Müstəqilliyin Bərpası Günü ilə əlaqədar Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi tibb fakültəsinin şəxsi heyətinin Zəfər Muzeyinə (Zəfər parkı və kompleksinə) təntənəli ziyarəti təşkil olunub.
Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.
Bildirilib ki, ziyarət çərçivəsində gələcək hərbi həkimlər və fakültənin zabit-müəllim heyəti Azərbaycanın müstəqillik tarixi, eləcə də Vətən müharibəsində qazanılan şanlı Qələbəni təcəssüm etdirən eksponatlar, interaktiv stendlər və tarixi xronika ilə yaxından tanış olublar. Muzeyin bələdçisi tərəfindən kursantlara Azərbaycanın müstəqillik mübarizəsi, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi və müzəffər ordumuzun qəhrəmanlıq salnaməsi haqqında ətraflı məlumat verilib.
Şəxsi heyət Zəfər parkında ucaldılmış "Zəfər Tağı və 8 Noyabr" memorial abidəsi önündə xatirə fotosu çəkdirərək şəhidlərimizin ruhuna ehtiramlarını bildiriblər.
Tədbirin keçirilməsində ana məqsəd gələcəyin hərbi tibb mütəxəssislərinin vətənpərvərlik ruhunda tərbiyə olunması, tarixi zəfərimizin və dövlət müstəqilliyimizin əhəmiyyətinin gələcək zabitlərə aşılanmasıdır.

