ATU-da “Ürək transplantasiyası həftəsi”: Gələcəyin həkimləri üçün praktiki təlimlər və maarifləndirici görüşlər keçiriləcək  
29.10.2026 12:56

Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönümü münasibətilə 31 oktyabr – 6 noyabr 2026-cı il tarixlərində “Ürək transplantasiyası həftəsi” keçiriləcək. Həftə çərçivəsində Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri, rezident və gənc həkimlər üçün cərrahiyyə üzrə praktiki təlim və orqan donorluğu, transplantasiya mövzusunda maarifləndirici tədbirlər təşkil olunacaq.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Bildirilib ki, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti və Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq tədbirlər gələcəyin həkimlərinin peşəkar bilik və bacarıqlarının inkişafına, eləcə də transplantasiya sahəsində məlumatlılığının artırılmasına yönəlib.

 

Noyabrın 2-də ATU-nun Tədris Cərrahiyyə Klinikasında tələbələr üçün cərrahiyyə üzrə praktiki təlimə start veriləcək. Təlimin əsas təlimçiləri ürək-damar cərrahları, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədrləri professor Kamran Musayev və Ramil Əliyev olacaqlar. Praktiki məşğələlərin tələbələrin cərrahi bacarıqlarının təkmilləşdirilməsinə və nəzəri biliklərinin möhkəmləndirilməsinə töhfə verməsi nəzərdə tutulur.

 

Noyabrın 3-də isə ATU-nun 4 saylı tədris binasının akt zalında Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə maarifləndirici görüş və mühazirələr təşkil ediləcək. Görüş zamanı orqan donorluğu və transplantasiya ilə bağlı biliklərin genişləndirilməsi, bu sahənin əhəmiyyətinin gələcək həkimlərin diqqətinə çatdırılması əsas məqsədlərdən olacaq.

 

“Ürək transplantasiyası həftəsi” çərçivəsində keçiriləcək tədbirlər tələbələrin müasir tibbin mühüm istiqamətlərindən biri olan transplantasiya sahəsinə marağının artırılmasına, gələcək həkimlər arasında orqan donorluğu mədəniyyətinin təşviqinə, həmçinin orqan donorluğu ilə bağlı ictimai məlumatlılığın yüksəldilməsinə və gələcək tibb mütəxəssislərinin peşəkar inkişafına xidmət edəcək.

Eyni zamanda, bu təşəbbüs Dayanıqlı İnkişaf Məqsədlərindən, xüsusilə 3-cü məqsəd – “Sağlamlıq və rifah” və 4-cü məqsəd – “Keyfiyyətli təhsil” istiqamətləri ilə səsləşir. Həyata keçirilən tədbirlər ATU-nun DİM istiqamətində reallaşdırdığı məqsədyönlü fəaliyyətin tərkib hissəsidir.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
“Həkimlərimizi tanıyaq!
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər