Nuran Abdullayev: İkinci nəsil peyvəndlər tətbiq ediləndən sonra virusa qalib gəlmək haqqında düşünmək olar
09.04.2021 11:00

Son günlər yeni növ koronavirusa (COVID-19) yoluxma halları yenidən artıb. Təbii ki, onu müxtəlif səbəblərlə əlaqələndirirlər. İzahlar və yozumlar müxtəlif ola bilər, lakin ən yaxşısı, mütəxəssis fikrini öyrənməkdir.

 

Aztibb.az xəbər verir ki, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev mövzuya əvvəlcə çalışdığı ölkədə bu sahədə olan vəziyyətdən başlayıb: “Almaniyada indiyə qədər yayılan dalğalarda məsuliyyətsizlik hissinin əsas rol oynadığını söyləmək olmaz, çünki əhalinin çox böyük hissəsi tələb olunan qaydalara ciddi şəkildə əməl edir. Ölkədə elmi əsaslı strategiyalara üstünlük verilir və indiyə qədərki dalğaların hər biri müxtəlif səbəblər nəticəsində yaranıb. Əvvəlki dalğalarda ölkənin sərhədlərinin bağlanmaması, turistik gediş-gəliş və bunun nəticəsində yoluxmaların artması göstərilirdisə, indiki dalğanın yayılması “Britaniya ştammı” ilə əlaqələndirilir. İndi ölkədə tətbiq edilən karantin rejimi və məhdudiyyətlər aradan qaldırılsa, may ayında bütün reanimasiyaların dolması gözlənilir. Ona görə də elm adamları virusa qarşı maksimum tədbirlər görülməsini irəli sürürlər. Hazırda ölkədə vəziyyət heç də ürəkaçan deyil və kritikdir.

 

Peyvəndlənmə strategiyasında Almaniya ilə Azərbaycan arasında fərq ondan ibarətdir ki, orada elmi əsaslı maarıfləndirmə təbliğatı daha əvvəlcədən hazırlanıb. Hələ birinci dalğa yayılan zaman ölkədə vaksinlərin əhəmiyyəti və onların təsiri barədə əhali arasında maarifləndirmə işi aparılırdı. Hər kəsin başa düşəcəyi səviyyədə vaksinin əhəmiyyəti izah ediləndən sonra böyük klinikalarda həkimlərlə xəstələrin söhbəti təşkil olunmuşdu. Təbliğatın bu cür təşkili bizim ölkəmizdə də əhalinin indikindən daha çox hissəsini peyvəndlənməyə cəlb edə bilərdi”.

 

O, xəstəliyi keçirənlərin yalnız bir doza peyvənd alaraq immunitet qazana biləcəyi ilə əlaqədar deyib: “Son bir il ərzində Amerikada aparılan elmi tədqiqata görə, gen texnologiyası ilə hazırlanan peyvəndlərdə, xüsusilə “AstraZeneca” və “BioNTech-Pfizer” vaksinlərində birinci dozanı xəstəliyi keçirənlərə vurduqdan sonra onlarda anticisimlərin miqdarı xəstəliyi keçirməyənlərlə müqayisədə daha çox olub. Onlara ikinci dozanın vurulması əlavə simptomlara səbəb olub. Ola bilər ki, xəstəliyin strategiyasında dəyişiklik edilsin. Sadə dillə desək, ola bilər ki, xəstəliyi keçirənlər yalnız bir peyvənd dozası almaqla kifayətlənsinlər”.

 

“Uşaqlar arasında “Britaniya ştammı”nın yayılması ilə əlaqədar nüfuzlu elmi jurnallarda dərc olunan tədqiqatların nəticələri var. Böyük Britaniyada olan statistika virusun uşaqlar arasında daha çox yayıldığını və ölüm hallarının çox olduğunu göstərir. Həmin hal dünya mediasında, o cümlədən Almaniyada da ciddi müzakirə edildi. Əslində belə tədqiqatları daha dərindən araşdırmaq lazımdır, çünki təkcə uşaqlarla əlaqədar belə bir ağırlaşmanın olması heç də gözlənilən məsələ deyil. Sonradan araşdırıldı ki, Böyük Britaniyada uşaqlar arasında yoluxmanın çox olması həmin dövrdə məktəblərin açıq olması, digər strukturların isə bağlı olması ilə əlaqədar olub. Bundan sonrakı tətil müddətində bir daha infeksiyanın uşaqlar arasında yayılmasına baxanda yoluxmanın və ağırlaşma hallarının aşağı düşdüyü aşkar edilib”,- deyə yeni ştammın uşaqlar arasında yayılması barədə fikirlərə münasibət bildirib.

 

O, daha sonra deyib: “Pandemiyaya qalib gəlmək üçün əhalinin orta hesabla 60-70 faizinin immunitet qazanması tələb olunur. Azərbaycanda da əhalinin həmin hissəsi peyvənd edilərsə, pandemiyaya qalib gəlmək olar. Buna daha tez nail olmaq üçün ölkəmizdə fərqli strategiyalar tətbiq etmək barədə düşünmək olar. Məsələn, strategiyada yuxarı yaş qrupundan sonra aşağı yaş qrupunda olanların peyvəndlənməsinə, yaxud peyvəndləmə tədbiri buna icazə verirsə, paralel olaraq 20-30 yaşlıların da həmin tədbirə cəlb olunması prosesin daha da sürətlənməsinə və hədəf kimi müəyyənləşən rəqəmlərə daha tez çatmağa kömək edərdi, çünki gənc nəsil virusun yayılmasında ən önəmli rollardan birini oynayır”.

 

Alim bəşəri bəladan xilas olmaq barədə proqnozunu da söyləyib: “İstər dünyada, istərsə də Azərbaycanda yalnız peyvənd aparılması yolu ilə pandemiyaya qalib gəlməyi düşünmək elmi cəhətdən doğru deyil. Lakin bununla yanaşı hər kəs bilməlidir ki, peyvəndləmə ilə yanaşı bu günə qədər göstərilən bütün tədbirlərə əməl edilməlidir, çünki burada müəyyən formada təkrar yoluxma, peyvənddən sonra yoluxma və s. hallar da var. Proqnozlara gəldikdə isə deməliyəm ki, hazırda tətbiq olunan peyvəndlər birinci nəslə aid edilir, ikinci nəsil peyvəndlər burun spreyləri formasında ola bilər. “AstraZeneca” şirkəti və Çindən olan şirkətlər ikinci nəsil peyvəndlərin tətbiqinə başlayıblar və icazə verildiyi təqdirdə həmin peyvəndlərin tətbiqi bu ilin axırları üçün nəzərdə tutulur. Həmin peyvəndlər tətbiq ediləndən sonra virusa qalib gəlmək haqqında düşünmək olar, lakin bunun nə qədər çəkəcəyi və ortaya yeni problemlər çıxarsa nə qədər uzanacağı çox böyük sual altındadır. Pandemiyanın bu ilin axırlarında yekunlaşacağını ehtimal etmək düzgün deyil, gələn ildən etibarən yavaş-yavaş normal həyata qayıtmaq barədə düşünmək olar”.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 Sumqayıt Tibb Mərkəzini seçən həkimlərin sayı artır   
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib