COVID-19 xəstələrində reabilitasiyanın aparılması ağırlaşmaların qarşısını alır – Reabilitoloq Pərvin Əkbərovla MÜSAHİBƏ
30.12.2020 18:14

Koronavirus əsasən tənəffüs sisteminin toxumalarını hədəf aldığından KT müayinələrində alveollarda ciddi zədələr aşkarlanır. Reabilitasiyanın tətbiqi isə pasiyentlərin ağciyərlərində çapıq toxumaları nəticəsində yaranan təngnəfəsliyin və hərəkət aktivliyində məhdudiyyətlərin qarşısını alır, xəstələrin daha tez normal həyata qayıtmasına imkan verir.

 

Reabilitasiya zamanı edilən tənəffüs hərəkətləri, tənəffüsdə iştirak edən əzələlərin iş prinsipinin təmin olunması, bədənin ümumi passivliyinin qarşısının alınması virusa qarşı dayanıqlığın artırılmasına kömək edir.

 

Bu fikirləri Aztibb.az-a müsahibəsində tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov deyib.

 

Fiziki müalicə və məşqlər bel yırtığını tamamilə aradan qaldıra bilərmi?

 

Bel ağrılarının 90 faizə qədəri öz-özünə keçə bilər. Ağrılardan əziyyət çəkən insan aktiv həyat tərzinə diqqət göstərir, öz çəkisinə nəzarət edirsə, həkimə müraciət etməyə ehtiyac olmadan bel ağrılarının öhdəsindən gələ bilər.

 

Lakin hər xəstənin özünəməxsus fiziki göstəriciləri olduğundan hər bir xəstəyə individual yanaşmaq vacibdir. Bu səbəbdən hər hansı müalicəyə başlamazdan öncə həkimlə məsləhətləşmək lazımdır.

 

Kəskin bel ağrılarından əziyyət çəkən xəstələrdə bel fəqərə disk yırtığı zamanı tətbiq olunan traksiya terapiyasının effektivliyi ilə bağlı nə deyə bilərsiniz? Xüsusi qurğuların (qayışlar, bloklar, halqalar) köməyi ilə onurğanın dartılmasından ibarət olan bu terapiyanın ev şəraitində edilməsi mümkündürmü?

 

Ümumiyyətlə, traksiyalar qədim tarixə malikdir və uzun müddətdir istifadə olunur. Hələ 800-cü illərdə qədim tibbdə traksiyalardan istifadəyə dair sübutlar mövcuddur. Müasir dövrdə isə texnologiyanın inkişafı ilə daha modern traksiya cihazları ortaya çıxıb.

 

Onurğanın müxtəlif xəstəliklərində fərqli traksiya növlərindən istifadə olunur. Artıq 10 ildən çoxdur ki, mərkəzimiz tərəfindən seqmental traksiya sahəsində təcrübə qazanılıb, Avropa jurnallarında elmi məqalələr nəşr olunub. Hazırda disk yırtığlarının müalicəsində mərkəzimizdə tətbiq olan traksiya aparatları ən müasir hesab olunan robotik seqmental traksiya qurğularıdır. Bu qurğular vasitəsilə disk yırtıqlarının ölçüsündən asılı olmayaraq müalicəsi uğurla həyata keçirilir.  Mərkəzdə mövcud olan robotik seqmental traksiya qurğularının digər klinikalarda tətbiq olunan, bir diskdə problem olduğu halda bütün onurğanın traksiya edilməsini nəzərdə tutan ümumi traksiya qurğularından üstün cəhətləri ondan ibarətdir ki, olduqca effektiv olan bu üsul yalnız problemli nahiyəyə tətbiq edilir və onurğanın lordozunu biomexaniki dəyişikliklərə uğratmır, xəstədə diskomfort hissinə səbəb olmur.

 

Disk yırtıqları hər kəsdə özünü fərqli formada büruzə verir. Bəzən insanlar kəskin bel ağrıları olduqda internetdə rast gəldikləri hərəkətləri etməyə başlayırlar. Bu zaman ağrılar daha da şiddətlənir. Bunun səbəbi disk yırtıqları zamanı sinir ətrafında olan ödem, iltihab və əzələ gərginliyidir. Əzələlərin yüklənməsi ilə ağrılar daha da aqresivləşir, Buna görə də hər hansı bir disk yırtığından əziyyət çəkilirsə, bu hərəkətlərə başlamazdan öncə həkimlə məsləhətləşmək lazımdır. Düzgün edilməyən hərəkətlər nəticəsində daha ciddi fəsadlar yarana bilər. Hərəkət terapiyası düzgün edilərsə disk yırtığlarının müalicəsində bilavasitə rol oynayır.

 

Pərvin doktor, məlumdur ki, sizə müxtəlif mənşəli zədə və travma almış professional idmanla məşğul olan şəxslər tərəfindən çoxsaylı müraciətlər olunur. Ön çarpaz bağ cərrahiyyəsindən sonra reabilitasiya müddəti hansı amillərdən asılı olaraq dəyişir?

 

Ön çarpaz bağ cərrahiyyəsindən sonra reabilitasiya müddəti xəstənin yenidən idmanla məşğul olma istəyindən asılı olaraq dəyişir Buna əsasən reabilitasiya planı hazırlanır. İdmançılarda daha professional reabilitasiya aparılır və bu, maksimum 6 aya qədər davam edir. Bu müddət ərzində idmançılarda tam dolğun müalicə aparılmazsa daha ciddi travmalar baş verə və əməliyyatın effektivliyi azala bilər. İdman fəaliyyəti ilə məşğul olmayan insanlarda isə, şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, əksər hallarda 3 ay ərzində reabilitasiya yekunlaşdırılır. Lakin vaxt və digər amillər səbəbindən xəstə reabilitasiya üçün klinikaya gələ bilmirsə 2 ay ərzində zəruri tədbirlər görülür və xəstəyə evdə müalicə üçün xüsusi plan təqdim olunur. Müəyyən müddətdən bir həmin şəxslər mərkəzə gələrək proqramlarına dəyişiklik olunur və aktiv həyatına qayıdanadək onlara nəzarət olunur.

 

Digər tərəfdən, insanın fiziki göstəriciləri, yaşı, müəyyən səbəblərdən əməliyyatdan sonra reabilitasiyaya gec müraciət etməsi kimi amillər də reabilitasiya müddətinə təsir edir.

 

Son zamanlar öz praktik effektivliyi ilə müxtəlif tibbi ixtisas sahələri və xəstələrin diqqətini cəlb edən manual terapiya metodunun hansı xəstəliklər zamanı tətbiqi müsbət nəticələr verir?

 

Manual terapiya uzun zamandır istifadə olunan üsullardandır. Müasir dövrdə bu üsul inkişaf etmiş ölkələrdə daha dərindən öyrənilir. Hazırda manual terapiya kayropraktlar və osteopatlar tərəfindən edilir. Kayropraktlar daha çox onurğa patologiyaları üzrə ixtisaslaşıblar. Oynaqlar, başda olan disfunksiyalar, alt çənə, boyun, döş qəfəsi, aşağı ətraflarda rast gəlinən problemlər, daxili orqanların manual terapiyası isə osteopatlar tərəfindən müəyyən texniki hərəkətlər icra edilməklə həyata keçirilir. Olduqca effektiv olan bu müalicə metodu ilə onurğada “möcüzə” yaratmaq mümkün olur. Digər müalicə üsullarından fərqli cəhəti risk faizinin az olması, yan təsirlərə malik olmaması və dərhal nəticə əldə etmək imkanıdır.

 

Hazırda ölkəmizdə qeyri-peşəkar, akademik anlayışı olmayan insanlar tərəfindən də manual terapiyanın öyrədilməsi və inanlar üzərində tətbiqi hallarına rast gəlinir. Bu isə sağlamlıqla bağlı çox ciddi fəsadların yaranmasına səbəb ola bilər. Buna görə də insanlar mütəxəssis seçərkən diqqətli olmalı, öz sağlamlıqlarını yalnız professional osteopat və ya kayropraktlara etibar etməlidirlər.

 

Məktəb yaşlarında olan uşaqlarda davamlı oturmağa bağlı duruş pozğunluqlarına rast gəlinir. Bu problemin qarşısını almaq üçün hansı profilaktik tədbirlər görülə bilər?

 

Bununla bağlı profilaktik tədbirlər məktəb yaşlarından erkən yaşlarda aparılmalıdır. Bu zaman əsas məsuliyyət valideynlər və pediatrların üzərinə düşür. Duruş pozğunluğu ilə bağlı hər hansı bir kiçik defekt müşahidə olunarsa, uşağı fizioterapist və ya ortopedə yönəldib müayinəsi aparılmalıdır. Çünki kiçik yaşlarda ortaya çıxan cüzi problemlər böyük yaşlarda ciddi problemə çevrilə və fəsadlar yarada bilir. Buna görə də, erkən yaşlarda, uşaqda inkişaf dövrü başa çatmamış bu problemləri həll etmək zəruridir.

 

Bundan başqa, hazırda karantin rejimi ilə əlaqədar olaraq dərslərin onlayn keçirilməsi uşaqların kompüter arxasında daha çox vaxt keçirməsinə səbəb olub. Bu baxımdan valideynlər uşaqların oturma pozisiyasına daha çox diqqətli yetirməli, onların əyləşdikləri stulları öz yaşına və boyuna uyğun seçməlidirlər. Eyni zamanda uşaqlara bu istiqamətdə maarifləndirilmə işləri də aparılmalıdır. Mərkəzin www.reabilitasiya.az rəsmi saytında bununla bağlı kifayət qədər geniş məqalələr əldə etmək mümkündür.

 

Koronavirusa yoluxub sağalmış insanlara reabilitasiya müalicəsinin tətbiqi nə kimi müsbət nəticələr verə bilər? Bu insanlara reabilitasiyanı tövsiyə edirsinizmi?

 

Koronavirusa yoluxmuş və xəstəxanalarda müalicə alan xəstələrdə reabilitasiyanın digər terapevtik müalicə üsulları ilə yanaşı aparılması zəruridir. Bu, pasiyentin koronavirusun fəsadlarını daha tez dəf etməsi, ağırlaşmaların olmaması, yanaşı fəsadlar yaranmamasına dəstək verir. Bununla yanaşı, reabilitasiya zamanı tənəffüs hərəkətləri, tənəffüsdə iştirak edən əzələlərin iş prinsipinin təmin olunması, bədənin ümumi passivliyinin qarşısının alınması virusa qarşı dayanıqlığın artırılmasına gətirib çıxarır.

 

Koronavirus əsasən tənəffüs sisteminin toxumalarını hədəf aldığından KT müayinələrində alveollarda ciddi zədələr aşkarlanır. Reabilitasiyanın tətbiqi isə hətta yanaşı xəstəlikləri olan pasiyentlərin ağciyərlərində çapıq toxumaları nəticəsində yaranan təngnəfəsliyin və hərəkət aktivliyində məhdudiyyətlərin qarşısını alır, xəstələrin daha tez normal həyata qayıtmasına imkan verir.

 

Hazırda bir çox inkişaf etmiş ölkələrdə istər intensiv terapiya dövründə reanimasiyada və ya stasionarda, istərsə də xəstə evə buraxıldıqdan sonra digər terapevtik müalicə üsulları ilə yanaşı reabilitasiyanı tövsiyə edirlər.

 

Bundan əlavə, koronavirusdan sağalmış insanlara test nəticələri neqativ çıxdıqdan sonra da reabilitasiyanın bir müddət davam etdirilməsini məsləhət görürəm.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Pediatr Sevil Orucovanın məqaləsi:
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Bu hallarda qırmızı ət zərərli və ya sağlam hesab edilir
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
Elmi-Tədqiqat Pediatriya İnstitutunda akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib
Rəşad Nəsirli - Pasiyhentləri ağır vəziyyətdən maksimum dərəcədə ağrısız çıxarmağı bacaran anestezioloq-reanimatoloq