Naftalan Şəhər Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Naftalan ŞMX-dan Aztibb.az-a bildirilib ki, tədbirdə xəstəxananın direktoru Samir Allahverdiyev, direktorun müavini – baş həkim Mehriban Qəmbərova, inzibati məsələlər üzrə müavin Günay Quliyeva, Naftalan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları və xəstəxananın kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan xəstəxananın direktoru Samir Allahverdiyev çıxışında 8 Noyabr – Zəfər Gününün xalqımızın şanlı tarixində müstəsna yer tutduğunu vurğulayıb. Bildirib ki, bu möhtəşəm Zəfər Azərbaycan xalqının birliyinin, milli həmrəyliyinin, ordumuzun gücünün və əsgər və zabitlərimizin qəhrəmanlığının təntənəsidir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə xalqımızın əyilməz iradəsinin və torpaqlarımıza olan sonsuz sevgisinin bariz nümunəsidir.
Direktor qeyd edib ki, bu gün azad və suveren Azərbaycanımızın hər bir uğurunda Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin fədakarlığı dayanır. Şəhidlərimizin əziz xatirəsini daim ehtiramla yad etmək, qazilərimizə diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur.
Daha sonra çıxış edən digər natiqlər Vətən müharibəsi zamanı yaşadıqları döyüş xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, həmin günlərdə göstərilən qəhrəmanlıq və şücaətdən, xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylikdən bəhs ediblər.
Sonda Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, qazilərimizə cansağlığı və şəfa arzulanıb.

