Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda Təşkilati-metodik şöbənin təşkilatçılığı ilə “Xroniki ağrılarda fizioterapiyanın rolu” mövzusunda seminar keçirilib.
Aztibb.az xəbər verir ki, seminar rezident Qızxanım Məmmədzadənin təqdimatı ilə baş tutub.
Təqdimat zamanı xroniki ağrıların müalicəsində fizioterapiyanın əhəmiyyəti, bu üsulun ağrının azaldılması ilə yanaşı, bədənin funksionallığının bərpasına və həyat keyfiyyətinin yüksəldilməsinə verdiyi töhfələr barədə ətraflı məlumat verilib.
Qızxanım Məmmədzadə qeyd edib ki, fizioterapiya qeyri-cərrahi müalicə üsulu kimi xroniki ağrıların idarə olunmasında mühüm rol oynayır. Dərman müalicəsindən fərqli olaraq, fizioterapevtik yanaşmalar yalnız simptomların yüngülləşdirilməsinə deyil, həm də ağrıya səbəb olan amillərin aradan qaldırılmasına və bədənin hərəkət mexanikasının yaxşılaşdırılmasına yönəlir.
Seminarda elmi işlər üzrə direktor müavini, tibb üzrə fəlsəfə doktoru Sevinc Rzayeva, elmi işçilər və həkimlər iştirak ediblər.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

