Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, dekabrın 7-11-də ölkə ərazisində quş qripi və Nyukasl xəstəliyinə (quşlar arasında yayılan, əsasən tənəffüs, həzm və sinir sistemini zədələyən yoluxucu virus) qarşı epizootoloji monitorinq aparılacaq.
Bu barədə Aztibb.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, monitorinq çərçivəsində ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalarına və digər ərazilərə, eləcə də vəhşi quşlara baxış keçirilməsi nəzərdə tutulur.
Vəhşi quşlar xəstəlik törədicilərinin aşkar edilməsi məqsədilə ovlanacaq. Sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında saxlanılan ev quşlarından da diaqnostik nümunələr götürülərək laboratoriyalarda müvafiq müayinələr aparılacaq.
Tədbir müddətində ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçiriləcək, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək.
Monitorinq zamanı götürülmüş nümunələr və epizootoloji vəziyyət barədə məlumatlar "Epicollect 5" proqramına daxil ediləcək.

