TƏBİB-in “İdarəçi təbiblər” layihəsinin növbəti müsahibi Salyan Rayon Mərkəzi Xəstəxanasının direktoru Şirin Səmədovadır.
- Şirin xanım, ilk olaraq Salyan Rayon Mərkəzi Xəstəxanası haqqında qısa bir arayış verməyinizi xahiş edirik.
- Əvvəla onu deyim ki, Salyan Rayon Mərkəzi Xəstəxanası yaranmasının 85 illiyini gələn il qeyd etməyə hazırlaşır. Tibb müəssisəsi İkinci Dünya müharibəsi illərində (1941) fəaliyyətə başlayıb və ilk baş həkimi Səməd Manafov olub.
Hazırda tibb müəssisəsinin yerləşdiyi bina 1972-ci ildə istifadəyə verilib. 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə əsaslı təmir olunub. Müasir tələblərə cavab verən tibbi avadanlıq və yeni inventarlarla təchiz edilən xəstəxananın açılış mərasimində cənab İlham Əliyev də iştirak edib. Tibb müəssisəsinin bina və qurğuları 3,94 hektar sahədə inşa edilib, tikililərin ümumi sahəsi 16 min 472 kvadratmetrdir.
Xatırladım ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2023-cü ilin aprel ayında Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.
150 minə yaxın Salyan əhalisinə xidmət edən xəstəxana 260 çarpayılıqdır. Ümumilikdə, xəstəxanamızda 20 şöbə, 17 bölmə fəaliyyət göstərir. Fizioterapiya, Transfizioloji kabinetlər xəstələrin istifadəsindədir. 26 həkim, 21 tibb məntəqəsi də kənd sakinlərinin sağlamlığına xidmət göstərir.
- Maraqlıdır, rayon əhalisi ən çox hansı tibbi xidmətləri almaq üçün müəssisəyə müraciət edir?
- Vətəndaşlar xəstəxanada göstərilən bütün tibbi xidmətlərdən yararlanırlar. Amma ən çox müraciət olunan xidmətlər kardioloji, uroloji, oftalmoloji və travmatoloji sahələri əhatə edir.
- Müraciət və xidmətlərlə bağlı statistika ilə də tanış olmaq istərdik.
- İllik statistika göstərir ki, ötən il xəstəxanada ambulator müraciət sayı 212 426, ambulator xidmət sayı isə 843 638 olub. Stasionar müraciət sayı 7 831, stasionar xidmət isə 141 723 kimi qeydə alınıb. Aylıq göstəricilərə gəlincə, təkcə may ayında ambulator müraciət sayı 14 830, xidmət sayı isə 66 827 rəqəmləri ilə xarakterizə olunur. Aylıq stasionar müraciət sayı 541, stasionar xidmət sayı isə 4 480 olub. Gün ərzində tibb müəssisəsinə müraciət sayı 800 - 1 000 arası dəyişir. Onlara göstərilən xidmət sayı isə 3 000-dən çox qeydə alınır.
- Bir ildən çoxdur ki, tibb müəssisəsinə rəhbərlik edirsiniz. Hansı yeniliklər olub?
- İlk olaraq Hemodializ şöbəsində müvafiq işlərə başladıq və osmos cihazlarının təmirini həyata keçirdik. Reanimasiya şöbəsində də bir çox işlər gördük. TƏBİB tərəfindən infuzomat, xəstəyanı monitorlarla və müasir avadanlıqlarla təmin olunan şöbə 20 çarpayıdan ibarətdir.
Travmatoloji əməliyyatların - osteosintezin bütün növləri (endoprotezdən başqa), oftalmoloji və uroloji əməliyyatların icrasına başlanılıb. Kalposkopiya və EEQ (elektroensefaloqrafiya) müayinələrinə start verilib. İşçilərin əmək şəraitinin yaxşılaşdırılması üçün lazımi texniki avadanlıqlarla təchizat məsələləri öz həllini tapıb.
- Daha hansı yeniliklərin olması gözlənilir?
- Hədəflərimiz böyükdür. Yaxın gələcək üçün maqnit-rezonans tomoqrafiya (MRT) və kompüter tomoqrafiyası (KT) avadanlıqları ilə təchizat məsələləri artıq son mərhələdədir. Travmatologiya Mərkəzinin yaradılması üçün yerində baxış keçirilib, məsləhətləşmələr aparılır. Fizioterapiya şöbəsinin yenidən qurulması istiqamətində addımlar atılır.
- Bu yaxınlarda tibb müəssisəsində oftalmoloji, uroloji əməliyyatlara start verilib. Bu günədək bu sahələr üzrə nə qədər əməliyyatlarınız olub?
- Tibb müəssisəsində oftalmoloji, travmatoloji və uroloji əməliyyatların icrası uğurla davam etdirilir. Uzun illər Salyanda Rayonlararası Göz Xəstəlikləri Xəstəxanası fəaliyyət göstərib. Salyan respublikanın Cənub qapısı olduğundan ətraf rayonlardan da xəstə qəbulu həyata keçirilib. 2009-cu ildə həmin ixtisaslaşmış xəstəxana rayon mərkəzi xəstəxanasına birləşdirilərək şöbə kimi işini davam etdirib və 2022-ci ilin əvvəllərinə qədər Salyanda oftalmoloji əməliyyatlar aparılıb. Bir müddət bu prosesin həyata keçirilməsi dayandırılıb.
2024-cü ilin avqust ayından isə xəstəxanaya müraciət edən göz xəstəliklərindən əziyyət çəkən vətəndaşlar artıq əməliyyat üçün paytaxta və ya digər bölgələrə üz tutmur. Son 10 ay ərzində 300-dən çox oftalmoloji əməliyyat icra olunub. Eləcə də bu günə qədər 270-dən artıq xəstəyə Avastin inyeksiyası vurulub.
Uroloji əməliyyatlara gəldikdə isə 4 il idi ki, ixtisaslı həkim çatışmazlığı səbəbindən sözügedən əməliyyatların icrası dayandırılmışdı. Bu ilin mart ayından artıq həmin əməliyyatların da həyata keçirilməsinə start verilib. Deyim ki, sosial şəbəkə üzərindən yayımlanan informasiyalarla sakinlərin məlumatlandırılması və hər hansı diaqnozdan sonra ixtisaslı həkimə yönləndirmə uğurla nəticələnən əməliyyat sayımızı xeyli artırıb. Bu sahənin də göstəriciləri, yəni 3 ayın hesablamaları sevindiricidir. Qısa müddətdə icra olunan uroloji əməliyyat sayının 20-ni keçməsini inkişafa doğru atılan addım kimi dəyərləndirmək olar.
- Digər hansı əməliyyatların icrasını planlaşdırırsınız?
- Xəstəxanamızda laporoskopik əməliyyatların aparılmasını planlaşdırırıq. Laporoskopik avadanlıqlarla təchizat məsələləri artıq həll olunma mərhələsindədir. Məlumat üçün bildirim ki, xəstəxanamızda 2 laporoskopik cərrah da fəaliyyət göstərir.
- Ana və uşaq sağlamlığının yaxşılaşdırılması dövlətimiz üçün prioritet məsələlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki il əvvəl Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olmuşdular. Sözügedən tibb müəssisələrinə müraciət sayı nə qədərdir? Orada hansı xidmətlər icra olunmaqdadır?
- Təkcə ötən il ginekologiya və doğum şöbəsinə 2 485 müraciət olub. Cari ilin beş ayı ərzində isə müraciət sayı 1 218 olub. Şöbədə 1 əməliyyat bloku, 2 doğum bloku, 2 fərdi doğuş otağı, həmçinin sterilizasiya, yenidoğulmuşların intensiv terapiya, kolposkopiya otaqları var.
Doğum və ginekologiya şöbəsi müasir tibbi avadanlıq və cihazlarla - anesteziya (narkoz) aparatı, neonatal süni tənəffüs aparatı, isidicili uşaq bələmə masası, perfuzomat, infuzomat, xəstə başı monitor, elektrokardioqramma (EKG), kolposkop, əməliyyat masası, vakuum aspirasiya cihazı, süni tənəffüs aparatı, küvəz, sterilizator və s. ilə təchiz edilib.
Bildirim ki, Uşaq poliklinikası artıq Ailə Sağlamlıq Mərkəzinin tərkibində fəaliyyət göstərir. Təkcə ötən il bu sahə üzrə müraciət çayı 18 329 olub. Cari ilin beş ayı ərzində isə 5 397 müraciət sayı qeydə alınıb.
Burada da işlər günün tələbləri səviyyəsində qurulub. Risk qrupuna aid olan xəstələrin dispanser qeydiyyatına götürülməsi, xroniki xəstələrin dövri olaraq evdə nəzarətdə saxlanması, hamilələrin qeydiyyatı və patronajı, hamiləliyin gedişinə nəzarət, antenatal qulluq sisteminə müraciətin vaxtında təşkil edilməsi, hamiləliklə bağlı maarifləndirici söhbətlərin aparılması, uşaqların doğulduğu gündən nəzarətə götürülməsi, onların inkişafına və sağlamlığına nəzarət, peyvəndləmənin aparılması, xəstəliyi aşkar edilən uşaqların ixtisas həkiminə yönləndirilməsi, valideynlərlə maarifləndirici söhbətlər, məktəb və bağçalarda planlı şəkildə dispanserizasiyanın aparılması kimi xidmətlər göstərilir. Kəndlərdə səyyar həkim briqadaları mütəmadi tibbi müayinələr keçirir.
- Tibb müəssisəsində neçə həkim fəaliyyət göstərir? Yeni həkimlərin tibb müəssisəsinə cəlb edilməsi istiqamətində hansı addımları atırsınız?
- Hazırda tibb müəssisəmizdə 178 həkim, 591 orta tibb işçisi və 526 digər işçi çalışır. Vakansiyalarımız barədə məlumatlar TƏBİB-in və Səhiyyə Nazirliyinin müvafiq strukturlarına göndərilir. Rezidentlərin xəstəxanaya cəlb olunması, ixtisaslı kadrların müəssisəmizlə tanışlığı təşkil edilir, təminat məsələləri müzakirə olunur. Direktor təyin olunduğum gündən indiyə kimi 2 həkim-reanimotoloq, 1 nevroloq, 2 təcili tibbi yardım üzrə həkim, 1 laporoskopik, 1 oftalmoloji və 1 uroloji cərrah müəssisəmizə cəlb olunub.
- Artıq 5 ildir ki, bütün ölkə ərazisində icbari tibbi sığortadan istifadə edilir. İcbari tibbi sığortanın tətbiqi, TƏBİB-in yaranması və yeni səhiyyə idarəetməsi modeli barədə düşüncələriniz nələrdən ibarətdir?
- Əhalinin tibbi yardım almaq hüququnu təmin edən bir sistem kimi dünyada genişlənən bir layihənin tətbiqi respublikamızda ilk addımlarını atanda bir çoxları bu sistemin fəaliyyətini birmənalı qarşılamırdı. Salyan rayonu 4 mərhələdə aparılan bu layihənin tətbiqində 3-cü mərhələnin iştirakçısı oldu.
TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradır, tibb müəssisələrinin fəaliyyətini sığorta sisteminin tələblərinə uyğunlaşdırır. Eyni zamanda tabeli tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət edir.
Bu gün əhalinin icbari tibbi sığortaya çox ehtiyacı var, üstəlik ona olan ümidləri də böyükdür. İcbari tibbi sığortanın tətbiqindən sonra tibdə olan çətinliklər də, problemlər də əvvəlki illərə nisbətən azalıb, xidmətin səviyyəsi, keyfiyyəti yüksəlib, sağlam rəqabət yaranıb. Tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları infrastrukturu qurulub. Xəstəxanalarda müəssisələrin fəaliyyəti elektronlaşdırılıb, müvafiq proqram təminatı yaradılıb və qeydiyyat masaları qurulub. Vətəndaşlar xəstəxanalara müraciət edərkən təkcə şəxsiyyət vəsiqəsilə elektron qaydada qeydiyyatdan keçirlər. Bu da pasiyentin müraciət etdiyi şöbələr, ona xidmət göstərən həkimlər, təyin olunan müayinə və müalicə (ambulator, diaqnostik və stasionar) haqqında məlumatların sistemə daxil edilməsinə imkan yaradır. Həmçinin diaqnozlar və laborator analizlərin nəticələri haqqında məlumatlar da vətəndaşlar üçün artıq əlçatandır.
Əvvəllər külli miqdarda xərclə başa gələn ən ağır, bahalı əməliyyatlar artıq icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilib. Paketə daxil olan xəstəliklərin, əməliyyatların sayı getdikcə artır. Artıq bildiyimiz kimi, Xidmətlər Zərfinə daxil olan xəstəliklərin sayı 3 300-ü keçib. Vətəndaşlar bu xidmətlərdən razılıqla, məmnuniyyətlə yararlanırlar.

