Elmi şuranın iclasında mühüm məsələlər müzakirə olunub - AMEA
30.07.2020 23:20

İyulun 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının onlayn iclası keçirilib.

 

“Zoom” platforması üzərindən təşkil olunan tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, BTEB-in Elmi şurasının sədri, akademik İradə Hüseynova iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

 

Alim öncə BTEB-in nəşr fəaliyyətinin yüksək səviyyədə təşkili istiqamətində görülən işlərdən və planlardan danışıb. O, bölmə institutları tərəfindən mütəmadi olaraq “AMEA-nın Məruzələri” və “Həyat elmləri və biotibb” jurnallarında dərc olunmaq üçün elmi məqalələrin hazırlanmasının vacibliyini qeyd edib. Həmçinin bölmənin Elmi şurasında dinlənilmək üçün elmi məruzələrin təqdim olunması ilə bağlı lazımi tapşırıqlar verib.

 

İclasda institut rəhbərlərinə elmi müəssisələrdə aparılan tədqiqatların müasir dövrün tələblərinə uyğunlaşdırılması, elmi istiqamətlərə yenidən baxılması ilə bağlı təklifləri sentyabr ayına kimi BTEB-yə təqdim etmələri tapşırılıb.

 

Daha sonra akademik İradə Hüseynova cari ilin 4-5 avqust tarixlərində keçirilməsi planlaşdırılan “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda beynəlxalq onlayn konfransa hazırlıq işləri ilə bağlı məlumat verib, tədbirin Azərbaycanda bu mövzuda ilk elmi konfrans olduğunu bildirib. O, institut alimlərini beynəlxalq tədbirin işində fəal olmağa çağırıb.

 

Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə 22 iyul – Mətbuat Günü münasibətilə Molekulyar Biologiya və Biotexnologiyalar, Botanika, Dendrologiya institutlarının İctimaiyyətlə əlaqələr şöbələrinin müdirlərinin BTEB-in Fəxri fərmanına layiq görüldükləri bildirilib. Həmçinin AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanovanın BTEB-in Fəxri fərmanı ilə təltif edilməsi haqqında qərar qəbul edilib.

 

Akademik İradə Hüseynova bu il bölmə institutlarının magistraturasına 16 nəfərin qəbul olunduğunu söyləyib, növbəti qəbul üçün sifarişlərin verilməsi, prioritet ixtisasların seçilməsi ilə bağlı məsələni müzakirəyə çıxarıb, bu istiqamətdə lazımi tapşırıqlar verib.


Elmi şuranın sədri, həmçinin AMEA-nın və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin elmi müəssisələrinin ortaq tədqiqat layihələri ilə bağlı müzakirələrin davam etdiyini bildirib, bununla bağlı görüləcək işləri diqqətə çatdırıb.


Sonra şura üzvləri çıxış edərək ümumi maraq kəsb edən problemlərlə, eləcə də bir sıra vacib dövlət tapşırıqlarının, AMEA Rəyasət Heyətinin qərarlarının, AMEA-nın prezidentinin sərəncamlarının icrası, institutlarda tədqiqat prosesi və kadr hazırlığı, respublikanın regionlarında ekspedisiyaların keçirilməsi, çöl tədqiqatlarının aparılması ilə bağlı fikirlərini bildirib, təkliflərini səsləndiriblər. Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov akademiyanın yüksəkixtisaslı alim və mütəxəssislərinin təhsil prosesinə cəlb edilməsi təklifini irəli sürüb.


Onlayn iclasda bölmə üzrə bir sıra elmi-təşkilati məsələlərə baxılıb, müvafiq qərarlar qəbul olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır