Astara Rayon Mərkəzi Xəstəxanası və tabeliyində fəaliyyət göstərən tibb müəssisələri tərəfindən ana və uşaqların sağlamlığının qorunması məqsədilə patronaj xidməti həyata keçirilir.
TƏBİB-dən Aztibb.az-a bildirilib ki, oktyabr ayı ərzində tibb işçiləri tərəfindən 82 zahı qadına, 82 uşağa və 62 hamilə qadına patronaj ziyarətləri edilib.
Ziyarətlər zamanı ana və uşaqların sağlamlıq vəziyyəti qiymətləndirilib, körpələrin yaşa uyğun inkişafı diqqətdə saxlanılıb. Analara uşaqlara gündəlik qulluq, düzgün qidalanma, ana südü ilə qidalanmanın əhəmiyyəti və gigiyena qaydaları barədə maarifləndirici məlumatlar verilib.
Həmçinin profilaktik müayinələrin və peyvəndlərin vaxtında aparılmasının uşaqların sağlam inkişafındakı rolu barədə valideynlərə tövsiyələr çatdırılıb.
Ana və uşaqların sağlamlığının qorunması, profilaktik tibbi xidmətlərin əlçatanlığının artırılması və ailələrin maarifləndirilməsi istiqamətində fəaliyyət mütəmadi olaraq davam etdirilir.

