ÜST: Nə koronavirus mutasiyaları, nə də vaksinlərin mövcudluğu adi təhlükəsizlik tədbirlərini ləğv etmir
13.01.2021 20:28

Bir çoxları vaksinlərin peyda olunması ilə COVID-19 üzərində qələbənin artıq çox yaxın olduğunu düşünür. Digərləri, əksinə, yeni, daha yoluxucu koronavirus ştammları barədə öyrəndikdə ümidsizliyə qapılır. 

 

Aztibb.az BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, ÜST ekspertlərinin sözlərinə görə, heç bir halda nə rahatlaşmaq, nə də təlaşa düşmək olmaz, artıq məlum olan təhlükəsizlik tədbirlərinə səbirlə və ciddi şəkildə riayət etmək lazımdır.

 

ÜST-ün Fövqəladə hallar şöbəsinin müdiri Mayk Rayanın bildirdiyinə görə, bu gün koronavirusun yeni variantlarının xəstəliyin daha ağır gedişatına gətirib çıxardığına dair sübutlar yoxdur. Bəzi məlumatlar onların daha asan ötürüldüyü və daha sürətli yayıldığından bəhs edir. Lakin Rayan hesab edir ki, bu, yeni, xüsusi tədbirlərin görülməsi zərurəti demək deyil və vəziyyəti futbol matçı ilə müqayisə edib.

 

“İkinci hissədə əvəzləmə tətbiq edildikdə oyunun qaydaları dəyişmir və futbolçular da eyni şəkildə oynayırlar. Sadəcə rəqib – bizim halda virus – onun oyununa əlavə enerji, yeni stimul verən yeni bir oyunçu əldə edir və bu, əlbəttə ki, məsələni çətinləşdirir, – deyə Rayan izah edib. – Lakin bu oyun qaydalarını heç bir şəkildə dəyişmir və biz, həmçinin qalib gəlmək üçün nə etmək lazım olduğunu dəqiq bilirik. Sadəcə olaraq, rəqibimiz daha güclü oldu və buna görə də səylərimizi ikiqat artırmalıyıq”.

 

Rayanın həmkarı, baş texniki mütəxəssis Mariya Van Kerkhov virusun mutasiyalarının vəziyyəti çətinləşdirdiyini, lakin onun hələ də nəzarətdə olduğunu etiraf edir. Bir sıra ölkələrdə COVID-19-un daha fəal yayılması hələ yeni ştammların meydana gəlməsindən əvvəl qeyd edilmişdi və bunun səbəbi insanların daha sıx ünsiyyəti idi.

 

Mariya Van Kerkhov xatırladıb ki, yayda bir çox ölkədə virusun ötürülməsi ciddi şəkildə azaldı, lakin indi biz yenə də "virusa uduzuruq" - çünki insanlar xüsusilə Milad və Yeni il bayramları zamanı daha sıx ünsiyyət saxlamağa başlayıblar: “Bayram günlərində insanlar arasında təmasların sayı artdı və bu, bir çox ölkələrdə yeni yoluxma hallarının kəskin artmasına gətirib çıxardı. Cədvələ baxsaq, görərik ki, əyri bəzi yerlərdə demək olar ki, şaquli bir xəttə çevrilib”.

 

“İndi edə biləcəyimiz ən vacib şey - ətrafdakılardan uzaq durmaqdır. Bilirəm ki, bu, çox çətindir, amma bu, belədir”, - deyə Kerkhov bildirib.

 

“Aydın məsələdir ki, virusun yeni variantları dolaşdıqları və digər ölkələrdə də aşkar edildiyi yerdə vəziyyət çətinləşir, amma virusun ötürülmə zəncirini dayandırmaq üçün bütün lazımi vasitələrimiz var və biz bunu təkrar-təkrar söyləyəcəyik”, – deyə ekspert söyləyib.

 

Bu, hansı alətlərdir? ÜST-ün Baş direktoru doktor Tedros Qebreyesusun sözlərinə görə, hazırda həmişə olduğundan daha vacib olan həmin hamıya məlum olan təhlükəsizlik tədbirləridir: ətrafdakılardan mümkün qədər uzaq durmaq, otaqları yaxşı havalandırmaq, maska taxmaq, tez-tez əlləri yumaq və öskürərkən dirsəyin iç tərəfi ilə ağzı örtməkdir.

 

“Əlbəttə, yeni möcüzəyə ümid bəsləmək, bizə kömək edəcək sehrli eliksiri axtarmaq olar, – deyə Mariya Van Kerkhov əlavə edib, - amma nəticədə hər şey epidemioloji və sosial tədbirlərə gətirir. Vaksinasiya inanılmaz güclü bir vasitədir və biz bu barədə hər zaman danışırıq. Özü də bizdə artıq bir yox, bir neçə təhlükəsiz və effektiv vaksin var. Amma onların kütləvi istehsalı üçün vaxt lazımdır”.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
 Göz sağlamlığı üçün ümidverici nəticə: Vitamin B3 qlaukoma riskini azalda bilər