“Bakı Ürək Günləri” VII Beynəlxalq Konqresi keçiriləcək  
26.04.2021 12:34

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) mayın 22-23-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Bakı Ürək Günləri” VII Beynəlxalq Konqresini təşkil edəcək.

 

AÜDCC-dən Aztibb.az-a verilən məlumata görə, bütün dünyada mövcud olan COVID-19 pandemiyası səbəbindən konqres onlayn formatda keçiriləcək.

 

Konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. 20-ə yaxın ölkədən kardioloq və kardiocərrahın mühazirəçi kimi iştirak edəcəyi “Bakı Ürək Günləri” VII Beynəlxalq Konqresində ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər, o cümlədən COVID-19 pandemiyasının ürək xəstəliklərinə təsiri və dünyanın aparıcı ölkələrində müalicəsinin təşkili müzakirə ediləcək.

 

Kardiologiya və ürək-damar cərrahiyyəsi mütəxəssislərinin, həmçinin bu sahə ilə bağlı olan digər mütəxəssislərin konqresə izləyici kimi qatılmalarının tam sərbəst olduğunu deyən Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev Dünya Uşaq Kardiologiyası və Ürək Cərrahiyyəsi Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində anadangəlmə ürək qüsurlarının konqresdə ayrıca bir sessiyada müzakirə ediləcəyini bildirib.

 

O, bildirib ki, əvvəlki konqreslərdən fərqli olaraq budəfəki konqres onlayn formatda təşkil olunacaq.

 

“Bütün dünyada yayılan COVID-19 pandemiyası səbəbindən ənənəvi qaydada baş tutan tədbirlər, konfranslar artıq rəqəmsal müstəviyə keçib, onlayn formata üstünlük verilir. Biz də pandemiya ilə əlaqədar ölkəmizdə tətbiq olunan karantin rejiminin tələblərinə uyğun olaraq konqresi onlayn formatda keçirməyə qərar verdik. Əvvəlki konqreslərdə həm yerli, həm də əcnəbi mütəxəssislərin mühazirələrinə yer ayırırdıq. Bu dəfə isə çıxışçıların yalnız əcnəbi mütəxəssislərdən seçilməsi qərarına gəldik. Bunun da əsas səbəbi yerli mütəxəssislərimizin pandemiya dövründə xaricdə təşkil olunan konfranslara qatılmaq imkanlarının məhdudluğu ilə əlaqədardır”.

 

Professor Kamran Musayev onu da bildirib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının iclasında “Bakı Ürək Günləri” VII Beynəlxalq Konqresi Davamlı Tibbi Təhsil verən tədbir kimi tanınıb və konqresə 16 kredit balı verilib. Bu o deməkdir ki, konqresdə izləyici kimi qatılan mütəxəssislər illik tələb olunan 48 kredit balının 16-nı toplaya bilərlər.

 

Konqresdə iştirak etmək istəyən mütəxəssislər qeydiyyat üçün Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin saytına (www.audcc.org.az) və konqresin Təşkilat Komitəsinə müraciət edə bilərlər.

 

Xatırladaq ki, AÜDCC 2009-cu ildən etibarən hər iki ildən bir “Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib