Britaniya ştammının dəfələrlə öldürücü olduğu sübut edildi  
18.03.2021 10:01

"COVID-19-un Britaniya ştammının dəfələrlə öldürücü olduğu sübut edilib".

 

Bu barədə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib.

 

Onun sözlərinə görə, son günlər aparılan önəmli dörd elmi tədqiqatın nəticəsi virusun Britaniya ştammının yoluxduruculuq əmsalının yüksək olması ilə yanaşı, öldürücülük faizinin də yüksək olduğunu təsdiq edib:

 

"Virusun Britaniya ştammının qeydə alındığı ilk vaxtlarda aparılan tədqiqatlarla tanış olduqdan sonra elmi şərhlərimdə bildirmişdim ki, onun yoluxduruculuq qabiliyyəti daha yüksəkdir. Belə ki, yoluxdurma əmsalının SARS-CoV-2-in yoluxdurma əmsalından 35 % daha böyük və eyni zamanda, mutasiya olunmuş viruslu xəstənin ətrafındakıları yoluxdurma qabiliyyətinin 15 faiz olduğunu qeyd etmişdim. Bu həmin zaman üçün məlum olan elmi əsaslı nəticələr idi. Lakin tədqiqatlarda yeni ştammın öldürücülük əmsalının yüksək olması görünmürdü. Hətta ilk araşdırmalarla hesab edilirdi ki, yeni ştammın yoluxduruculuq əmsalının yüksək olmasına xəstəliyin simptomsuz və yüngül keçirilməsi səbəb ola bilər".

 

Azərbaycanlı alim qeyd edib ki, üçü İngiltərədə, biri isə Danimarkada aparılan son dörd elmi araşdırma yeni ştammın öldürücülük riskinin yüksək olduğunu elmi olaraq təsdiqləyib. Tədqiqatla tanış olan elm adamları onun metodik və statistik hissəsinin yüksək elmi dəqiqliklə hazırlandığının şahidi olur. Nəticədə məlum olub ki, virusun PCR-lə təsdiqindən sonra 28 gün ərzində ölüm riski 58-67 faiz yüksəkdir. Bu isə o deməkdir ki, Britaniya ştammına yoluxan şəxsin 28 gün ərzindəki ölüm riski bildiyimiz COVID-19 xəstəsinin ölüm riski ilə müqayisədə maksimum 67 faiz yuxarıdır.

 

N.Abdullayev bildirib ki, bu tədqiqatlardan ikisi fərqli yaş qruplarında PCR testindən 28 gün sonrakı ölüm riskini də hesablayıb:

 

"Belə ki, bir tədqiqatda 55-69 yaşlılar arasında ölüm riski 0,6 dan 0,9%-ə yüksəlib. Digər tədqiqatda yaşı 65-dən aşağı olan insanlar üçün riskin 0,09 %-dan 0,14 %-ə qalxması müşahidə edilib. Başqa bir tədqiqatda da 70-84 yaş arasında olan insanlarda ölüm riskinin mutantlarla yoluxma zamanı 4,7 %-dən 7,2 %-ə artmasına rast gəlinib. Yəni, risk təxminən 53 % artıb. 85 yaşdan yuxarılarda isə ölüm riski 16,7 %-dən 24,3 %-ə yüksəlmişdir. Bütün bunlar o deməkdir ki, gənc və orta yaşlılarda ölüm riski aşağı olsa da, yaş çoxaldıqca ölüm riski dəfələrlə artır. Bu da Danimarkada aparılan tədqiqatla bir daha üst-üstə düşür. Belə ki, burada ölüm riski başqa parametr çərçivəsində, xəstəxanaya qəbul edilənlər arasında ölçülüb. Nəticədə isə virusun yeni ştammı ilə xəstəxanaya düşənlərin ölüm riskinin təxminən 64% qalxmasını görürük".

 

O, əlavə edib ki, faktlara əsasən hazırda bizim qarşımızda keçən illə müqayisədə ölüm riski təxminən 70 % yükləşmiş virus dayanıb. Bu isə onu göstərir ki, virus təkcə sürətlə yoluxmur, həm də həyat üçün daha da təhlükəlidir. 

 

Azərbaycanlı alim bu səbəbdən əhaliyə müraciət edərək bildirib ki, qarşıdakı günlərdə tələb olunan bütün qaydalara riayət edilməlidirlər. Çünki insanların zərurət olmadan küçələrə çıxması, kütləvi bayram mərasimləri keçirməsi, bir-birinin evinə qonaq getməsi və canlı ünsiyyətlərin sayını minimuma endirməmələri yeni ştammın geniş yayılmasına gətirib çıxara bilər. Bu da ölkə üçün faciələrə səbəb ola bilər.

 

"Oxucuların nəzərinə çatdırmaq istərdim ki, qeyd olunan istiqamətdə elmi tədqiqatların bu dərəcədə statistik dəqiqliklə aparılması Almaniya da daxil olmaqla, heç bir ölkədə sadə məsələ deyil. Bu kimi tədqiqatların nəticələrini zamanında öyrənmək və onları icra edərək pandemiya ilə yüksək səviyyədə mübarizə aparmaq Azərbaycanın da səhiyyə siyasətinin əsas məqsədi olmalıdır", - deyə N.Abdullayev bildirib.

 

Qeyd edək ki, koronavirusun yeni növü olan Britaniya ştammının Azərbaycanda tapılması rəsmi qaydada təsdiqlənməsə də, ölkədə bu ştammın olması ehtimalı var.

 
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib