ÜST ekspertləri Çində araşdırmalar zamanı səlahiyyətlilərdən tam məlumat ala bilməyiblər
01.04.2021 08:30

"Biz hələ virusun mənbəyini tapmamışıq, buna görə elmi araşdırmaları davam etdirmək və bundan ötrü bütün səyləri əsirgəməmək lazımdır”. Bu barədə COVID-19-a səbəb olan SARS-CoV-2 virusunun mənşəyinə dair məruzənin yayılmasına həsr olunmuş mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus çıxış edib.

 

Avstraliya, Böyük Britaniya, Vyetnam, Almaniya, Danimarka, Qətər, Keniya, Çin, Hollandiya, Rusiya, ABŞ və Yaponiyadan olan 34 nəfərdən ibarət alimlər qrupu, yanvar ayında əldə olunan məlumatlara görə infeksiyanın mənbəyi olan Çinin Uhan şəhərində olublar.

 

Mütəxəssislər virusun mənşəyinin dörd: vəhşi heyvandan insana ötürülməsi, vasitəçi heyvanla ötürülməsi, dondurulmuş qida məhsulları ilə yoluxma və laboratoriyadan sızma versiyasını araşdırıblar.

 

Alimlər hələ də son bir nəticəyə gələ və mövcud fərziyyələrdən birini tamamilə təkzib edə və ya əksinə təsdiq edə bilməyiblər. Məruzədə deyilir ki, səfər zamanı mütəxəssislərdə gələcək araşdırmalarda cavablandırılacaq bir sıra suallar yaranıb.

 

Doktor Tedros vurğulayıb ki, elm adamlarının zəngin məlumatlar əldə etməsinə baxmayaraq, 2019-cu ilin sentyabr ayına aid bioloji nümunələr də daxil olmaqla, koronavirus infeksiyasına ilk yoluxma hadisələrini araşdırmaq üçün onlara Çin səlahiyyətlilərindən əlavə məlumatlar lazımdır. “Mən bir qrup elm adamı ilə ünsiyyətdə oldum, onlar mənə təsdiqlənməmiş məlumatları əldə etməyə çalışarkən qarşılaşdıqları çətinliklərdən bəhs etdilər. Ümid edirəm ki, gələcəkdə birgə araşdırmalar zamanı vaxtında və daha tam məlumat mübadiləsi aparılacaqdır”, - deyə ÜST rəhbəri söyləyib.

 

Alimlər, xüsusilə vəhşi heyvan əti satılan Uhan bazarında çoxsaylı yoluxma hallarını təsdiqləyiblər, lakin yoluxmanın mənbəyi hələ də müəyyən edilməyib.

 

Ekspertlər qeyd ediblər ki, araşdırmaları davam etdirmək və Uhan və ətrafındakı bazarlarda satılan ətin mənşəyini yoxlamaq lazımdır, lakin koronavirusun yayılmasında onların rolu hələ ki, aydın deyil.

 

Virusun bazarlardan birinə necə düşdüyünü anlamaq üçün məhsullarını orada satan bütün fermerlər və təchizatçıları sorğulamaq və onların bütün əlaqələrini izləmək lazımdır. "Xüsusilə insanlar arasında erkən yoluxma hadisələri ilə əlaqəli olan Uxan bazarlarındakı heyvandarlıq məhsulları ticarətinin tam təhlili daxil olmaqla, əlavə araşdırmaların aparılması tövsiyələrini alqışlayıram", - deyə T.Qebreyesus bildirib.

 

Ekspertlər Uhandakı bir neçə laboratoriyada olublar və laboratoriyanın sızması nəticəsində virusun insana ötürülmə ehtimalının son dərəcə az olduğu qənaətinə gəliblər. Lakin ÜST rəhbəri hesab edir ki, bu versiyanın təhlili kifayət qədər dərin olmayıb: daha çox məlumatlara və əlavə araşdırmalara ehtiyac var.

 

“Komanda laboratoriya sızmasının ən az ehtimal olunan fərziyyə olduğu qənaətinə gəlsə də, bunun əlavə araşdırmaya ehtiyacı var. Əlavə ekspert missiyası tələb oluna bilər və mən belə bir missiyanı işə salmağa hazıram”, - deyə ÜST rəhbəri söyləyib.

 

“Virusun mənşəyini müəyyənləşdirmək üçün vaxt lazımdır, bu bizim dünya qarşısında borcumuzdur. O zaman gələcəkdə bunun təkrarlanmaması üçün kollektiv tədbirlər görə bilərik. Bir araşdırma səfəri zamanı bütün suallara cavab tapmaq mümkün deyil”, - deyə doktor Tedros Qebreyesus qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır