Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, dosent Şəhla Balayeva Rusiya Federasiyasının Moskva şəhərində keçirilən beynəlxalq elmi tədbirlərdə iştirak edib.
ATU-dan Aztibb.az-a verilən məlumata görə, o, İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin F.F. Erisman adına İctimai Sağlamlıq İnstitutunda Uşaq və yeniyetmələrin gigiyenası kafedrasının yaradılmasının 100 illik yubileyinə həsr olunmuş «Erismanın masasından təhsilin rəqəmsal transformasiyasının gigiyenik təhlükəsizliyinə qədər» adlı Ümumrusiya elmi-praktik konfransında və «Rusiya Federasiyasında 2030-cu ilə qədər olan dövrdə səhiyyənin inkişafında məktəb və universitet təbabəti» mövzusunda X Milli Məktəb və Universitet Təbabəti Konqresində elmi sessiyanın həmsədri və məruzəçi qismində çıxış edib.
Ş.Balayeva «Uşaq sağlamlığını formalaşdıran amillər» adlı elmi sessiyanın həmsədri olub. O, konfransın elmi proqramı çərçivəsində «Uşaqlara Dost Şəhərlər Konsepsiyasının Tətbiqi Kontekstində Azərbaycanda Hava Çirklənməsinin Uşaqların Sağlamlığına Təsiri: Beynəlxalq Təcrübə və İnkişaf Perspektivləri» mövzusunda məruzə ilə çıxış edib.
Məruzə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən DİM 3 – Yaxşı səhiyyə və rifah, DİM 9 – Sənaye, innovasiya və infrastruktur, DİM 11 – Dayanıqlı şəhərlər və icmalar və DİM 13 – İqlim dəyişikliyinə qarşı mübarizə məqsədləri ilə sıx əlaqəli olan aktual ictimai səhiyyə məsələlərini əhatə edib.
Məruzədə atmosfer havasının çirklənməsinin Azərbaycanda uşaq əhalisinin sağlamlığına təsiri, urbanizasiya şəraitində ekoloji risklərin artması, eləcə də uşaqlar üçün sağlam, təhlükəsiz və əlverişli şəhər mühitinin formalaşdırılması məsələləri diqqətə çatdırılıb. Uşaqların sağlamlığı ilə hava çirklənməsi arasındakı əlaqələrin qiymətləndirilməsi, ekoloji risk amillərinin müəyyənləşdirilməsi və onların profilaktikasında müasir beynəlxalq yanaşmaların tətbiqi əsas elmi istiqamətlər kimi təqdim olunub.
Mövzunun müzakirəsi zamanı Ümumdünya Səhiyyə Təşkilatının ətraf mühit və sağlamlıq sahəsində tövsiyələrinin, UN-Habitat-ın «Uşaqlara dost şəhərlər» təşəbbüsünün prinsiplərinin və sağlam şəhər mühitinin yaradılmasına dair beynəlxalq təcrübənin əhəmiyyəti vurğulanıb.
Məruzənin elmi-praktik əhəmiyyəti atmosfer havasının keyfiyyətinin uşaqların sağlamlığına təsirinin kompleks qiymətləndirilməsi, ekoloji risklərin erkən müəyyənləşdirilməsi və uşaqların sağlamlığının qorunmasına yönəlmiş şəhərsalma və profilaktik səhiyyə tədbirlərinin inkişafı ilə bağlıdır. Bu baxımdan Azərbaycanda atmosfer havasının monitorinqinin təkmilləşdirilməsi, yaşayış və təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə ekoloji təhlükəsizliyin təmin olunması, uşaqların ekoloji risklərə məruzqalmasının azaldılması və sağlam şəhər mühitinin yaradılması mühüm istiqamətlər kimi qeyd edilib.
Beynəlxalq elmi tədbirlərdə iştirak DİM 17 – Məqsədlər üçün tərəfdaşlıq məqsədinə də töhfə verir. Bu iştirak ATU-nun uşaq və yeniyetmələrin sağlamlığı, təhsil mühitinin gigiyenası və profilaktik təbabət sahələrində beynəlxalq elmi əlaqələrinin genişləndirilməsi, elmi bilik və təcrübə mübadiləsinin inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.

