Sosial şəbəkələrdə yayılan böhtan xarakterli yazılara - Tədris Cərrahiyyə Klinikasından münasibət
28.07.2020 15:04

Son zamanlar Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına qarşı sosial şəbəkələrdə yayılan böhtan xarakterli yazılara klinikanın rəhbərliyi açıqlama verib.

 

Aztibb.az klinikanın açıqlamasını təqdim edir:

 

1 aprel 2020-ci il tarixindən ATU-nun Tədris Cərrahiyyə Klinikası pandemiya xəstəxanası kimi fəaliyyətə başlamışdır. Həmin tarixdən etibarən klinikanın rəhbərliyi və bir sıra əməkdaşları həftənin 7 günü 24 saat olmaqla gecə-gündüz çalışır. Klinikanın əksər əməkdaşları da mübarizcəsinə koronaviruslu xəstələrin müalicə prosesinə qoşulmuş və bu gün də əzmlə çalışırlar. Təəssüflər olsun ki, əməkdaşlar içində də koronavirusa yoluxanlar oldu. Bu əməkdaşlar Universitet rəhbərliyinin göstərişi ilə vaxtında klinikaya yerləşdirərək müalicəsi başlanıldı. Sevindirici haldır ki, bu əməkdaşların çoxu artıq sağalaraq yenidən işə başlamışdır. Fürsətdən istifadə edərək bu ağır işdə bizə dəstək olan, var qüvvəsini əsirgəməyən, hətta sağlamlığını riskə atan bütün əməkdaşlarımıza Universitet rəhbərliyi adından dərin minnətdarlığımızı bildiririk. Bu əməkdaşların fədakarlığı koronavirus pandemiyası qurtardıqdan sonra da daima rəhbərliyin diqqət və nəzarətində olacaq. Cənab prezidentimiz də pandemiya dövründə Tədris Cərrahiyyə Klinikasının fəaliyyətini xüsusi vurğulamış və birincilər sırasında olduğunu qeyd etmişdir.

 

Bir qrup əməkdaşımız isə üzürlü səbəblərdən, öncədən (xəstəlikləri, yaşı, azyaşlı uşaqlarının, yaşlı valideynlərinin olması və s.) müalicə prosesinə cəlb edilmədilər. Əfsuslar olsun ki, bir sıra əməkdaşlar isə imtina ərizəsi yazaraq və ya izahat verməkdən imtina edərək işləməkdən boyun qaçırdılar. Yəqin ki, gələcəkdə bəşəriyyətin ağır dönəmində klinikanın işinə biganə qalan belə insanlara da münasibət birmənalı olmamalıdır.

 

Sosial şəbəkələrdə son 1 həftə ərzində yazılan yazılarla bağlı isə əminliklə deyə bilərik ki, bunların heç bir əsası yoxdur. Doğrusu belə gərgin iş rejimində klinikanın rəhbərliyinin bu cür yersiz söhbətlərə əhəmiyyət verməsinə heç vaxt da yoxdur. Son həftələr bəzi əməkdaşların yoluxmaları ilə əlaqədar işlərimizin gərginliyi daha da artmışdır. Belə bir vəziyyətdə, işçi qıtlığı olduğu halda, hansı rəhbərlik gəl ərizəni yaz işdən çıx deyər? Bir sıra işçilər yoluxduğu üçün, reanimasiya şöbəsində süni tənəffüs aparatında 8 xəstə olduğu halda, bu xəstələr nəzarətsiz qalmalı deyil ki? Təbii ki, klinikanın baş tibb bacısı artıq 15 gün, 1 ay istirahət etmiş və ya pandemiya dövründə ümumiyyətlə işləməyən tibb bacılarına zəng edib yaranmış vəziyyətlə əlaqədar onlardan kömək istəməli və işə çağırmalı idi. Müharibə vəziyyətində öz məsləkdaşlarını düşmənlə üz-üzə qoyub gizlənən insanlara nə ad verildiyini yəqin ki, hamı bilir. Tibb bacılarının baş həkim tərəfindən təhdid edilməsi iddiasına gəldikdə isə əminliklə deyə bilərik ki, bu təxribatdan başqa bir şey deyil. Klinikada subardinasiya prinsipinə uyğun olaraq tibb bacılarının iş cədvəli böyük tibb bacıları və baş tibb bacısı tərəfindən hazırlanaraq təqdim edilir. Baş həkimin bu məsələyə müdaxilə edib, tibb bacıları ilə danışmasına ehtiyac qalmır. Ümumiyyətlə, baş həkim və sosial mediada gedən yazılardan öncə və sonra heç bir tibb bacısı ilə nə telefonla nə də üzbəüz danışmamışdır. Bu baxımdan baş həkimin kimisə işdən çıxmağa təhrik etməsi böhtandan başqa heç bir şey deyil. Belə bir hal olsaydı həmin işçi mediyaya müraciət etməzdən öncə aidiyyəti instansiyalara (direktor və universitet rəhbərliyinə) müraciət edərdi. Əminliklə deyə bilərik ki, baş həkim koronavirus pandemiyası dövründə klinikanın işinə az da olsa köməklik göstərən heç bir işçidən ərizəsini yazıb işdən çıxmasını tələb etməz. Təəssüflər olsun ki, bir sıra işçilər özləri pandemiya dövründə işdən yayınaraq, stressiz pul qazanmaq üçün özəl klinikalarda iş taparaq öz ərizələri ilə işdən çıxmışdır. Bir sıra işçilər isə 1 aprel tarixindən üzürlü səbəb olmadan işdən imtina edərək 4 aydan artıq bir müddətdə işləmədən dövlətdən məvacib alır. Bunlara nə ad qoyaq?

