Düzgün müalicə nəticəsində epilepsiya xəstələrinin sağalma şansı 95 faizə bərabərdir
26.03.2021 19:37

Qıcolma tutması əhali arasında çox geniş yayılmış klinik haldır. El arasında buna ürəkgetmə, bayılma da deyirlər. Ona görə də ürəkgetmə şəklində belə tutmaları olan xəstələr çox zaman kardioloqa müraciət edirlər. Bəzən bu tutmalar müxtəlif atipik əlamətlərlə təzahür etdiyindən çox vaxt diaqnoz və müalicə zamanı yanlışlıqlara yol verilir.

 

Aztibb.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının nevropatoloqu Yeganə Rəşidova məlumat verib.

 

Nevropatoloq, həmçinin deyib: "Qıcolma tutmaları uşaqlar arasında çox geniş yayılıb. Buna bətndaxili və ya doğuş zamanı müxtəlif zərərli və zədələyici amillər səbəb ola bilər. Uşaqlarda beyinin kifayət qədər tam inkişaf etməməsi səbəbindən onun oyanması çox həssas olur və diffuz qıcolma reaksiyası ilə nəticələnir. Həmçinin körpələrdə beyin damarlarının keçiriciliyinin yüksək olması səbəbindən infeksiyaların təsirindən beyindaxili təzyiq arta və qıcolma ilə nəticələnə bilər.

 

Epilepsiya təkrar qıcolma tutmaları ilə xarakterizə olunan baş-beyinin xroniki xəstəliyidir. Epileptik tutmalar auralı və aurasız olur. Klassik epileptik tutmalar çox spesifik olur. Bəzi xəstələrdə tutmadan bir neçə saniyə öncə aura yaranır. Aura xəstədə xüsusi xəbərdaredici bir haldır. Belə ki, xəstələrdə bəzən tutmadan bir neçə saniyə öncə göz qarşısında qığılcımların olması, qulaqda bəzi səslərin eşidilməsi, sanki daxili gərginliyin artması kimi hallar olur. Bu əlbəttə ki, xəstələr üçün müsbət haldır. Onlar tutma olacağını bilir, özlərinə normal poza seçirlər ki, böyük zədə almasınlar. Aurasız qıcolma tutmaları daha təhlükəlidir. Belə xəstələr epileptik tutmalar zamanı travmatik zədələr ala bilirlər. Adətən bir xəstədə tutmadan öncə eyni aura baş verir. Lakin bir xəstə ilə digərinin aurası fərqlənə bilər. Auradan sonra huşun itməsi və qıcolma baş verir. Əvvəl toniki, ardınca klonik qıcolma qeydə alınır. Tənəffüs əzələləri cəng olduqda qısa müddətdə tənəffüs dayanması və dilin dişlənməsi baş verir. Qeyri-iradi sidik ifrazı, sonra tutma müşahidə olunur. Bəzən tutmadan sonra yuxululuq, bir sıra hallarda isə oyanıqlıq qeydə alınır. Xəstələrin bir qismində tutmalardan sonra baş ağrıları, halsızlıq kimi hallar müşahidə oluna bilər".

 

Mütəxəssisin sözlərinə görə, epilepsiyanın qeyri-epileptik tutmaları da mövcuddur. Yenidoğulmuşların asfiksiyası, hemolitik xəstəlikləri, doğuş zamanı aldıqları kəllədaxili travmaları, mərkəzi sinir sisteminin defekti, anadangəlmə eybəcərliklər, mikrosepaliya, hidrosepaliya zamanı, o cümlədən baş-beyin şişləri, damar və ürək patologiyaları, anevrizmalar, angiomatozlar, beyin qan dövranının kəskin pozuntuları, anadangəlmə ürək qüsurları, kəskin respirator xəstəliklər, neyroinfeksiyalar, meningitlər, ensefalitlər, yüksək temperatur zamanı qıcolmalar müşahidə oluna bilər. Epileptik tutmalar, həmçinin profilaktik peyvəndlər, müxtəlif intoksikasiyalar, bir çox müxtəlif maddələr mübadiləsi pozulmaları, bəzi qan xəstəlikləri, dərman, narkotik qəbulu, bəzi preparatların qəbulunun dayandırılması zamanı da qeydə alına bilər. Bunlar epilepsiyanın qeyri epileptik tutmalarıdır.

 

Qıcolma tutmalarının yaranmasının əsasında baş-beyin neyronlarının oyanıqlığının artması dayanır. Bu neyronlar da beyinin müvafiq yerində ocaq əmələ gətirir ki, onun oyanması hesabına qıcolma tutmaları baş verir. Baş-beyinin travmaları, deinsefal zədələnmələri, infeksiyaları, epilepsiyaya irsi meyillilik, hamiləlik zamanı ananın keçirdiyi intoksikasiyalar, infeksiyalar, onun qəbul etdiyi dərman preparatları, travma, abort təhlükəsi, doğuş vaxtı asfiksiyalar, cift dolaşması, sürətli və ya uzun çəkən doğuşlar, böyüklərdə qan dövranının kəskin pozulmaları, insultlar qıcolma tutmalarının yaranmasına səbəb ola bilər.

 

Epilepsiya xəstəliyindən dahi insanlar daha çox əziyyət çəkiblər. Ona görə də qədim zamanlarda epilepsiya "dahi xəstəlik" və ya "dahilərin xəstəliyi" adlandırılıb. Napoleon Bonapart, Yuli Sezar, Fyodor Dostoyevski, Fridrix Hendel, Alfred Nobel, Dante Aligyeri kimi məşhur insanlar bu xəstəlikdən əziyyət çəkiblər.

 

Y.Rəşidova bildirib ki, epilepsiyanın insanın yıxılması, ağzından köpük gəlməsi, qeyri-iradi sidik ifrazı kimi simptomlarının qeydə alınmasından başqa fərqli əlamətlərin müşahidə olunduğu atipik forması da var. Buna bəzən diqqət yetirilmir və epilepsiya xəstəliyinin olduğu anlaşılmır. Bəzi xəstələrdə uzun müddət davamlı olaraq udqunma, öskürək, gülmə, gözləri qırpma, üzdə, çiyində, bədənin müxtəlif nahiyələrində tiklərin olması, el arasında gözün yol çəkməsi adlandırılan dalmalar, fikir yayqınlığı, qarında tutmaşəkilli sancılar müşahidə olunur. Çox nadir hallarda budda və baldırda davamlı tutmaşəkilli kəskin ağrılar da qeydə alınır. Bu əlamətlər epilepsiyanın atipik formasına aiddir.

 

“Xəstəliyin diaqnostikası üçün xəstə bütün müayinələrdən keçirilir. Elektroensefaloqramma müayinəsi zamanı aşkarlanır ki, belə hallar epilepsiyanın atipik forması zamanı baş verir. Belə ki, bəzən xəstəlik çox müşahidə olunan və başqa heç bir əlaməti olmayan başağrısı fonunda da üzə çıxır. Yəni xəstədə heç bir əlamət olmur. Xəstə əsasən gicgah nahiyələrində qeydə alınan şiddətli başağrılarından şikayət edir. Ağrılar çox zaman ağrıkəsicilərə tabe olmur, xəstənin anamnezi və elektroensefaloqramma müayinəsi ilə aşkarlanır ki, bu hal epilepsiyanın atipik formasıdır. Ona görə də epilepsiya xəstələrə və həmin xəstəlikdən əziyyət çəkən uşaqların valideynlərə atipik əlamətlərə də diqqət yetirmələri, nevropatoloqa müraciət etmələri, onun müayinəsindən keçmələri tövsiyə olunur ki, xəstəyə dəqiq düzgün diaqnoz qoyulsun.

 

Qıcolması olan hər kəs öncə elektroensefaloqramma müayinəsindən keçməlidir. Səhvən əvvəlcə maqnit-rezonans tomoqrafiya müayinəsi aparılır. Doğrudur, maqnit-rezonans tomoqrafiya müayinəsi travmadan sonra beyin şişlərində olan qıcolmalar zamanı böyük əhəmiyyət kəsb edir. Lakin maqnit-rezonans tomoqrafiyada epilepsiyanın ocağını görünməyə bilər. Buna baxmayaraq, xəstədə tutmalar davam edə bilər. Çox zaman xəstələr ilk öncə maqnit-rezonans tomoqrafiya müayinəsindən keçirlər, müayinə zamanı heç bir dəyişiklik olmadığına görə ya arxayınlaşır, ya həkimə müraciət etmir, ya da onun yazdığı dərmanları qəbul etmirlər. Nəticədə xəstələrdə böyük epileptik tutmalar baş verə, hətta epileptik statusa qədər gətirib çıxara bilər. Ona görə də qıcolma tutması olan hər bir insan əvvəlcə mütləq elektroensefaloqramma müayinəsindən keçməlidir. Müayinənin nəticəsinə mütəxəssis baxışı olmalıdır. Həkim ehtiyac yarandıqda dəqiq diaqnoz qoymaq üçün xəstəni digər müayinələrə göndərə bilər”, - deyə nevropatoloq qeyd edib.

 

Yeganə Rəşidova epilepsiya xəstələrinin düzgün müalicə nəticəsində 95 faiz hallarda sağaldığını, həmin xəstəlikdən əziyyət çəkənlər arasında ölüm hallarının nadirən qeydə alındığını da diqqətə çatdırıb.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Quba rayonunun Hacı-Hüseyinli kənd sakinləri tibbi müayinədən keçiblər
Təcili tibbi yardım briqadasının vaxtında yardımı nəticəsində xəstə boğulma vəziyyətindən çıxarılıb