Pasiyentin vaxtı-tibbi yardımın görünməyən tərəfi  
25.10.2026 14:08

Səhiyyə sisteminin səmərəliliyindən danışarkən, adətən, tibbi xidmətlərin keyfiyyətinə, maliyyələşdirmə səviyyəsinə, tibb müəssisələrinin maddi-texniki təminatına və müalicənin əlçatanlığına diqqət yetiririk. Lakin iqtisadi əhəmiyyəti çox vaxt diqqətdən kənarda qalan daha bir mühüm resurs mövcuddur — pasiyentin vaxtı.

 

Tibbi yardım üçün hər bir müraciət yalnız həkim müayinəsi ilə məhdudlaşmır. Buraya tibb müəssisəsinə gedib-gəlmək, növbə gözləmək, sənədləşmə işləri və müayinələrin nəticələrini əldə etmək üçün sərf olunan vaxt da daxildir. Bəzən bu proseslərə sərf edilən vaxt birbaşa tibbi xidmətin göstərilməsinə ayrılan vaxtdan xeyli çox olur. İşləyən insanlar üçün isə bu, iş vaxtının itirilməsi, əlavə xərclərin yaranması və gündəlik həyat rejiminin dəyişdirilməsi deməkdir.

 

Müasir şəraitdə pasiyentin vaxtına müstəqil iqtisadi resurs kimi yanaşmaq vacibdir. Bu resursdan səmərəli istifadə səhiyyə sisteminin iqtisadi səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

 

Bu sahədə perspektivli istiqamətlərdən biri ambulator tibbi yardım alan pasiyentlərin vaxt sərfinin qiymətləndirilməsidir. Təklif olunan yanaşma pasiyentin ümumi vaxt yükünü müəyyən etməyə, vaxt itkilərinin təşkilati səbəblərini aşkar etməyə və onların azaldılması imkanlarını qiymətləndirməyə şərait yaradır.

 

Təklif olunan yanaşmanın imkanlarını nümayiş etdirmək məqsədilə tibbi xidmətin təşkilinin iki şərti variantı müqayisə edilib. Birinci variantda pasiyentin müayinə nəticələrini əldə etmək üçün tibb müəssisəsinə təkrar müraciəti, ikinci variantda isə xidmətin təşkilinin təkmilləşdirilməsi və nəticələrin elektron qaydada təqdim olunması nəzərdə tutulur.

 

Hesablamalara əsasən, pasiyentin ümumi vaxt sərfi 220 dəqiqədən 102 dəqiqəyə, yəni 53,6 faiz azala bilər. Bu zaman tibbi konsultasiyanın müddəti dəyişməz qalır. Nəticələr nəzəri modelin imkanlarını göstərir və onun praktik tətbiqi əlavə araşdırma tələb edir. 

 

Azərbaycanda rəqəmsal səhiyyənin inkişafı şəraitində bu məsələ xüsusi aktuallıq kəsb edir. Həkim qəbuluna elektron yazılış, növbələrin idarə olunması sisteminin təkmilləşdirilməsi, müayinə nəticələrinin məsafədən əldə edilməsi və zəruri olmayan təkrar müraciətlərin azaldılması tibbi yardımın əhali üçün daha rahat və əlçatan olmasına imkan yarada bilər.

 

Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vaxt sərfinin azaldılması tibbi xidmətin keyfiyyəti hesabına həyata keçirilməməlidir. Əsas məqsəd zəruri müalicəyə ayrılan vaxtı azaltmaq deyil, tibbi xidmətin təşkili zamanı yaranan əsassız vaxt itkilərini aradan qaldırmaqdır.

 

Beləliklə, müasir səhiyyə sisteminin səmərəliliyi yalnız maliyyə və maddi resurslardan rasional istifadə ilə deyil, həm də insan vaxtına həssas və qənaətcil yanaşma ilə müəyyən edilməlidir.

Çünki pasiyentin vaxtı sadəcə gözləməyə sərf olunan dəqiqələr deyil, tibbi yardımın təşkili zamanı mütləq nəzərə alınmalı olan dəyərli iqtisadi resursdur.

 

Nigar Ələkbərova, Azərbaycan Tibb Universitetinin İctimai fənlər kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib