“Yanlışları ciddi qəbul edən toplum halına gəlmişik” - Həkim-psixiatr İkram Rüstəmovla MÜSAHİBƏ
07.06.2021 11:10

Sağlam bir uşağın yetişməsi üçün sağlam ailə mühitinin olması vacibdir. Əgər ailədə sosial-psixoloji problemlər varsa, bunlar uşaqlarda müxtəlif patologiyaların inkişafında çox önəmli risk faktorları hesab edilir. Yaxud ailə üzvlərinin hər hansı birində narkotik aludəçiliyi varsa, bu da problemin dərinləşməsinə və dolayısı ilə uşaqlarda psixi-patoloji meyilliliyin yaranmasına gətirib çıxarır.

 

Aztibb.az  uşaq və yeniyetmələri psixoloji xəstəliklərdən qorumaq, buna səbəb olan mövcud durumla mübarizə aparmaq, gənclərə psixoloji dəstəyin əhəmiyyəti və valideynlərin bu prosesdəki rolu ilə bağlı mövzularda İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsinin məzunu, Harvard Universitetinin Boston Uşaq Xəstəxanasının elmi işçisi, uşaq və yeniyetmə psixiatriyası sahəsində tanınmış həkim, tibb üzrə fəlsəfə doktoru İkram Rüstəmovla müsahibəni təqdim edir.

 

- İkram bəy, son 20 ildə psixologiya həyatımızı şərtləndirən ən vacib amillərdən birinə çevrilib. Xüsusilə uşaq və yeniyetmə psixiatriyası inkişaf etməkdə olan bir istiqamətdir. Tibbin bu qolu hansı xəstəlikləri öyrənir?

 

- Uşaq psixiatriyası tibb sahəsində inkişaf dinamikası yeni olan sahədir. Baxmayaraq ki, uşaq psixiatriyası ümumi psixiatriyanın müəyyən mərhələsində artıq yeni istiqamət kimi formalaşmağa başlamışdı, məhz bu yöndə elmi tədqiqatların genişlənməsi və bir ixtisas kimi inkişafı təxminən son 50 ili əhatə edir. Xüsusilə 1980-ci illərdən sonra bu sahədə elmi təqdiqatlar daha da vüsət alıb.

 

Tibbin bu qoluna başlıca olaraq, uşaqlarda inkişaf problemləri, yəni ümumi inkişafda ləngimələr, nitq və fiziki inkişaf problemləri, autizm və autistik spektr kimi ünsiyyət xəstəlikləri, bütün bunlarla yanaşı, məktəb dövründə daha çox həyəcan pozuntuları, emosional pozuntular, depressiya, affektiv pozuntular və digər xəstəlikləri aid etmək olar. Uşaqlıqdan sonrakı yeniyetməlik dövründə isə intihar və buna bənzər hallar ön planda olmaq üzrə, uşaqlıq psixopatologiyaları ilə yanaşı, yetkin dövrdə rastlanan psixi patologiyalar da bu sahənin öyrəndiyi xəstəliklərdəndir. Psixologiyanın bu sahəsi əsasən doğulandan etibarən 18 yaşına qədər olan dövrdə bütün psixi patologiyaları əhatə edən ixtisas olaraq, uşaq və yeniyetmə psixiatriyası kimi dünya tibbində təsnif olunur.

 

 

-  Statistikaya görə, ruhi xəstəliklərin 50-80%-i uşaqlıqdan başlayır. Psixi problemlər və psixiatrik xəstəliklərin yaranmasında və dinamikasında hansı faktorların rolu var?

 

- Sadaladığınız xəstəliklərə səbəb olan amillər çoxdur. Ümumi planda bu problemlərin bir çox elmi mühitlərdə bioloji, psixoloji və sosioloji faktorların vəhdətindən yarandığı deyilir və psixi xəstəliklərin növünə görə də dəyişə bilir. Bəzi xəstəliklərin real səbəbləri hələ də elmə çox qaranlıqdır. Misal üçün, autizm və bənzər xəstəliklərin hələ ki, real səbəbi bilinmir. Baxmayaraq ki, genetik faktorların rolunun başlıca səbəb olduğu deyilir, amma daha konkret olaraq, hələ də etioloji səbəbləri tam açıqlamaq mümkün deyil. İrsiyyətlə əlaqəli müəyyən psixonevroloji xəstəliklər var ki, tik xəstəliyini, turet sindromunu nümunə gətirmək olar. Bundan başqa, həyəcən və depressiv pozuntularda da əksər hallarda bioloji və genetik faktorların rolu vardır.

