Psixi Sağlamlıq Mərkəzinin direktoru: "Uşaqlarda autizm nə qədər tez aşkarlanarsa, göstərilən yardımlar o qədər effektiv olar"
02.04.2021 12:29

Hazırda uşaq autizmi "ümumi inkişaf pozuntusu" olaraq təsnif edilir. Autizm spektrli pozuntusu olan uşaq həkimlərin, psixopedaqoqların, loqopedlərin, psixoloqların və təbii ki, valideynlərin xüsusi diqqətinə ehtiyac duyur.

 

Aztibb.az Səhiyyə Nazirliyinə istinadən Nazirliyin Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Gülnarə Musabəyovanın müsahibəsini təqdim edir.

 

Autizm necə bir xəstəlikdir?

 

İlk olaraq onu qeyd etmək istərdim ki, aprel ayının 2-si Ümumdünya Autizm Maarifləndirmə Günü kimi qeyd olunur.

 

Autizm - üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beynin inkişafına maneə törədən bir psixi pozuntudur. Autizmin risk faktorlarına - valideynlərin yaşı, ananın psixi və fiziki sağlamlığı, ekoloji faktorlar və s. aid edilir. Elmi tədqiqatlar göstərir ki, autizm spektrli pozuntuların əmələ gəlməsində irsi faktorun böyük əhəmiyyəti var. Son illər ərzində autizmin diaqnostikası və autizm hallarına diqqətin artması xeyli yaxşılaşdırılıb. Autizm spektrli pozuntular, qızlara nisbətən oğlanlarda 4 dəfə çox rast gəlinir.

 

 

Valideynlər uşaqlarının autizmli olduğunu necə anlaya bilər və autizm daha çox hansı yaş aralığında özünü göstərir?

 

Hər valideynin autistik pozuntular barədə məlumatlı olmalıdır. Autizmli uşaq aşağıdakı spesifik xüsusiyyətlərə görə tanınır:

 

• Uşaq anası və digər yaxınları ilə təmasda olmur;

• Tez-tez eyni təkrarlanan hərəkətləri edir

• Maraq dairəsi məhduddur

• Uşağın davranışı çox vaxt dağıdıcıdır: aqressivdir, qışqıra bilər, özünə zərər verə bilər və s.

 

Bir qayda olaraq, autistik əlamətlər 3 yaşına qədər özünü göstərir. Bəzən, valideyn uşağın digər sağlamlıq problemlərdən şübhələnir: nitq inkişafı ləngiməsindən və ya eşitmə zəifliyindən. Autistik pozuntuların ilk əlamətləri fərqlidir və valideyn onlara daha tez diqqət yetirməlidir. Məsələn, uşaqlar passivdir, yüksək səslərdən qorxur və onlara alışmır, həmişə yeməkdə seçicidir, müəyyən bir rəng, dad və ya qoxulu yeməyi sınaması üçün uşağı inandırmaq mümkün deyil.

 

Müalicənin ən uğurlu yaş aralığı hansıdır?

 

Uşağın müalicəsi autistik əlamətlər aşkar edildiyi andan başlamalıdır. Hər bir uşaq üçün müalicə fərdi olaraq seçilir. Medikamentoz və qeyri medikamentoz üsulların kompleks istifadəsi, uşağın ailəsi ilə psixo-edukasiya və sosial iş ilə birgə aparılan müalicənin əsas prinsipidir. Autizmin dərman müalicəsi indiyə qədər mübahisəli məsələ olaraq qalır. Erkən yaşlarından başlanan psixososial müdaxilələr (ABA-terapiya (ABA - Davranış analizin tədbıqi), TEACCH (Autistik əlil uşaqlar üçün kommunikasiya, müalicə və təhsil), CBT (Kognitiv davranış terapiyası) və s.) bir çox uşaqlarda müsbət nəticə verir.

 

Autizmli xəstələrin müalicəsi əsasən kim tərəfindən və necə aparılır?

 

2014-cü ildən etibarən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əmrinə əsasən, uşaq poliklinikalarda həkim psixiatr kabineti fəaliyyət göstərir. Autizmin ilk əlamətlərinə şübhə olduqda, həkimə müraciət edilməsi vacibdir, sonra isə təlim planı hazırlanır. Yüksək kompleks terapiyanın effektivliyi yalnız multidissiplinarkomanda (psixiatrlar, psixopedaqoqlar, loqopedlər, psixoloqlar, bədən tərbiyəsi üzrə müəllimlər, sosial işçilər və digər) şəklində mütəxəssislərin qarşılıqlı təsiri ilə aparılır.

 

Qeyd etmək lazımdır ki, son illər ərzində bu istiqamətdə dövlət tərəfindən böyük işlər görülüb.

 

2016-ci ildə Azərbaycan Respublikasının birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Lənkəran şəhəri uşaq poliklinikanın nəzdində ilk psixi sağlamlıq bölməsi açılıb. Sonra isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyin əmrlərinə əsasən başqa regionlarda (Sumqayıt, Gəncə, Minqəçevir, Şəki, Quba, Şirvan) analoji bölmələr yaradılıb. Bu xidmətlərin uğurlu fəaliyyəti onunla nəticələndi ki, psixi pozuntusu olan uşaqlar, həmçinin autizmlə əziyyət çəkənlər yaşayış yeri üzrə psixi sağlamlıq sahəsində multidissiplinar qrup tərəfindən xidmət almaq imkanı əldə ediblər.

 

Bu xəstəlikdən tamamən sağalma mümkündürmü?

 

Autizm ümumi inkişafın pozuntusu olaraq sosial qarşılıqlı fəaliyyət, məhdud maraqlar, kommunikasiya və təkrarlanan hərəkətləri ilə xarakterizə olunur. Autistik əlamətlər uşaqlarda həyatı boyu aşkar edilir. Qeyd etmək lazımdır ki, autist uşağı tərbiyə etmək ailə üçün böyük stressdir. Autizm spektrli uşaqların güclü tərəfləri istifadə olunmalıdır. Uşaqlarda autizmin olması nə qədər tez aşkarlanarsa, göstərilən yardımlar daha effektiv olacaqdır.

 

Erkən diaqnoz üçün valideynlərə nə tövsiyə verə bilərsiniz?

 

İlk növbədə, mütəxəssislərin erkən müdaxiləsi çox önəmlidir. Valideynlər övladlarına qarşı diqqətli olmalıdır, övladınızla davranışın idarə etmə yanaşması, sosial qarşılıqlı münasibətləri, oyun vərdişlərinin mənimsəməsi, kommunikasiyanın öyrədilməsi və emosional təmasda olması vacibdir. Valideyn üçün ən böyük nailiyyət, övladının davranışının öz davranışından asılı olduğunu başa düşməsidir. Bu mərhələdə valideynlər uşağın davranışını tənzimləməlidirlər.

 

Cəmiyyətimiz hamılıqla autist uşaqların çətinliklərini qiymətləndirərək, onlara qarşı tələbləri və ətraf mühiti elə dəyişdirməlidir ki, digər uşaqlar kimi onlara da xoşbəxtlik və müvəffəqiyyətli həyat yaşaması üçün imkan yaransın.

ÇOX OXUNANLAR
AMEA-da akademik Vəli Axundovun 110 illiyi qeyd edilib
Nizami Tibb Mərkəzinin ümumi cərrahı dünyasını dəyişib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi özəl tibb müəssisəsində infeksiyalara yoluxma risklərinin idarə olunması ilə bağlı təlim keçirib
Liv Bona Dea Xəstəxanasının Pediatrik Reanimasiya və İntensiv Terapiya Bölməsinin fəaliyyətə başlamasından 2 il ötür
Azərbaycanlı alim 16 ölkə transplantoloqlarının toplaşdığı beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib
 Tədris Cərrahiyyə Klinikasında boyunun orta kistası uğurla əməliyyat olunub   
 Şəki Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası    
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə edilib
“Azərbaycan dili” (ingilis qrupları üçün) dərsliyi işıq üzü görüb
Azərbaycan Pediatrlar Assosiasiyası xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti sosial-mədəni və tibbi aksiya həyata keçirib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri beynəlxalq konfransda təmsil olunublar
Həmkarımızın psixoloji tükəndiyini necə anlayaq?
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının mütəxəssisləri tərəfindən loqoped xidməti təşkil olunub
 Dövlət Gömrük Komitəsinin nümayəndəsi EAPCCT-nin 46-cı Beynəlxalq Konqresində iştirak edib   
 Tərtər RMX tərəfindən hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyası həyata keçirilir