Ölkənin şimal bölgəsinin infeksion xəstəliklərlə mübarizədə iştirak etmiş tibb işçiləri üçün TƏLİM PROQRAMI
30.07.2021 15:40

İyulun 30-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik), Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan nümayəndəliyi, eləcə də KOICA Azərbaycanlı Məzunlar Assosiasiyasının (KOAZ) birgə təşkilatçılığı ilə Qusar rayonunda ölkənin şimal bölgəsinin tibb işçiləri üçün COVID-19 infeksiyasına dair təlim keçirilib.

 

“Azərbaycanda koronavirus pandemiyasına qarşı hazırlıq və tədbirlərin gücləndirilməsi” adlı təlimə Quba, Qusar, Xaçmaz rayon mərkəzi xəstəxanalarının və Quba Müalicə-Diaqnostika Mərkəzinin infeksion xəstəliklərlə mübarizədə iştirak etmiş tibb personalı cəlb olunub.

 

Tədbirdə təlimçi qismində KOAZ məzunları - Ramil AlməmmədovHökumə Məmmədova çıxış edərək COVID-19 xəstəliyi ilə mübarizədə Koreya təcrübəsini diqqətə çatdırıb, əldə etdikləri bilik və bacarıqları tibb işçiləri ilə bölüşüblər. Qeyd edək ki, hər iki təlimçi KOICA və Koreya Respublikasının Yonsei Universiteti tərəfindən 14-27 iyul 2020-ci il tarixlərində təşkil olunmuş “Tibb mütəxəssislərinin infeksion xəstəliklər üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi: COVID-19 test dəstinin istifadəsi” adlı kursun iştirakçısı olublar.

 

KOAZ məzunları tərəfindən hazırlanan təlim proqramına “COVID-19 infeksiyası - xəstəliyin idarə olunması, qorunma yolları, klinik xüsusiyyətləri”, “COVID-19 infeksiyasının diabet, piylənmə və demensiyada immun sisteminə və mitoxondrial dinamikaya təsiri” və “COVID‑19 infeksiyasının diaqnozu üçün mövcud və yenilikçi metodlar” adlı mövzular üzrə təqdimatlar daxil edilib.

 

Daha sonra çıxış edən Agentliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ruslan Abdullayev qeyd edib ki, koronavirus infeksiyasının qarşısının alınmasında ixtisaslaşmış ölkələrdən biri olan Koreya Respublikası tərəfindən ölkəmizə göstərilən dəstək təqdirəlayiqdir. O, bildirib ki, pandemiya dövründə Azərbaycana dəstək çərçivəsində Koreya hökuməti tərəfindən ölkəmizə 350 min ədəd qoruyucu maska və 3 ədəd Səyyar COVID-19 Müayinə Köşkü ianə edilib: “Bununla yanaşı, Koreyanın COVID-19-la mübarizədə əldə etdiyi təcrübənin Azərbaycanın tibb işçilərinə çatdırılması məqsədilə Agentliyin və KOICA-nın birgə təşkilatçılığı ilə mütəmadi olaraq təlimlər və görüşlər təşkil olunur”.

 

KOICA Azərbaycan nümayəndəliyinin direktoru Mun Conq Hyun isə çıxışında koronavirus pandemiyasına qalib gəlmək üçün tibbi xidmətlə yanaşı, ictimai fəallığın da vacib amil olduğunu vurğulayıb. O, koronovirusla mübarizə prosesinə KOICA tərəfindən bundan sonra da dəstəyin göstəriləcəyini bildirib.

 

Tədbirdə çıxış edən Qusar rayon İcra Hakimiyyətinin nümayəndəsi Telman Kazımov isə icra hakimiyyəti tərəfindən pandemiya dövründə əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər barədə məlumat verib. Qeyd edib ki, hazırda Qusar rayonunda əhalinin 33%-nə vaksin vurulub və vaksinasiya prosesinin təşkil olunması üçün rayonda 13 daimi fəaliyyət göstərən peyvənd məntəqəsi yaradılıb.

 

Sonda Agentliyin Vətəndaş müraciətləri və sənədlərlə iş departamentinin koordinatoru Nərgiz Hacıyeva bildirib ki, ölkənin şimal bölgəsində təşkil olunan bu təlim qurumun pandemiya dövründə ən çox diqqət yetirdiyi sahələrdən biri olan maarifləndirmə tədbirlərinin tərkib hissədir. N.Hacıyeva əlavə edib ki, koronavirusla mübarizə prosesində tibb işçilərinin bilik və bacarıqlarının artırılması mühüm əhəmiyyət kəsb edir. COVID-19-la mübarizədə əhalinin peyvənd olunması bu mübarizənin ən effektiv yoludur: “Tibb işçilərinin əhalinin vaksinasiyanın əhəmiyyətinə dair məlumatlandırılmasında və bununla bağlı təbliğatın aparılmasında rolu böyükdür”.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Təcili tibbi yardım briqadaları doğuş proseslərini uğurla icra edib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Mərkəzi Gömrük Hospitalının travmatoloqu AZTV-yə müsahibə verib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır