“Yaralı əsgər və zabitlərimizə yüksək səviyyəli tibbi xidmət göstəririk”
08.12.2020 11:33
Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi altında indi Azərbaycan tarixinin yeni səhifəsi yazılır. Azərbaycan həkimləri və səhiyyə işçiləri də Ali Baş Komandanın çağırışına uyğun olaraq, Vətən Müharibəsinin ilk günündən ön cəbhədə vətən borclarını yerinə yetiriblər. İstər dövlət səhiyyə ocaqlarında, istərsə də özəl sektorda çalışan tibb işçilərinin əksəriyyəti könüllü olaraq ön cəbhəyə yollandılar.
 
II Qarabağ savaşının ilk günlərindən Azərbaycan Tibb Universitetinin rəhbərliyinin tövsiyəsi ilə 30-a yaxın professor-müəllim heyəti, o cümlədən respublikamızın tanınmış həkimlərindən ibarət tibbi personal könüllü olaraq cəbhə bölgəsində olan hərbi hospitallara ezam ediliblər.
 
Bu barədə ATU-nun Ümumi cərrahiyyə kafedrasının müdiri, professor Elçin Ağayev məlumat verib. Onun sözlərinə görə, 44 günlük Vətən Müharibəsində həkimlərimiz ön cəbhədəki yaralı hərbçilərimizə yüksək səviyyəli tibbi yardım göstəriblər.
 
“Müharibənin ilk günlərində yaralılarımız həddindən artıq çox olduğundan həqiqətən də təcrübəli həkim kontingentinə böyük ehtiyac var idi. Füzuli, Naftalan, Gəncə bölgələrində hospitallara ağır vəziyyətdə gətirilən yaralı əsgər və zabitlərimizə yüksək ixtisaslı tibbi yardım göstərmişik”.
 
E.Ağayev tibbi xidmətin yüksək səviyyədə təşkili üçün əllərindən gələn hər şeyi edən Naftalan Mərkəzi Xəstəxanasının və Gəncə Beynəlxalq hospitalının rəhbərliyinə öz təşəkkürünü bildirərək, bu işə məsul dövlət qurumlarının dəstəyindən də söz açıb:
 
“Tibbi təchizatla bağlı xırda problemləri çıxsaq, demək olar ki, ciddi problemlərimiz yox idi. Həm “Təbib” ictimai təşkilatı, həm də dövlətin bu işə məsul olan qurumları bizi adekvat olaraq lazımi tibbi avadanlıq və ləvazimatlarla təmin edirdilər. Gəncə Beynəlxalq Hospitalı özəl xəstəxana olmasına baxmayaraq, bu işə böyük vətən sevgisi ilə yanaşaraq bütün imkanlarını yaralı hərbiçilərimizin tezliklə sağalmasına yönəltmişdilər. Orada çoxsaylı yaralılar vardı. Öz potensialları hesabına, eyni zamanda dövlətin bu sahəyə görəvləndirilmiş qurumlarının dəstəyi ilə yaralılara xidmət göstərmək üçün maksimal şərait yaratmışdılar. Ön cəbhəyə ezam olunduğumuz müddətdə Naftalan və Gəncədə universitetimizin əməkdaşları tərəfindən bir neçə yüz xəstəyə yüksək ixtisaslı tibbi yardım göstərildi”.
 
Gəncədən, Naftalandan qayıtdıqdan sonra da Tədris Cərrahiyyə Klinikasında yaralıların müalicəsi ilə intensiv məşğul olmağa başladıqlarını söyləyən professor E.Ağayev əksər kafedra əməkdaşlarının bu işə cəlb edildiyini deyib: “Təkcə bizim kafedrada 100-dən artıq yaralıya tibbi xidmət göstərildi, müxtəlif əməliyyatlar aparıldı. Güllələrin, qəlpələrin çıxarılması, yaraların müalicəsi, müxtəlif rekonstruktiv bərpaedici əməliyyatlar icra olundu və hal-hazırda da yaralı əsgər və zabitlərimizə yüksək səviyyəli tibbi xidməti davam etdiririk. Yaralı əsgər balalarımızın əksəriyyətini Allahın köməkliyi ilə sağlamlıqlarına qovuşdurdub ailələrinə yola salmışıq. Amma şöbəmizdə hələ də yaralı əsgərlər var və biz sidqi-ürəkdən onlara tibbi xidmət göstəririk. Bu gün şöbəmizdə 18 yaralının müalicə prosesi davam etdirilir. Lazım olan bütün vasitələrlə təmin edilmişik. Yəni, tibbi təchizat çox yüksək səviyyədədir”.
 
I Qarabağ savaşında da həkim kimi işləyən E.Ağayev xatırladır ki, həmin vaxtlar bizim çox böyük sıxıntılarımız vardı: “Çatışmazlıqlar həddindən artıq çox idi. Zəruri dərman preparatları, sarğı materialları çatışmırdı. Hətta əməliyyata gedərkən əlimizi yumağa sabun belə tapmırdıq. Şükürlər olsun ki, indi Azərbaycan müstəqil dövlətdir. Himnimiz, bayrağımız var, sərhədlərimizi öz əsgərlərimiz qoruyur. Bu dövlətin vətəndaşı olmaq, dəstəkçisi olmaq hər bir azərbaycanlının, o cümlədən biz həkimlərin də borcudur. I Qarabağ savaşında da igid oğullarımız şücaətlə, mərdliklə, qeyrətlə vuruşsalar da, qələbəyə qovuşa bilməmişdik. Qürurverici haldır ki, güclü dövlətimiz, qətiyyətli Ali Baş Komandanımız və Müzəffər Ordumuz 44 günlük Vətən Müharibəsində illərlə arzuladığımız bu qələbəni gerçəkləşdirdi. Ali Baş Komandanın dediyi kimi, biz mənfur, riyakar bir düşmənlə qonşuluqda yaşadığımızı nəzərə alaraq, güclü ordu quruculuğunu daim diqqətdə saxlamalıyıq”.
 
Bu baxımdan yüksək ixtisaslı həkimlərin yaralı hərbçilərimizə tibbi yardım göstərmək təcrübəsinin gənc nəslə öyrədilməsinin vacibliyini söyləyən E.Ağayev bundan sonra da üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəklərini, əsgər və zabitlərimizə tibbi xidmət göstərməyi özlərinin şərəf işi hesab edəcəklərini vurğulayıb.
 
Elçin Ağayev onu da qeyd edib ki, hospitallarda həkimlər igid əsgərlərimizə öz övladları kimi yanaşır, onların qulluğunda durur, nəvaziş göstərirlər: “Bu, bizim insanlıq borcumuzdur. Bundan əlavə, yaralı hərbçilərimizin ad günlərini qeyd etməyi də özümüzə mənəvi borc bilmişik.
 
İki gözünü itirsə də, məğrurluğunu itirməyən əsgər balamızın himnimiz səslənərkən ayağa qalxıb əlini ürəyinin üstünə qoymasını həyəcansız, kövrəlmədən izləmək mümkünsüzdür. Sinəsində şəhid dostunun adı yazılan lövhə gəzdirən, sınmış qolundakı gipsin üstünə “Qarabağ Azərbaycandır!” yazan oğullarımızla necə qürur duymayasan?!”
ÇOX OXUNANLAR
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
Həyat yoldaşına böyrəyini bağışladı
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
 Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - Fərman
 Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri təltif olunublar   
Sumqayıtda tədbir: “Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır” 
Estetik cərrahiyyə və kosmetoloji sahədə qanun pozuntularına yol verən 9 klinika rəhbərliyi məsuliyyətə cəlb olunub
Ordubad Rayon Uşaq Xəstəxanasında məktəb şagirdləri üçün tibbi aksiya təşkil olunub