ATU-nun kafedra müdiri: "Hazırda vərəm COVID-19 qədər aktualdır"
24.03.2021 18:26

Vərəm hazırda dünyada ciddi gərginliyə səbəb olan yeni növ koronavirus (COVID-19) infeksiyasından az aktual deyil.

 

Aztibb.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasının müdiri tibb üzrə fəlsəfə doktoru, dosent Rafiq Bayramov deyib.

 

O, bildirib: “Vərəm də COVID-19 infeksiyası kimi əsasən aerogen, yəni tənəffüs yolu vasitəsilə yoluxur. Xəstəliyin əsas yoluxma mənbəyi vərəm çöpü ifraz edən ağciyər vərəmi olan xəstələrdir. Həmin xəstələrin öskürməsi və asqırması nəticəsində, yəni hava-damcı yolu və yaxud onların bəlğəmi ilə çirklənmiş torpaqdan hava-toz yolu ilə yoluxma daha çox müşahidə edilir. Bundan başqa, vərəmə qida, təmas və s. yollarla da yoluxmaq mümkündür. Vərəm çöpləri ilə yoluxma xəstələnmə üçün vacib olsa da, başlıca amil deyil. Çünki vərəm çöpləri yoluxduğu orqanizmdə latent, yəni “yatmış” formada qalaraq xəstəlik törətməyə bilər və yaxud immunitetin zəiflədiyi zamanda aktiv formaya keçərək xəstəlik törədə bilir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, dünya əhalisinin təxminən üçdəbiri vərəm çöpləri ilə yoluxub. Dünyada hər il 10 milyondan çox insan vərəmlə xəstələnir ki, onların da 1,5 - 2 milyonu, yəni təxminən hər 20 saniyədə bir nəfər bu xəstəlikdən dünyasını dəyişir. Son illər dünyada dərmanlara dözümlü vərəmlə yoluxma, xəstələnmə və ölüm göstəriciləri artmaqda davam edir. Dərmanlara dözümlü vərəm çöpləri ilə yoluxma nəticəsində inkişaf edən birincili dözümlü vərəmin rast gəlmə tezliyinin artması epidemioloji vəziyyətin daha da gərginləşməsinə səbəb olur. Buna görə də vərəm xəstəliyi vaxtında, erkən aşkar edilməli və müalicə qaydalarına əməl edilməklə tam, kompleks müalicə olunmalıdır”.

 

Mütəxəssisin sözlərinə görə, vərəmin lokalizasiyasından asılı olmayaraq həmin xəstəlik üçün xas olan simptomlar axşamlar zəif subfebril hərarətin - 37,2-37,4° C olması, gecələr səhərə yaxın boyun, ənsə və kürək nahiyəsinin tərləməsi, arıqlama, ümumi halsızlıq, zəiflik əlamətlərinin qabarıq büruzə verməsidir. Vərəm xəstəliyinə ən çox tənəffüs orqanlarında, ağciyərlərdə rast gəlinsə də orqanizmin bütün orqan və sistemlərinin vərəm mənşəli zədələnməsi mümkündür və praktik olaraq müşahidə edilir. Ən çox tənəffüs orqanlarının, ağciyərlərin vərəmi rast gəldiyi üçün qeyd etmək lazımdır ki, ağciyər vərəminin müxtəlif formalarında ən çox müşahidə edilən əlamətlər 3 həftədən çox davam edən öskürək, bəlğəm ifrazı, döş qəfəsində ağrı, təngnəfəslik və qanqusma olmasıdır. Təbii ki, həmin əlamətlərin bir və ya bir neçəsinin olması heç də həmin insanın vərəmlə xəstə olmasını təsdiq etmir. Ancaq sadalanan simptomlar vərəmə şübhə yaradır və müşahidə edildikdə həkim-mütəxəssisə müraciət etmək məsləhət görülür. Çünki xəstəliyin diaqnozu aparılan kompleks müayinələrin əsasında mümkündür. Qeyd etmək lazımdır ki, vərəm xəstəliyi nə qədər tez aşkar edilib düzgün müalicəyə başlanılarsa nəticəsi bir o qədər daha effektli olar. Bir şeyi unutmaq olmaz ki, vərəmin müalicəsi uzunmüddətlidir, yəni vərəmin ən məhdud forması olan xəstə minimum 6-8 ay fasiləsiz müalicə edilməlidir. Bir çox hallarda vərəm erkən aşkar edilib tam kompleks müalicə olunduqdan sonra patoloji proses tam sorulur və həmin şəxsin nə vaxtsa vərəmlə xəstə olmasını təyin etmək mümkün olmur.

 

Cəmiyyətdə vərəm xəstəliyinə və vərəmlə xəstələnənlərə münasibətin pis olması, insanlarda həmin xəstəlik və onun müalicə edilərək tam sağala bilməsi haqqında yetərli məlumatın olmaması səbəbindən bəzən onun diaqnostikası çox gecikir, ya da xəstələr qeydiyyata düşməkdən və müalicədən yayınır. Ancaq bilmək lazımdır ki, hər bir kəs ömrünün istənilən dövründə vərəmlə xəstələnə bilər. Əbəs yerə deyilməyib ki, vərəm əvvəlcədən öz vizit kartını heç kəsə göndərməyən bir xəstəlikdir. Doğrudur, vərəmlə xəstələnməyə görə risk qruplarına adi edilənlər, yəni, şəkərli diabeti olanlar, hormonal preparatlar qəbul edənlər, qidalanması, yaşayış şəraiti yaxşı olmayanlar və s. şəxslər bu xəstəliyə daha çox tutulurlar. Ona görə də həmin qrupdan olan insanlar vərəmin heç bir əlaməti müşahidə edilməsə də ildə 1-2 dəfə bu xəstəliyə görə profilaktik müayinədən keçməlidirlər. Lakin hər kəs vərəmlə xəstələnə bilər. Vərəmlə xəstələnməmək üçün normal qidalanmaq, düzgün gün rejiminə əməl etmək, idmanla məşğul olmaq, immuniteti zəiflədən amillərdən və zərərli vərdişlərdən uzaq olmaq lazımdır.