 

Ümumiyyətlə, sağlam bir uşağın yetişməsi üçün sağlam ailə mühitinin olması vacibdir. Əgər ailədə sosial-psixoloji problemlər varsa, bunlar uşaqlarda müxtəlif patologiyaların inkişafında çox önəmli risk faktorları hesab edilir. Yaxud ailə üzvlərinin hər hansı birində narkotika aludəçiliyi varsa, bu da problemin dərinləşməsinə və dolayısı ilə uşaqlarda psixi-patoloji meyilliliyin yaranmasına gətirib çıxarır. Bundan əlavə, yetkinlik dövründə şəxsiyyət pozuntusu olan insanların təməl dinamikasına baxdıqda, əksəriyyətində keçirilmiş ağır psixi travmaların ciddi yer tutduğu aşkar olur.

 

Yekun olaraq, onu deyim ki, bütün psixi xəstəliklərin üç əsas mənbəyi var: bunlar bioloji, psixoloji və sosioloji faktorlardır.

 

 

Müasir dövrdə geniş yayılan hansı psixogenik mənşəli xəstəliklər var?

 

- Uşaqlıq dövrünün inkişaf patologiyalarından başlayaraq, yetkin dövründəki şizofreniya, bipolyar xəstəliklər, hətta daha yetişkin, yaşlı dövrlərdə alzheimer kimi xəstəliklərə qədər çox geniş profildə xəstəlik qrupu indiki dövrdə psixiatrların təməl fəalliyətini təşkil edir.

 

- Hiperaktivlik və diqqət çatışmazlığı. Uşaqlarda bu pozuntuların meydana gəlməsini artıran hansı səbəblərdir?

 

- Bu pozuntular erkən uşaqlıqdan özünü büruzə verməyə başlayır. Xəstəlik məktəb öncəsi və məktəb dövründə daha çox problem yaradır. Burada da genetik faktorlar ön plandadır. İrsi olaraq keçmə daha çox aktualdır. Xəstəlik üç əsas simptomla özünü büruzə verir.  Bunlardan ən əsası diqqət dağınıqlığı, yəni diqqətini toplaya bilməmək, ikincisi isə həddən artıq hərəkətlilik və impulsivlik, yəni ani hərəkət etmə, hövsələsizlik, kontrol mexanizmlərində zəiflik kimi əlamətlərlə bilinir. Yaş keçdikcə bəzən klinik şikayətlər tədricən azala bilər. Əksər hallarda yeniyetməlik sonrası dövrdə ciddi simptomlar səngiyir. Lakin müəyyən qədər yetkin dövrdə də bu simptomlar müşahidə edilə bilər. Bəzi hallarda isə, yeni elmi təsnifatda da vurğulandığı kimi sonradan şikayətlər arta bilər.

 

 - Bildiyimiz kimi, psixi sağlamlıq problemləri bəzən valideyn və uşaq arasında bağlılığın çatışmazlığından ortaya çıxır. Valideyn-uşaq münasibətləri psixi sağlamlığa necə təsir edir?

 

- Bağlılıq həyatın ilk bir ilində önəmlidir. Doğulandan bir yaşına qədərki dövrdə əgər ana-uşaq arasında bağlılıq yetəri qədər bərpa olunmayıbsa, o zaman müəyyən inkişaf qüsurları, simptomatik psixi pozuntular ortaya çıxa bilər. Daha yuxarı yaşlarda, affektiv ehtiyacların ön planda olduğu zaman müəyyən emosional psixi problemlər yarana bilər. Qeyd edim ki, burada tablo çox genişdir, konkret patologiyadan söhbət gedə bilməz. Depressiv durumlar, özünə inamsızlıq və təşviş halları, davranış, emosiya pozuntuları ortaya çıxa bilər.

 

Ümumi mənada valideynin övladına həddindən artıq dəstək verməsi doğru hal deyil. Bəzən valideyn deyir ki, “mən övladım üçün yaşayıram”. Valideynin övladına sevgisini bu şəkildə bildirməsi doğru deyil. Valideynin uşaqla münasibət qurarkən bir orta yol tutması, məsafəni doğru tənzimləməsi çox önəmlidir. Nə həddən çox bağlılıq, nə də məsafə olmamalıdır. Düşünürəm ki, bir valideynin övladına yaxın olub daha adekvat və rasional şəkildə duyğularını bildirməsi onun ruhi sağlamlığı üçün düzgün addım olar.

 

 

- Təəssüf ki, son zamanlar yeniyetmə və gənclərin özünə sui-qəsd cəhdləri və intihar xəbərlərini tez-tez eşidirik. Pandemiya dövründə bəzi məhdudiyyətlərin yaranması, ümumi gərginlik və izolyasiya kimi səbəblər də gənclər arasında intiharların artmasına səbəb kimi qiymətləndirilir. İntihara meyillilik və səbəb qismində hansı amilləri görürsünüz?

 

- Pandemiyanın psixikamıza təsiri danılmazdır. Lakin sadalanan hallara təkcə pandemiya səbəb ola bilməz. Əgər ortada psixi nəticə varsa, deməli psixi səbəb də var. Bu problemi yaşayan insanlarda altda yatan psixi patalogiya, sosial amil və ya edogen dinamika mütləq vardır və problemin qaynağı da o dinamikadır. Məsələn, dondurma yemək hər boğazın şişməsiylə nəticələnməz, amma immunitet zəifdirsə, soyuğa həssasdırsa, təbii ki, orqanizmin asan xəstələnməsi mümkündür.

 

O ki qaldı, iniharların artmasına, ümumi gedişatda psixi problemlərin daha da artacağı gözlənilir. Həqiqətən insanlar yalqızlaşıb, öz adət-ənənələrindən, ailə bağlarından, qonşuluq ünsiyyətlərindən uzaqlaşıblar. İndiki ərəfədə əslində sosial məsafə saxlanılmamalıdır. Bir də ki, bu ifadə “fiziki məsəfə” ifadəsi kimi qəbul edilməməlidir. Fiziki məsafəni saxlamalı, amma sosiallaşmanı artırmalıyıq.

 

Yeniyetmə intiharlarının qarşısını almaq üçün iki əsas təməl faktor önəmlidir. Birincisi sosial dəstəkdir, yəni yeniyetmənin yaşadığı mühitdə gördüyü münasibət, ikincisi isə birbaşa emosional dəstəkdir, yəni ata-ananın öz uşağını bağrına basaraq, tamamilə heç bir şərt qoymadan ona sevgi bəsləməsi, sevgini ona hiss etdirməsidir ki, bu tərz davranış yeniyetməni intihar və bənzər durumlardan qurtarmış olar. Həmçinin müəyyən müayinə əsasında müalicələr də şərtdir.

 

- Uşaq və yeniyetmələrin kiberzorakılığa məruz qalması cəmiyyətimizi dərindən narahat edir. İnternetdən istifadənin həddinə nəzarətin çətin olduğu bir zamada hansı psixoloji vərdişlər valideyn və uşaqlara yardımçı ola bilər?

 

 - İnternet vərdişləri və texnologiyaya məruz qalma günümüzdə çox aktual mövzudur. Bu problem getdikcə böyüməkdədir və ona görə konkret bir tövsiyə vermək mütəxəssislər üçün də çətin olur. Problemlə bağlı elmi araşdırmalar da yeni mərhələdədir, əsaslı iddialar və tədqiqatlar çox məhduddur.

 

Bundan öncəki suala cavabımda sadaladığım valideyn-uşaq münasibətləri ilə bağlı fikirlər bu məsələdə də önəmlidir. Yəni, uşaq və yeniyetmələr hiss etməlidirlər ki, ailə mühitində olmaq, bərabər zaman keçirmək, birgə əyləncə və oyunlar, sosiallaşmaq daha maraqlıdır. Məhz bu kimi alternativləri valideynlər övladlarına göstərərsə, onları texnologiyanın zərərli vərdişlərindən də uzaq tutmuş olarlar. Bundan başqa, valideynin nəzarəti, xüsusilə atanın aktiv iştirak etməsi burada çox önəmlidir. Uşağa "ağıllı" telefondan istifadə etməyə icazə verməmək, yaşına uyğun olmayan videoları izləməyə imkan yaratmamaq, yaxud kompüterdən istifadə edirsə müəyyən filtir tətbiqlərdən yararlanmaq və digər sərhədlər qoymaq zəruridir. Nəzərə alaq ki, günümüzdə uşaqlar texnologiyanı böyüklərdən tez mənimsəyir, məşğul olduğu oyun, əyləncə proqramları ilə bağlı daha məlumatlı olur və çevik davrana bilirlər. Bu baxımdan, böyüklərin də bunu müəyyə mənada öyrənmələri vacibdir.

 

Əksər hallarda valideynlər özləri uşaqları texnoloji vərdişlərə məruz qoyurlar. Tutaq ki, uşaq ağlamasın deyə əlinə mobil telefon verilir, yaxud uşaqda videoya baxa-baxa mexaniki yedizdirmə vərdişi yaradılır və hamı tərəfindən doğru bir fikir olaraq bilinən – “uşaq xarici dil öyrənir” kimi yanlışları ciddi qəbul edən toplum halına gəlmişik. Odur ki, valideyn tərbiyə qayda-qanununu ön planda tutaraq, qayğı-tərbiyə tarazlığını tənzimləyərək, bir sıra vərdişləri tam qadağa etmədən, müəyyən məhdudiyyətlər qoyaraq, umumi mənada isə dəstəkləyici davranış göstərərək problemlərin qarşısını almalıdır.

 

 

- İkram bəy, bu gün məktəb psixoloqlarının şagird, müəllim və valideynlərlə maarifləndirmə və psixoloji yardım bacarıqlarının formalaşdırılması yönündə apardıqları işlərin təşkili ürəkaçan səviyyədə deyil. Bununla bağlı sizin tövsiyələrinizi eşitmək istərdik.

 

- Təəssüf ki, bu gün məktəblərdə qurulan psixoloji iş çox zəifdir. Bu çatışmazlıq təkcə sistemdəki boşluqlarda deyil, həm də mütəxəssis keyfiyyətsizliyi ilə əlaqədardır. Digər tərəfdən, məktəb psixoloqlarına lazımınca önəm verilmir. Burada söhbət ştatdan, əmək haqqından getmir. Məsələ məktəb psixoloqunun nə dərəcədə əhəmiyyətli bir fiqur olduğunun anlaşılmamasıdır. Bundan başqa, lazımi səviyyədə kadrların yetişdirilməməsi ön plandadır. Psixologiya ixtisası üzrə 4 illik bakalavr təhsili alan həkimlik etmək həvəsinə düşür. Bu doğru yanaşma deyil, çünki bir psixoloq həkim kimi xəstə müalicə edə bilməz, yəni psixoloqun kliniki olaraq xəstəliyin müalicəsi ilə məşğul olması üçün klinik psixologiya sahəsində yetişməsi lazımdır. Eynilə də məktəb psixoloqlarından bu təcrübə tələb olunur. Çünki şagird psixologiyası da klinik təməlli bir sahədir, üstəlik məktəb psixoloqunun pedaqoji istiqamətdə də yetişmiş bir kadr olması vacibdir. Onu da qeyd edim ki, təhsil sistemi, müəllim-şagird münasibətləri, valideynlərin məktəbə inteqrasiyası, şagirdlərin məktəbə münasibətlərində də çox ciddi boşluqlar var. Ümid edirik ki, bütün bunlar zamanla həllini tapacaq.

 

Müsahibə üçün təşəkkür edirik!