstəliyi yaradan amillərdəndir.
Qeyri-düzgün həyat tərzi, alkoqollu içkilərdən normadan artıq istifadə, siqaret və tütün məmulatlarından istifadə də varikoz xəstəliyini əmələ gətirir”.
Varikozun müalicəsinə gəlincə, invaziv radioloq vurğulayır ki, müalicə prosesi konservativ (preparatlarla) skleroterapiya və cərrahi olmaqla, 2 yolla aparılır:
“Cərrahi əməliyyatlar açıq və lazer (radiofrekans ablasiya) üsulları ilə icra edilir. Lazer ablasiya üsulu xəstənin ayaqlarında əmələ gələn varikoz venalarını müalicə etmək üçün istifadə olunan üsuldur. Proses əsnasında ilk növbədə varikozlu nahiyəyə bir anestezik maddə inyeksiya edilir. Daha sonra lazer fiberi dərinin altına yerləşdirilən bir kateter vasitəsi ilə varikozlu damara yeridilir”.
Cərrah-fleboloq Aydın Salahovun sözlərinə görə, varikoz xəstəliyinin 3 mərhələsi mövcuddur:
“İlkin mərhələdə ayaqlarda göyərmiş damarlar görünür, ağrılar az olur. İkinci mərhələdə isə ayaqlarda göyərmiş damarlar, ödem, ağrı, yanma hissi və qıcolmalar müşahidə edilir. Bu mərhələdə, əsasən, kiçik cərrahi müdaxilə tətbiq edilir. Üçüncü mərhələdə toxumalarda maye yığılır, trofiki xoralar əmələ gələ bilir, tromboflebit yaranır. Bu zaman isə təcili cərrahi əməliyyata ehtiyac duyulur”.
Həkim-mütəxəssislər vurğulayırlar ki, varikoz ciddi xəstəlik olsa da, müalicəsi düzgün aparıldığı halda aradan qaldırılması mümkündür. Müxtəlif müalicə metodlarından istifadə nəticəsində ağırlaşma risklərini azaltmaq olur. İlk növbədə isə həyat tərzi dəyişdirilməlidir. Fiziki işlə, gimnastika, gəzintilərlə, üzgüçülüklə məşğul olmaq varikozun müalicəsində əhəmiyyətlidir. Eyni zamanda qidalanmaya xüsusi riayət etmək vacibdir. Kəskin qidalardan, alkoqoldan, qızardılmış, yağlı yeməklərdən uzaq durmaq, vitaminlərlə zəngin minerallardan istifadə etmək lazımdır. Qida rasionuna meyvə-tərəvəz, süd məhsulları, balıq əlavə olunmalıdır.