 

Rasim Bayramovun baş həkimin onu işdən çıxarması ilə bağlı təhdid etməsinə gəldikdə isə bu şəxs öz vicdanı qarşısında dürüst olaraq deyə bilərmi ki, baş həkim mənə zəng edərək və yaxud çağıraraq ərizəni yaz işdən çıx deyib? Guya Rasim həkim bilmir ki, o, Azərbaycan Tibb Universitetinin dosentidir və onu işdən yalnız Universitet rəhbərliyi çıxara bilər. Yoxsa klinika koronavirus pandemiyasına qoşulandan 4 aydan çox vaxt keçməsinə baxmayaraq, ictimai əsasla şöbə müdiri olduğu şöbəyə bir dəfə də olsa ayaq basmadığını və səhvlərini indi başa düşüb? İndi anlayıb ki, pandemiya dövründə fəaliyyəti yalnız özəl klinikalarda işləmək və kompüter tomoqrafiyası (KT) müayinələrinin nəticələrini gecikmələrlə digər əməkdaşlara yazdıraraq altında öz adını yazmaqdan ibarət deyilmiş.

 

Yeri gəlmişkən qeyd edək ki, pandemiya dövründə ən çox yük klinikanın reanimasiya, radialogiya və laboratoriya şöbələri öz rejimi ilə çalışsa da, ultrasəs müayinəsi həkimlərinin növbəli fəaliyyətini nəzərə almasaq şüa diaqnostikası bölümündə gecə-gündüz çalışan yalnız kafedra müdiri t.ü.e.d. dosent Məlahət xanım Sultanova olub. Bəs Rasim həkimin şöbə müdiri kimi, təcrübəli radioloq, vətəndaş kimi missiyası nə idi? Evdə oturaraq Səbuhi həkimə uzaq məsafədən kompüter tomoqrafiyası cavablarını öz adından yazdırması? Klinikanın rəhbərliyinin Rasim Bayramovu ictimai əsasla şöbə müdiri vəzifəsindən uzaqlaşdırmaq fikri olsaydı pandemiya dövründən əvvəl günlərdə xəstələr KT, MRT müayinələrin nəticələrini ala bilmədikdə, müayinələrin nəticələrini rezidentlərin ümidinə qoyduqda klinikanın işini tamamlamamış iş vaxtı bir neçə klinikanın müayinə nəticələrini yazanda, şöbə müdiri olmasına baxmayaraq 3 aydan artıq müddətdə şöbəsində çalışan ultrasəs həkimindən xəbərsiz olub tanımadıqda uzaqlaşdırardı.

 

Hamımız həkimik, texniki səhv edə bilərik, bu baxımdan müayinələrin nəticələrində olan səhvləri heç nəzərə almırıq. Hesab edirik ki, bütün bu yazılar təxribat xarakterlidir. Görünür kimlərsə Rasim bəyə daha yaxşı iş təklifi vəd verib və ya o hansısa şər qüvvələrin fitvasına gedir. Belə olmasaydı özünün dediyi kimi, tanımadığı tibb bacısının əsası olmayan yazısının altına araşdırmadan böhtan xarakterli irad yazmazdı. Bizim səlahiyyətimizə aid olmadığına görə, bu məsələləri aidiyyəti qurumlar araşdırmalıdır. İndiki gərgin iş rejimində nə universitet, nə də klinika rəhbərliyinin belə təxribatlara sərf etməyə vaxtı yoxdur. Sadəcə bu yazıları oxuduqda “Böyük dayaq” filmindəki xəyanətkar obrazlar göz önündə canlanır. Bu yazılar kollektivin aylarla çəkdiyi əziyyətə xələl gətirməkdən və xəyanətdən başqa bir şey deyil.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Sabunçu Tibb Mərkəzində təlim:
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Vərəmlə mübarizədə ilkin səhiyyənin rolu - Şəmkirdə tibb işçiləri üçün maarifləndirici təlim
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib