Karantin qaydalarının tələblərinə əməl olunması ilə bağlı sahibkarlara müraciət  
19.08.2020 20:07

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, ölkədə sərt karantin rejiminin tələblərinin qismən yumşaldılması prosesi çərçivəsində avqust ayının 18-dən etibarən Bakı şəhəri də daxil olmaqla 7 şəhər və 6 rayonda ictimai iaşə sektorunda açıq havada müştərilərə xidmətlərin göstərilməsi bərpa edilib.

 

İqtisadiyyat Nazirliyindən Aztibb.az-a verilən məlumata görə, Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilmiş sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələbləri özündə əks etdirən müvafiq qərarlar qəbul olunub. Bu qərarlarda ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmət ərazilərinin dezinfeksiya edilməsi, işçilərin və müştərilərin müvafiq davranış və sanitar normalara əməl etməsi, insanlar arasında sıxlıq normalarının qorunması və s. tələblər müəyyən olunub.

 

Nazirlər Kabinetinin “Koronavirus pandemiyası dövründə ictimai iaşə müəssisələrində müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərarına əsasən, müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçirilməlidir. Bununla əlaqədar İqtisadiyyat Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri, Bakı Şəhər Baş Polis İdarəsinin məsul şəxsləri tərəfindən koronavirus (COVID-19) pandemiyası dövründə karantin rejiminin və sanitar epidemioloji qaydalarının tələblərinə əməl edilməsinə nəzarət məqsədilə birgə monitorinq aparılır. Nəzarət tədbirləri zamanı açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində müştərilərin qəbulu, obyektin ölçülərinə uyğun sayda şəxslərin obyektə daxil olması, insanlar arasında sosial məsafənin qorunması, açıq hava sahələrində oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən (bir masa arxasında müştəri sayının 6 nəfərdən çox olmaması şərtilə), masalararası məsafələrin isə 2 metrdən az olmaması, müştərilərin təsərrüfat obyektlərinə yalnız maskalarla daxil olması xüsusi diqqətdə saxlanılır. Həmçinin, virusa yoluxma hallarının qarşısının alınması məqsədilə həmin müəssisələrdə təmizlik və dezinfeksiya işlərinin dövriliyi, tətbiqinə icazə verilən dezinfeksiyaedici maddələrdən düzgün istifadə qaydalarına riayət edilməsi məsələləri araşdırılır, işçilərin tibbi maska ilə təmin olunması, ictimai iaşə obyektlərinin giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanının təmin olunması yoxlanılır. Tədbirlər zamanı ictimai iaşə sektorunda müvafiq qaydalar barədə xidmət personalı ilə söhbətlər aparılır, müştərilər arasında maarifləndirmə və məlumatlandırma məqsədilə müvafiq izahat işləri həyata keçirilir.

 

Aparılan monitorinqlər zamanı açıq havada fəaliyyət göstərən əksər iaşə obyektlərində Operativ Qərargahın qərarlarına uyğun şəraitin yaradılması, qaydalara ümumən düzgün riayət edilməsi müşahidə olunub. Aşkar edilən nöqsanlar yerindəcə aradan qaldırılıb və mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri zəruri sosial davranış, qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.

 

İqtisadiyyat Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti birgə monitorinqlərin bundan sonra da davam etdiriləcəyini bəyan edir, sahibkarlıq subyektlərini ictimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına, xüsusilə müştəri qəbulu zamanı adambaşına müəyyən edilmiş sıxlıq normalarına əməl etməyə çağırır, cərimələrə məruz qalmamaq və sahibkarlıq fəaliyyətini yeni həyat tərzinin qaydalarına uyğun şəkildə qurmaq üçün diqqətli və məsuliyyətli davranmağa dəvət edir.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır