Bioloji fəallığa malik qida əlavələrinin satışı sahəsində islahatlar gözlənilir - MÜSAHİBƏ
09.07.2021 17:10

Hamımız apteklərdə dərman vasitələri ilə yanaşı, böyük çeşiddə bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) də satıldığını müşahidə etmişik. Onlar adətən görünüşcə dərmanlara çox oxşayır, qiymət baxımından isə əksər hallarda daha baha olur.

 

Bəs həmin məhsullar xəstəlikləri müalicə edirmi? Onlar dərman vasitələrindən nə ilə fərqlənir, istehlakçı bu məhsullar haqqında nələri bilməlidir?

 

Aztibb.az xəbər verir ki, bu və digər sualları Azərbaycan Tibb Universitetinin farmakoqnoziya kafedrasının dosenti Nərgiz Məmmədova cavablandırıb.

 

-Bioloji fəallığa malik qida əlavələri nədir? Mümkünsə, onların tərkibi və təyinatı, dərman vasitələrindən nə ilə fərqlənməsi haqqında məlumat verərdiniz?

 

-Bunlar əhalimiz üçün nisbətən yeni məhsullardır. Onlar qida rasionunu zənginləşdirmək məqsədilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioloji fəal maddələr və onların komplekslərinin farmasevtik formada hazırlanaraq, gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullardır. Onlara çox vaxtı yanlış olaraq “qida əlavələri” də deyirlər. Halbuki “qida əlavələri” digər kateqoriyalı məhsullara aid olub, qidanın hər hansı xassəsini - uzun müddət saxlamaq üçün, rəngini, dadını, xarici görünüşünü dəyişdirmək məqsədilə istifadə edilir və qidanın ümumilikdə insan orqanizminə təsirini dəyişdirmir. BFMQƏ-lərin tərkibinə bir çox maddələr daxil ola bilər: zülallar, karbohidratlar, piyli və efir yağları, vitaminlər, vitaminəbənzər maddələr, probiotiklər, prebiotiklər, fermentlər, bitki və heyvan mənşəli maddələr və s. Onların tərkibində zəhərli, güclü təsirə malik, az öyrənilmiş, qida üçün yolverilməz inqrediyentlərin mövcudluğu qadağandır. Həmin məhsullar dərman vasitələrindən fərqli olaraq qidalanmanın optimal fizioloji rasionunu təmin etmək üçün istifadə olunur. Farmakoloji effektlərə, kəskin əlavə təsirə malik olmur və yalnız fizioloji dəyişikliklər çərçivəsində insanın funksional aktivliyini qoruyub saxlamaq məqsədi daşıyır. Onlar müalicə üçün nəzərdə tutulmayıb.

 

-Həmin məhsulların sayı və çeşidi gündən-günə artmaqdadır...

 

-Əvvəlcə onların yaranma səbəbləri haqqında məlumat vermək istərdim. BFMQƏ-nin dünya üzrə məşhur istehsalçıları həmin məhsulları yeni və modern hesab etsələr də, onların primitiv formaları hələ ibtidai icma cəmiyyətində istifadə olunub. Güman edilir ki, ilk çoxkomponentli BFMQƏ Misir təbibləri tərəfindən eramızdan əvvəl V əsrdə icad olunub. Müasir BFMQƏ-nin yaranma tarixi XX əsrin əvvəllərindən başlanır və amerikalı kimyaçı Karl Rehnborqun adı ilə bağlıdır. O, əvvəlcə hazırladığı məhsulları qida rasionunu yaxşılaşdırmaq məqsədilə ətrafındakılara pulsuz paylayırmış. Uğurlu nəticələr onu həmin məhsulları satış üçün istehsal etmək ideyasına gətirib çıxarır. 1934-cü ildə Karl Rehnborq kifayət qədər varlanır və “California Vitamins” şirkətini yaradır. Rehnborqun bu sahədəki nailiyyətini təkrarlamaq arzusunda olan bir çox şirkətlər 1970-ci illərdən etibarən BFMQƏ-nin patentləşdirilməsinə və istehsalına başlayırlar. Dərman vasitələrindən fərqli olaraq, onların illərlə heyvanlar və insanlar üzərində sınaqdan keçirilməsinə ehtiyac yoxdur. Üstəlik də böyük gəlir gətirir. Təsəvvür edin ki, əgər bir dərman vasitəsinin hazırlanması üçün vəsait xərci orta hesabla yüz min dollardan başlayırsa, BFMQƏ-nin hazırlanmasına 10 dəfə az pul kifayətdir. Fikrimcə, məhz bu səbəbdən BFMQƏ-nin sayı və çeşidi gündən-günə artmaqdadır. Bu məhsullar hazırda dünyanın bütün ölkələrində, xüsusən də Avropa ölkələrində populyardır və böyük tələbat var. Həm də onları reseptsiz əldə etmək asandır deyə, əhali tərəfindən çox alınmaqdadır. Azərbaycanda isə dərman vasitələrinin qiymətləri Tarif Şurası tərəfindən tənzimləndiyi üçün BFMQƏ-yə şamil olunmur və bu məhsullar maya dəyərindən qat-qat baha satılır.

 

-Azərbaycanda həmin məhsulların keyfiyyətinə hansı qurumlar nəzarət edir?

 

-Ölkəmizdə BFMQƏ-nin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Onu da qeyd edim ki, konkret bir məhsulun dərman vasitəsi olub-olmamasına dair Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxs tərəfindən iki mərhələli ixtisaslaşdırılmış ekspertiza keçirilir. Fikrimcə, hazırda belə kateqoriyalı məhsulların iki müxtəlif qurum tərəfindən monitorinqinin keçirilməsi çox vacibdir.

 

-Qeyd etdiniz ki, istehsaldan əvvəl həmin məhsullar çox da dərindən araşdırılmır. BFMQƏ-nin istifadəsi ilə bağlı insanlara nə tövsiyə edərdiniz?

 

-Tövsiyəm budur ki, hər hansı BFMQƏ-ni qəbul etməzdən əvvəl onun haqqında çoxlu məlumat əldə etsinlər, ailə həkimi ilə məsləhətləşsinlər. Müxtəlif saytların, şirkətlərin reklamına əsaslanaraq onları almasınlar. Bəzən şahidi olmuşam ki, həmin məhsulları bərbərxanalarda, idman zallarında, hətta avtobus dayanacaqlarında belə əhaliyə təklif edirlər. Bu məhsulların Səhiyyə Nazirliyindən rəy, Qida Təhlükəsizliyi Agentliyindən isə gigiyenik sertifikat alması barədə məlumat əldə etmək üçün müvafiq qurumların “Qaynar xətt”inə müraciət etsinlər. Çünki bu qurumların nəzarətindən keçməyən məhsulların tərkibində bəzən resepturada təqdim olunmayan, hətta insan orqanizmi üçün təhlükəli hesab edilən maddələr aşkarlanır. Məsələn, çəkini tənzimləmək üçün sibutramin maddəsi, idman qidalarında steroid maddələr və s.

 

-BFMQƏ resepti həkim tərəfindən yazıla bilərmi?

-Mövcud qanunvericiliyə görə yazıla bilməz, amma tövsiyə oluna bilər. Çünki bunlar qida məhsuludur. Amma məlumdur ki, bəzi həkimlər şəxsi mənafelərini güdür və bundan bir gəlir mənbəyi kimi istifadə edirlər. Belə hallara qarşı müvafiq tədbirlər görülmədir.

 

-Bildiyimiz kimi, insan aptekə dərman vasitəsini almaq üçün yollanır. Dərman vasitələrinə çox oxşar BFMQƏ-nin apteklərdə satışının insanları çaşdıra bilməsinə necə baxırsınız? Digər tərəfdən, bəs BFMQƏ-nin marketlərdə satılması nə qədər düzgündür?

 

-Bütün dünyada olduğu kimi, ölkəmizdə də BFMQƏ apteklərdə, supermarketlərin xüsusi şöbələrində, ixtisaslaşdırılmış mağazalarda, həmçinin buna hüququ olan saytlar vasitəsilə satıla bilər. Bu sahədə islahatlar gözlənilir. Gələcəkdə apteklərdə həmin məhsulların xüsusi şöbələrdə satılması nəzərdə tutulur. Belə halda istehlakçının məhz hansı kateqoriyalı məhsulu alması ona şöbənin adından əvvəlcədən məlum olacaq. Aptekdə bu vasitələrin satılması çox vacibdir. Belə ki, burada heç olmasa, istehlakçı əczaçıdan məhsula dair məlumat ala bilər. Qaldı onların marketlərdə satışına, o da dünya təcrübəsindən götürülüb. Qeyd edim ki, bu yaxınlarda qonşu Türkiyədə həkimlər və əczaçılar BFMQƏ-nin yalnız həkim və əczaçının nəzarəti altında satışı ilə bağlı məsələ qaldırıblar. Hesab olunur ki, bu vasitələrin kontrolsuz qəbulu pandemiya dövründə daha çox ölüm hadisəsinə gətirib çıxarıb.

 

-BFMQƏ olmadan insanın optimal fizioloji rasionunu təmin etmək mümkündürmü? Bununla bağlı nə məsləhət görərdiniz?

 

-Əlbəttə, müasir dövrdə həyat tərzimizlə bağlı düzgün qidalanmanı təmin etmək çətin olsa da, mümkündür. Hər insan öz orqanizmini hamıdan yaxşı tanıyır. Maksimal dərəcədə düzgün qidalanmaq lazımdır. Orqanik məhsullardan daha çox istifadəni tövsiyə edərdim. Çalışın ki, hər bir meyvəni, tərəvəzi öz mövsümündə istifadə edəsiniz. Xaricdən gətirilən GMO tərkibli məhsullardan bacardığınız qədər uzaq olun. Alimlər təsdiqləyiblər ki, insan orqanizmi doğulduğu məmləkətdə becərilən məhsulları daha yaxşı mənimsəyir. Bundan başqa, təmiz havada çox olun. Kifayət qədər istirahət edin. Bu amillər də fizioloji rasionu təmin etmək üçün çox vacibdir.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 Sumqayıt Tibb Mərkəzini seçən həkimlərin sayı artır   
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib