Çinli alimlər kosmik tullantıların yaratdığı təhlükəni azaltmaq üçün içərisi su ilə doldurulmuş, yumurta formalı alüminium elementlərdən ibarət yeni qoruyucu sipər hazırlayıblar.
Aztibb.az xəbər verir ki, "Journal of Applied Physics" jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, kompüter modelləşdirməsində bu konstruksiya yüksək sürətlə hərəkət edən cismin sürətini 64,9 faiz azaldıb. Ənənəvi düz alüminium lövhədə isə bu göstərici 51 faiz olub.
Hazırda kosmik aparatların qorunmasında istifadə olunan Uippl sipəri tullantıların ön lövhəyə çırpılaraq xırda hissələrə parçalanması prinsipinə əsaslanır. Lakin bu üsul daha iri qalıqlara qarşı kifayət qədər effektiv deyil.
Dalian Texnologiya Universitetindən Yuysin Vanın rəhbərlik etdiyi tədqiqat qrupu yeni konstruksiyada içi boş, su ilə doldurulmuş, təxminən 12 millimetr uzunluğunda alüminium elementlərdən istifadə edib. Alimlərin fikrincə, elementlərin xüsusi forması zərbə enerjisinin udulmasına və müxtəlif istiqamətlərə paylanmasına kömək edir.
Modelləşdirmə zamanı elementlərin dar ucları sipərin ön hissəsinə yönəldildikdə daha yaxşı nəticə əldə olunub. Bu quruluşda zərbə cisminin sürəti arxa tərəfdə saniyədə 2633 metrə düşüb. Adi alüminium lövhədən keçdikdə isə sürət saniyədə 3680 metr olub.
Alimlər bildirirlər ki, Yerə yaxın orbitdə 10 santimetrdən böyük təxminən 34 min kosmik tullantı parçası dövr edir. Daha kiçik fraqmentlərin sayı isə milyonlarla ölçülür və onlar peyklər, eləcə də digər kosmik aparatlarla toqquşma təhlükəsi yaradır.
Bununla belə, yeni sipərin effektivliyi hələ real yüksək sürətli zərbə sınaqları ilə təsdiqlənməyib. Tədqiqatçılar fiziki nümunələr hazırlasalar da, nəticələr əsasən kompüter modelləşdirməsinə əsaslanır. Texnologiyanın kosmik aparatlarda tətbiq imkanlarını müəyyənləşdirmək üçün əlavə sınaqlara ehtiyac var.

