Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyaların texniki səriştəliliyini obyektiv qiymətləndirmək və ölçmə nəticələrinin qarşılıqlı uyğunluğunu təmin etmək məqsədilə növbəti səriştəlilik sınağını elan edir.
AQTİ-dən Aztibb.az-a bildirilib ki, bu dəfəki sınaq qida məhsullarında yağlılıq, nəmlik və kül parametrlərinin təyini üzrə keçiriləcək.
Səriştəlilik sınaqları ISO 17043:2023 “Uyğunluğun qiymətləndirilməsi – Səriştəlilik sınaqlarına ümumi tələblər” beynəlxalq standartı əsasında təşkil olunur; qiymətləndirmə də həmin standartın tələblərinə uyğun aparılır.
Sınaqda iştirak üçün son müraciət tarixi 25 noyabr 2026-cı ildir. Laboratoriyalar “Müraciət forması”nı doldurub info.pt@afsa.gov.az elektron ünvanına göndərməlidir.
Sınaq proqramı və iştirakla bağlı sənədlərlə AQTİ-nin rəsmi internet səhifəsinin (www.afsi.gov.az) “Xidmətlər” bölməsindəki “Səriştəlilik sınaqları” alt bölməsində tanış olmaq mümkündür. Sınaq nəticələri İnstitutun saytında fərdi laboratoriya nömrələri ilə açıqlanacaq, nəticələrin konfidensiallığı isə tam qorunacaq.
AQTİ bütün müvafiq laboratoriyaları bu mühüm sınaqda iştirak etməyə dəvət edir.

