Mərkəzimizdə müxtəlif psixonevroloji pozuntudan əziyyət çəkən uşaqların müalicəsi aparılır - Uşaq Psixonevroloji Mərkəzinin direktoru
29.04.2021 12:12

Səhiyyə Nazirliyi Uşaq Psixonevroloji Mərkəzinin direktoru Kəmalə Talıbova rəhbərlik etdiyi mərkəzin fəaliyyəti barədə müsahibə verib. 

 

Aztibb.az həmin müsahibəni təqdim edir: 

 

- Mərkəz haqqında qısa məlumat verə bilərsinizmi?

 

Müəssisəmiz Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Vaxtilə körpələr evi kimi fəaliyyətə başlayıb, sonradan Psixonevrolji Uşaq evinin bazasında 100 çarpayılıq Psixonevroloji uşaq şöbəsi yaradılıb. 2009-2019-cu illər ərzində Heydər Əliyev Fondunun təşəbbüsü, dəstəyi və iştirakı ilə "körpələr evinin" köhnə tikilisinin yerində 5 mərtəbəli "Uşaq Psixonevroloji Mərkəzi" və tərkibində 2 mərtəbəli akt zalı olan yeni tikili inşa edilib. 2020-ci ildən yeni əsaslarla fəaliyyətə başlayıb. Mərkəzin maddi texniki bazası genişləndirilib, yenilənib, həmçinin müasir tibbi avadanlıqlarla təchiz olunub. Görülmüş işlərin nəticəsi olaraq psixonevroloji profil üzrə xəstə uşaqlara ixtisaslaşdırılmış kompleks yardımın göstərilməsi üçün lazımi şərait yaradılıb və hazırda bu proses davam etdirilir.

 

- Müalicə alan uşaqlar daha çox hansı şikayətlərlə müraciət edirlər?

 

Mərkəzimizdə müxtəlif psixonevroloji pozuntudan əziyyət çəkən uşaqların müalicəsi aparılır. Burada hidrosefaliya, mikrosefaliya, uşaq serebral iflici, epilepsiya, autizm, psixofiziki inkişafın müxtəlif tipli ləngimələri, həyəcan pozuntusundan, depresiv pozuntudan və s. xəstəliklərdən əziyyət çəkən uşaqlara müasir səviyyəli diaqnostik, müalicə profilaktik, ixtisaslaşdırılmış tibbi yardım və kompleks reabilitasiya tədbirləri təşkil edilir.

 

- Mərkəzin hansı fəaliyyət istiqamətləri mövcuddur?

 

Müəssisəmizdə müxtəlif şöbələr və bölmələr fəaliyyət göstərir. 100 çarpayı üçün nəzərdə tutulmuş mərkəzdə:

1. 40 çarpayılıq Birinci psixonevroloji şöbə;

2. 30 çarpayılıq İkinci psixonevroloji şöbə;

3. 30 çarpayılıq gündüz stasionarı;

4. Müalicə-konsultativ poliklinika şöbəsi;

5. Fizioterapiya və tibbi bərpa bölməsi;

6. Tibbi sosial reabilitasiya şöbəsi;

7. Təşkilati metodik bölmə;

8. Funksional diaqnostika kabineti və Kliniki diaqnostika laboratoriyası fəaliyyət göstərir.

 

- Mərkəzdəki uşaqların yaş aralığı necədir?

 

Körpələr evi şöbəsi kimi fəaliyyət göstərən Birinci psixonevroloji şöbədə valideyn himayəsindən məhrum olan xəstə uşaqlar yaşayır. Burada onların tibbi müalicəsi və sosial reabilitasiyası istiqamətində işlər aparılır.

Ümumilikdə müəsisədə 14 yaşınadək uşaqların müayinə və müalicəsi aparılır.

 

Hazırda mərkəzdə neçə uşaq müalicə alır?

 

Hazırda müəssisəmizdə körpələr evi şöbəsində 25 uşaq müalicə alır və yaşayır. Ümumilikdə ambulator olaraq mərkəzə müraciət edənlərin sayı bu ay üçün 230 yeni gəliş olub. Ümumi gəlişlərin sayı isə ay ərzində 1000-i keçib.

 

- Mərkəzdə müalicə alan uşaqlar həssas qrupa aid olan uşaqlar sırasındadır. Pandemiya şəraitində onların təhlükəsizliyi üçün hansı qabaqlayıcı tədbirlər görürsünüz?

 

COVID-19 infeksiyasına qarşı mərkəz ciddi tədbirlər görür. Belə ki, işçilərin 90%-i öz müəssisəmizdə vaksinasiya olunub. Valideynlərin girişdə hərarəti ölçülür, dezinfeksiya olunur, maskalardan istifadə olunmaqla, məsafə saxlamaqla müəssisəyə uşaqlar daxil edilir və mütəxəssisə təhvil verilir. Bu zaman virusun yayılmasının qarşısını almaq üçün lazımi olan bütün tədbirlərdən istifadə olunur. Belə ki, temperatur ölçülür, hərarət varsa qəbul edilmir. Eyni zamanda, ailədə virusa yoluxmuş və ya yoluxmağına dair şübhəli şəxslər varsa 2 həftə müddətində onların mərkəzə girişi təxirə salınır. Eyni proses əməkdaşlara də aiddir ki, işçilərimiz pandemiya dövründə qrafik üzrə işə çıxırlar. Müəssisədə hər gün qrafikə uyğun dezinfeksiya işləri aparılır. Əlavə olaraq qeyd etmək istəyirəm ki, burada yaşayan uşaqlarımız və işçilərimiz il ərzində mövcud dispanserizasiyadan keçirilir, uşaqlara immunuzasiya və vitaminoterapiya aparılır.

 

- Valideynlər mərkəzə hansı hallarda və necə müraciət edə bilərlər?

 

Məkəzimizə müraciət edən pasientlər ilk olaraq təcrübəli həkimlərimiz tərəfindən müayinə olunur, xəstəliyin ağırlıq dərəcəsi müəyyən edildikdən sonra uyğun müalicə planı hazırlanaraq mövcud tibbi xidmətlər təyin olunur ki, bunlara konservativ müalicə ilə yanaşı, psixopedaqoji, loqopedik, bədən tərbiyəsi kimi xidmətlər daxildir.

Qeyd etmək istərdim ki, dövlətimiz xüsusi qayğıya ehtiyacı olan insanları diqqət mərkəzində saxlayaraq hər cür yardım göstərir.