Keto pəhriz hansı hallarda tətbiq edilə bilər? - Dietoloq Arzu Əliyeva detalları açıqladı
29.03.2021 14:33

Keto pəhriz əsasən epilepsiya xəstəliyi olan uşaqlara tətbiq edilir. Hesablanma və tətbiq zamanı bəzən 1-2 qramın da əhəmiyəti böyük olur.

 

Bu sözləri pediatr-endokrinoloq, dietoloq, tibbi qidalanma mütəxəssisi Arzu Əliyeva Aztibb.az-a müsahibəsində deyib.

 

- Keto pəhriz nədir ?

 

- Bu pəhriz yağla zəngin, karbohidratla məhdud qidalanmadır. Bu halda karbohidrat miqdarı kəskin azalır va nəticədə orqanizm ketoz adlanan metabolin vəziyyətə düşür. Bu vəziyyət uzunmüddətli aclıq vəziyyətinə bənzəyir. Orqanizm enerji mənbəyi olaraq karbohidrat yerinə yağları istifadə edir. Yağların parçalanma məhsulu - ketonlar beyin üçün enerji təmin edir.

 

- Bu pəhriz kimlərə tətbiq edilir?

 

- İlk olaraq epilepsiyanın müalicəsi üçün tətbiq olunub. Sonralar isə bir çox metabolik, nevroloji və insulinlə bağlı xəstəliklərin, bəzi xərçəng növlərinin müalicəsində də faydalı ola bildiyinə dair araşdırmalar edilib. Ancaq hazırda daha çox uşaqlarda, dərmana rezistent epilepsiyası olan azyaşlılarda və bir neçə metabolik xəstəliklər zamanı tətbiq edilir.

 

- Bu pəhriz necə tətbiq edilir?

 

- Əvvəlcə pasiyentin pəhrizə uyğun olub-olmaması araşdırılır. Burada həkim-nevroloq, metobolizma mütəxəssisinin rəyi və göndərişi əsasdır. Bəzi laborator müayinələr edilir. Ən mühüm amillərdən biri də valideynlərin uşağı pəhrizə adaptasiya edə bilməsidir. Dəqiqlik, səbr tələb edən proses olduğuna görə ana hərtərəfli maarifləndirilməli və dietanın məğzini anladığına əmin olunmalıdır. 

 

Anaya pəhrizin qaydası, ola biləcək ağırlaşmalar, diqqət edilməli məqamlarla bağlı təlim keçirilir. Tərtib edilmiş menyu verilir və 24 saat həkimlə əlaqə saxlaya bilməsi təmin edilir.

 

- Bu pəhrizi ana özü tətbiq edə bilərmi?

 

- Keto pəhriz uşaqdan asılı olaraq təyin edilir. Klassik forması modifikasiya, aşağı qlisemik indeks, atkens kimi formaları var. İlk olaraq buna qərar verilir. Yağ, karbohidrat və zülalın hansı nisbətdə veriləcəyi qərarlaşandan sonra pəhrizə başlama və davametmə menyuları təqdim edilir.

 

Ana bu menyulara ciddi riayət etməklə verilən inqridiyentləri mətbəx tərəzisində dəqiq ölçməklə uşağa yedirir. Hesabları isə mütəxəssis aparmalıdır.

 

- Keto pəhrizin yan təsirləri varmı?

 

- Bu pəhriz tamamən faydalı, ya da tam təbii bir qidalanma forması deyil. Müalicəvi qidalanmadır. Hər müalicə üsulu və dərmanlar kimi bu pəhrizin də yan təsirləri vardır. Lakin müalicəvi təsirini görürüksə, yan təsirlərini minimuma salaraq tətbiq edirik. Məsələn, uşağın fiziki inkişafına  mənfi təsir edə bilər. Bunun üçün zülal miqdarını yaşına uyğun veririk. Böyrək daşına səbəb ola bilər, içilən maye miqdarını artırırıq. Bundan əlavə, pəhrizə başlayanda adaptasiya dövründə yan təsirləri - qusma, ishal, yuxululuq və s. ola bilər. Bu hallar tədricən keçib gedir.

 

- Bu pəhrizdə qidadan nələr çıxarılır? 

 

- Əslində sağlam bilinən bütün qidalar rasionda olur. Sadəcə dəqiq hesablanmış miqdarda tətbiq edilir. İstifadədən sadəcə sadə şəkərlər, paketli qidalar və tərkibində gizli şəkər olan dərman, kosmetik vasitələr çıxarılır.

 

- Qida nədən ibarət olur?

 

- Nəticədən asılı olaraq müəyyən nisbətdə əsas hissəni yağlar təşkil edir. Əsas üstünlük soyuqsıxım bitki yağlarına verilir. Bundan başqa menyuya tərəvəz, ət, yumurta, süd məhsulları və meyvə hesablanmış miqdarda daxil edilir.

 

Hesablanma və tətbiq zamanı bəzən 1-2 qram belə əhəmiyətli olur.

 

- Pəhriz nə qədər davam edir?

 

- Davametmə müddəti uşaqlardan aslıdır. Epilepsiyada 3 ayda əgər qıcolmalarda 50% azalma müşahidə edilməzsə, pəhriz effektsiz hesab edilir və valideynə dayandırma təklif edilir. Effektli olma halında isə 2-3 il davam etdirilir. Həmin dövrdə qıcolmalarda azalma, həm də ümumi nevroloji vəziyyətdə müsbət dinamika müşahidə edilir.

 

-  Uşaqlarda epilepsiyadan başqa hansı xəstəliklərdə bu pəhriz tətbiq edilir?

 

- Bəzi Drvet West, Rett kimi genetik sindromlarda, GLUT defisiti kimi metabolin xəstəliklərdə tətbiq edilir.

 

Bunlardan başqa KD-in, autizm, bipolyar pozğunluq, diabet, narkolepsiya, piylənmə, parkinson, şizofreniya kimi xəstəliklərin müalicəsində istifadəsinə aid araşdırmalar vardır.

 

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Qazaxda ana və körpənin həyatı xilas edilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar
Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb