Ülkər Məhərrəmova: "Peyvəndlər uşaqları bir çox infeksion xəstəliklərdən qoruyur"
26.04.2021 11:23

“İmmunlaşma müxtəlif infeksion xəstəliklərdən qorunma üsuludur. Peyvənd sayəsində orqanizmdə infeksion xəstəliklərə qarşı immunitet yaranır”. 

 

Aztibb.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloqu Ülkər Məhərrəmova deyib. O, bildirib ki, peyvəndlənmə həmin xəstəliklərə yoluxma riskini azaltmış və xəstəliyin yarada biləcəyi ağırlaşmaların qarşısını almış olur.

 

Onun sözlərinə görə, immunlaşma sayəsində dünyada hər il ortalama 2-3 milyon ölümün qarşısını almaq mümkün olur. Peyvənd orqanizmin təbii müdafiə qüvvələrini stimullaşdıraraq, orqanizmi xəstəliyə qarşı daha effektiv mübarizə aparmaq üçün hazırlayır: Peyvənd virus və bakteriyaların canlı və ölü növlərindən hazırlanmış bioaktiv vasitədir. Onun sayəsində orqanizmdə immun reaksiya formalaşır və gələcəkdə insan virus və bakteriyaya yoluxsa belə, immun sistemi onlarla mübarizəyə hazır olur. Peyvəndlər istifadəyə verilməmişdən öncə klinik sınaqlardan və ciddi təhlükəsizlik testlərindən keçirilir, təhlükəsiz olduğu sübuta yetirildikdən sonra tətbiq edilməyə başlanır”.

 

Ülkər Məhərrəmova qeyd edib ki, peyvəndlər uşaqları bir çox infeksion xəstəliklərdən qoruyur. Bunlara iflicə səbəb ola biləcək poliomielit, ağır pnevmoniya və hətta korluğa səbəb ola biləcək qızılca, ən çox oğlan uşaqlarında ağır fəsadlar yarada biləcək parotit, son illərdə dünyada ən çox yoluxma halları rast gəlinən hepatit B, ölüm faizi 40-60% olan, sinir sisteminə çox güclü təsir edən tetanus xəstəliklərini, yüngül infeksion xəstəlik kimi bilinən, amma ağırlaşması zamanı qalıcı fəsadlar yarada bilən suçiçəyi xəstəliyini və bir çox digər infeksion xəstəlikləri misal göstərmək olar. 

 

"Əgər şəxsdə öncəki peyvəndlərdə anafilaktik reaksiya görülübsə, o zaman peyvənd təkrar edilməməlidir və həmin peyvəndin vurulması əks-göstəriş sayılır. Peyvənd olunduqdan sonra bəzən 2-3 gün ərzində bədən hərarətinin yüksəlməsi, peyvənd yerində yerli reaksiya görülə bilər. Bu zaman həkim nəzarəti ilə qızdırmasalıcı dərmanlardan istifadə etmək olar. Əgər hər hansı bir səbəbdən peyvəndlər arasında interval uzanarsa, həkimin nəzarəti ilə peyvəndlənmə qaldığı yerdən davam etdirilməlidir", - deyə həkim bildirib.

 

Pediatr-neonatoloq valideynlərin uşaqlarını peyvənd etdirməkdən imtina səbəblərindən birinə - peyvənd autizmə səbəb olması məsələsinə də toxunub. Bildirib ki, 1998-ci ildə britaniyalı həkim Andrew Wakefield müəyyən qrup insanlarda OMP (qızılca, məxmərək, parotit) peyvəndinin autizmə yol aça biləcəyi fikrini irəli sürmüşdü. Bununla bağlı tədqiqatçılar tərəfindən yüz minlərlə peyvənd olunmuş və olunmamış uşaqlar üzərində tədqiqatlar aparılıb, 2010-cu ildə bu fikrin əsassız olduğu sübutlarla öz təsdiqini tapıb:

 

"Bu səbəbdən sənədləri saxtalaşdırdığına və yanlış məlumat yaydığına görə, həmin həkimin lisenziyasına xitam verilib. Bir çox valideynlər bu yalan məlumatlara inanaraq, təəssüf ki, uşaqlarının peyvənd olunmasından imtina edir və onları riskə məruz qoyurlar. Lakin hamı bilməlidir ki, bütün uşaqlar həkim nəzarəti ilə Dünya Səhiyyə Təşkilatının tərtib etdiyi, Azərbaycan Səhiyyə Nazirliyinin təsdiq etdiyi Milli Peyvənd təqviminə əsasən vaxtı-vaxtında peyvənd olunmalıdırlar".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib